Üç min illik həsrət (orijinalda ing. Three Thousand Years of Longing) — Corc Millerin rejissorluğu ilə 2022-ci ildə fentezi romantik dram janrında çəkilmiş və baş rollarını İdris Elba və Tilda Suintonun canlandırdığı bədii film. Filmin ssenarisi Corc Miller və Avqusta Qore tərəfindən yazıçı Antoniya Syüzen Bayettin 1994-cü ildə nəşr edilmiş "Bülbül gözündəki Cin" romanı əsasında yazılmışdır. Elba filmdə professor (Suinton) tərəfindən azas edilmiş cini canlandırır.
Üç min illik həsrət | |
---|---|
ing. Three Thousand Years of Longing | |
Janr | Epik film, romantik film[4], fantastika filmi[4], dram filmi[4], fentezi filmi[d], melodram[d] |
Rejissor | Corc Miller |
Prodüserlər |
Corc Miller Daq Mitçell |
Əsərin müəllifi | Antoniya Syüzen Bayettin "Bülbül gözündəki Cin" romanı əsasında |
Ssenari müəllifləri |
Corc Miller Avqusta Qore[1] |
Baş rollarda |
İdris Elba Tilda Suinton |
Operator | Con Sil |
Bəstəkar | Tom Holkenborq |
Montajçı | Marqaret Siksel |
İstehsalçılar |
FilmNation Entertainment Elevate Production Finance Sunac Culture Kennedy Miller Mitchell |
Distribütorlar |
Metro-Goldwyn-Mayer (United Artists Releasing vasitəsi ilə ABŞ-da) Roadshow Entertainment (Avstraliyada) |
İlk baxış tarixi |
20 may 2022 Kann kinofestivalı 26 avqust 2022 ABŞ 1 sentyabr 2022 Avstraliya 7 sentyabr 2022 Azərbaycan |
Müddət | 108 dəq.[2] |
Yaş həddi | +18 |
Büdcə | $60 milyon[3] |
Gəlir | $9 milyon |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
İl | 2022 |
Rəng | rəngli[5] |
IMDb | ID9198364 |
Filmin ilk nümayişi 20 may 2022-ci ildə Kann kinofestivalında baş tutmuş, 26 avqust 2022-ci ildə film ABŞ-da, 7 sentyabr 2022-ci ildə isə Azərbaycanda nümayişə başlamışdır.
Tarix və ədəbiyyat tədqiqatçısı Aliteya Binni narratologiya konferensiyasında iştirak etmək üçün İstanbula gəlir. O, bazarda şüşə butulka alır və qaldığı oteldə butulkanı açır. Bu zaman butulkanın içindən çıxan Cin, ondan üç arzu tutub özünü azad etməyi tələb edir. Çoxlu sayda bu cür hekayə bilən Aliteya Cinin təklifinə tərəddüdlə yanaşır, həmçinin heç nəyə ehtiyacı olmadığı üçün üç arzu fikirləşə bilmir. Cin üç dəfə həbs edilməsi haqqında hekayələr danışaraq onu arzu tutması üçün yola gətirməyə çalışır.
İlk dəfə Cin Solomona görə şüşəyə həbs edilir. Səba məlaikəsinin sevimlisi olan Cin, ona aşiq olur; lakin, Solomon məlaikəni özünə heyran edə bilir. Bundan xəbər tutan Cin tanrılara dua edir və bu dua Solomon tərəfindən eşidilir; o, Cini mis butulkaya həbs edir, butulkanı isə qartala verərək Qırmızı dənizə atmasını tapşırır. Cin Qırmızı dənizin dibində min il keçirir.
Bu hekayəyə cavab olaraq Aliteya deyir ki, bütün hekayələr nəsə arzulamaqla insanın həyatını yaxşıya doğru dəyişə bilməyəcəyini öyrədir; daha sonra soruşur, mümkündürmü ki, o, heç nə arzulamasın. Cavabında cin ona, mis butulkanın İstanbulda Gültən adlı saray qulunun əlinə keçməsi haqqında hekayəni danışır. Gültən Möhtəşəm Süleymanın oğlu şahzadə Mustafanın ona aşiq olması və şahzadədən hamilə qalmağı arzulayır. Saray çəkişmələri nəticəsində sultan Mustafanı da, Gültəni də öldürtdürür. Cinin butulkasını saray hamamında ağır döşəmə daşının altında gizlədən Gültən üçüncü arzusunu tutmadan öldüyünə görə Cin yenə həbsdə qalır.
Cin onillər boyunca saraydan kiminsə diqqətini cəlb etməyə çalışır, bir dəfə az qala sultan IV Muradın diqqətini cəlb edir, lakin sərxoş olan Murad tərk edilmiş köhnə saray hamamının qapısını aça bilmir. Sultanın qardaşı I İbrahim artıq çəkili xanımları sevir və onun saray xanımlarından biri köhnə hamamda duş almaq qərarına gəlir. Duşda ayağı sürüşüb yıxılan qadının çəkisi altında döşəmə daşı sınır. Cinin butulkasını tapan qadın arzulayaraq “dənizin dibinə get” deyir.
