Ümbülbanu Rəsulzadə

Ümbülbanu Rəsulzadə (1888, Rusiya imperiyası1940, Qazaxıstan SSR) — Azərbaycanın birinci xanımı, Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı.

Ümbülbanu Rəsulzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Taldı-Kurqan, Qazaxıstan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Atası Əbdüləziz Rəsulzadə
Həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadə
Uşaqları Lətifə
Xalidə
Rəsul
Azər
Dini İslam

1908-ci il 31 yanvarda Məhəmməd Əmin Rəsulzadə ilə ailə qurub. Ümbülbanu xanım həm də onun əmisi qızı idi. Övladları:

  • Qızı Lətifə — 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını "Müsavat" Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana –Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.[1]
  • Qızı Xalidə — Kiçik qızı Xalidə 1916-cı ildə anadan olub. Anasının ölümündən sonra Qazaxıstanda – Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.[1]
  • Oğlu Rəsul – Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib.[1]
  • Oğlu Azər – Azər Məhəmməd Əmin Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. Məhəmməd Əmin Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda – Karaqandada dünyasını dəyişib və gətirilb Novxanı qəbirstanlığında dəfn edilib.[1]

Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib.[2]

1937-ci ildə, Böyük Təmizlik zamanı NKVD Ümbülbanu xanımı, Məhəmməd Əminin anası Maral xanımı, qızı Xalidə və oğlu Azəri sürgün edib.[2][3] 1937-ci ildə istintaq zamanı onun mübarizliyi erməni zabitlərini belə, heyrətə gətirir. İstintaq materiallarından:

– Deyin görək həyat yoldaşınız Məhəmməd Əmin Rəsulzadə hazırda harada yaşayır?
– Həyat yoldaşım Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildən xaricdə, Türkiyənin İstanbul şəhərində yaşayır.
– Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa necə?
– 1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 dollar məbləğində göndərilən pul kağızı aldım. Bundan sonra heç bir yazışmamız olmadı.
– Nəyə görə ərinizlə yazışmağa son qoydunuz?

– Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq…[4]

Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşıblar.[2] Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1940-cı ildə dünyasını dəyişib.[2]

Rəssam Rais Rəsulzadənin nənəsidir.

  1. 1 2 3 4 "Arxivlənmiş surət" (PDF). 2016-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-09.
  2. 1 2 3 4 "Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi…". 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-20.
  3. "Məhəmməd Əmin Rəsulzadə-NİN BAKIDAKI EVİ ƏRƏBLƏRƏ VERİLİB". 2014-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-20.
  4. Nəsiman Yaqublu: "Məhəmməd Əmin Rəsulzadə", Bakı, Gənclik, 1991