İkinci hekayəsini bitirdikdən sonra Cin, növbəti dəfə Aliteyadan arzu tutmasını xahiş edir. O, əvvəlcə dirənir və vəziyyətin düzgünlüyünə şübhə edir. Mübahisə başlayır və qadın istəmədən Cinin ən ağrılı xatirələrini canlandırır. İstəmədən də olsa, Cin, dahi qadın haqqında hekayəsinə başlayır.
Üçüncü dəfə Cinin butulkası İstanbulda yaşlı tacirin gənc arvadı Zefirin əlinə düşür. O, əvvəlcə dünyanın bütün biliklərinə sahib olmağı arzu edir, daha sonra isə ikinci arzu kimi Cindən xahiş edir ki, fiziki qanunları anlamaqda ona kömək etsin. Cin, Zefirə aşiq olur və qız hamilə qalır. Cin Zefirin üçüncü arzunu tutub tacirdən xilas olmaq istəyəcəyindən və beləcə onlar arasındakı bağın qırılacağından qorxur. Mübahisə zamanı Zefir qəzəblənərək “səni unutmaq istəyirəm” deyir və beləcə Cin, sonradan Aliteyanın bazarda aldığı şüşə butulkanın içində həbs olur.
Bütün danışılanları dinlədikdən sonra Aliteya gizli arzusunu qəbul edir. O, Cini və özünü əbədi və qarşılıqlı sevgi bağları ilə bir-birlərinə bağladıqdan sonra Cini özü ilə birlikdə Londona gətirir. Onlar bir müddət sevgi və harmoniya içərisində birlikdə yaşayır, bir-birlərini və ətrafı kəşf edirlər. Lakin, müasir dünyanın elektromaqnit dalğaları Cinin sağlamlığına zərər yetirməyə başlayır. Aliteya ikinci arzusunu Cinin sağlamlığını bərpa etmək üçün xərcləməli olur. Bundan sonra o, anlayır ki, birinci arzusu eqoist bir səhv idi və səmimi-qəlbdən üzr istəyərək, Cinin aid olduğu dünyaya qayıtmasını arzulayır. Sonuncu səhərlərini onlar bir-birlərinin ağuşunda keçirirlər.
Aliteya şəhərdə tək yaşamağa davam edir və kitab yazır. Cin müntəzəm olaraq onu ziyarət edərək bütün qalan həyatı boyunca sevgi və harmoniya ilə əhatə etməyə çalışır.
2018-ci ilin oktyabrında Corc Millerin növbəti ekran işinin nə olacağı ilə bağlı qərar verdiyi və "epik həcmli" filmin çəkilişlərinə 2019-cu ildə başlanacağı ilə bağlı xəbər verilir.[6] Həmin ayda da filmin aktyor heyətinə İdris Elba və Tilda Suintonun daxil olacağı qeyd olunur.[7] Daha sonra filmin ssenarisinin Antoniya Syüzen Bayettin 1994-cü ildə nəşr edilmiş "Bülbül gözündəki Cin" romanına əsaslanacağı bildirilmişdir.[8]
2019-cu ildə müsahibə zamanı Miller deyir ki, filmin pre-prodakşn işlərinə 2019-cu ilin sonlarında, 2 mart 2020-ci ildə isə çəkilişlərə başlanacaq, çəkilişlər isə Avstraliya, Türkiyə və Birləşmiş Krallıqda baş tutacaq.[9][10][11] Lakin, sonrada COVID-19 pandemiyasına görə filmin çəkilişləri təxirə salındı[12] və 2020-ci ilin noyabrında Avstraliyada başladı.[13]
2020-ci ilin mayında Metro-Goldwyn-Mayer şirkəti (United Artists Releasing vasitəsi ilə) filmin Şimali Amerikada, Metropolitan Filmexport və Sunac Culture isə Fransa və Çində yayım haqqlarını əldə edir.[14][15] Filmin Avstraliyada yayım haqqları Roadshow Entertainment şirkəti[16], Birləşmiş Krallıqda yayım haqqları isə Entertainment Film Distributors şirkəti tərəfindən əldə olunmuşdur.[17]
Filmin premyerası 20 may 2022-ci ildə Kann kinofestivalında baş tutmuş və o, altı dəqiqə davam edən alqışlarla qarşılanmışdır.[15][18] Premyera zamanı rus əsgərləri tərəfindən Ukraynada törədilən cinsi təcavüzə qarşı çıxış edən aktivist səhnəyə çıxaraq tamamilə çılpaq soyunmuş, daha sonra Kann təhlükəsizlik xidmətinin nümayəndələri tərəfindən səhnədən uzaqlaşdırılmışdır.[19] Həmin gün filmin ilk treyleri təqdim edilmişdir.[20]
Filmin ABŞ-da ilk çıxış tarixi 31 avqust 2022-ci il kimi planlaşdırılsa da, sonradan tarix 26 avqusta keçirilmişdir.[21] Avstraliyada isə film, 1 sentyabr 2022-ci ildə yayıma girmişdir.
1 noyabr 2022-ci ildə film, MGM və Warner Bros. Home Entertainment tərəfindən VOD formatda, 15 noyabr 2022-ci ildə isə Blu-ray, DVD və 4KUHD formatlarında satışa çıxarılmışdır.[22]