İkinci Ümumqırğız Qurultayı və ya İkinci Ümumqazax Qurultayı("İkinci Ümumqazax Qurultayı" adı 1936-cı ildən sonra, qazax etnosunun müəyyənləşməsindən sonra istifadə olunmağa başladı, qaz. Екінші жалпықазақ съезі) — 5 (18) dekabr — 13 (26) dekabr 1917-ci ildə Rusiya imperiyasının Orenburq şəhərində türk xalqlarının (əsasən Mərkəzi Asiya) keçirdikləri qurultay. Qurultayda 1917-ci il inqilabından sonra Türkistanda yaşayan xalqların neçə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri müzakirə edilmişdir. Qurultayın nəticələrinə görə bir neçə mühüm qərarlar qəbul edilmişdir. Onlrdan ən əsası Alaş muxtariyyətinin yaradılması olmuşdur.[1] Qurultay iştirakçılarının çoxu represiyaya məruz qalmışdılar.
İkinci Ümumqırğız Qurultayı | |
---|---|
İkinci Ümumqazax Qurultayı qaz. Екінші жалпықазақ съезі | |
Keçirilmə tarixi | 5 (18) dekabr — 13 (26) dekabr 1917-ci il |
Keçirildiyi yer | Orenburq, Rusiya |
İştirakçılar | Rusiya imperiyasında yaşayan türk xalqları nümayəndələri |
Müzakirə edilən məsələlər | Türkistanda yaşayan xalqların neçə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri müzakirə edilmişdir |
Nəticələr | Alaş muxtariyyətinin elan edilməsi |
Rusiyada 1917-ci il Bolşevik çevrilişindən sonra siyasi vəziyyət gərginləşmişdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Belə vəziyyətdə Rusiya imperiyasına daxil olan türk xalqları mövcud siyasi vəziyyəti müzakirə etmək üçün ümümtürk qurultayı keçirməyi qərara aldılar. Quriltayda iştirak etmək üçün bütün Türkistanda yaşayan xalqların nümayəndələrinə dəvət göndərildi. Həmin dövrdə Türkistanın bütün şimal torpaqlarında yaşayan türklərə qırğız deyildiyindən, yığıncaq Ümumqırğız Qırğız Qurultayı adlandırılmışdı. Bundan əvvəl isə 1917-ci il fevral inqilabından sonra 21–28 iyulda Orenburqda Birinci Ümumqırğız Qurultayı baş tutduğundan, bu tədbirdə İkinci Ümumqırğız Qurultayı adını aldı.
Qurultayın əsas məqsədi Türkistanda olan xalqların neçə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəklərini müzakirə etmək idi. Qurultayın nəticələrinə görə bir neçə mühüm qərarlar qəbul edildi.[2]
Qurultaydan əvvəl Türkistanı təmsil edəcək tərəflər arasında ciddi fikir ayrılığı yox idi. Lakin qurultayın gedişində müəyyən sol yönümlü partiyalar fərqli mövqe nümayış etdirməyə başladılar. Lakin bu da Qurultayın əsas məqsədlərinə və nəticəsinə təsir edə bilmədi.
Qurultayın işində Türkistanın müxtəlif bölgələrindən 200-dən çox nümayəndə iştirak edirdi. Tədbirə "Sarıarka", "Uran", "Birlik tuy" (بىرلىك تۋى, "Birlik bayrağı"), "Tirşilik" qəzetlərinin və müxtəlif təşkilatların nümayəndələri gəlmişdirlər. B. Kulmanov (sədr), Əlxan Bökeyxan, Xəlil Dusmuhəmmədov, A. Kenesarin, T. Karaşev qurultayın rəyasət heyətinə seçildilər. Qurultayda mühüm qərarlar Alaş muxtariyyətinin, Alaşorda Xalq Şurasının, yerli uyezd məclislərinin yaradılması haqqında verildi. Aqrar, qida məsələləri, təhsil, mədəniyyət, din vəzifələri nəzərdən keçirildi. J. Akbayev xalq milis (könüllü) dəstələrinin yaradılması təklifini irəli sürdü. Sırdərya bölgəsindəki qazaxların (Türkistan muxtariyyətinə qoşulma məsələlərinə dair) qurultayının keçirilməsi və buna B. Kulmanov, T. Kunanbayev, M. Dulatovun nümayəndə kimi göndərilməsinə qərar verildi. Qurultayın əsas siyasi vəzifəsi Qazaxıstan ərazisində Alaş Muxtariyyətinin, milli silahlı birləşmələrin (26,5 min nəfər) bolşeviklərə qarşı mübarizə aparmaq və onları antisovet siyasi qüvvələrlə birləşdirmək idi.
Qazaxlar arasında, Alaş Orda partiyasının yeganə siyasi rəqibi, hədəfləri olduqca qəribə olsa da, Alaş partiyasının hədəflərindən çox da fərqlənməyən, lakin qısa müddətdə bolşeviklərin müttəfiqlərindən birinə çevrilən və 1917-ci ilin dekabrında təsis məclisinə namizədliyini irəli sürən "Uç Jüz" partiyası idi. Bu namizədlərdən biri də Saken Seyfullin idi. Sarı-Arka qəzeti bu seçkilərin nəticələrini dərc etdi. Petropavlovsk uyezdində Alaşa 26.814 səs verildi, "Uç Juz" yalnız 36 səs aldı. Semipalatinsk bölgəsində Alaş 58.300, "Üç Juz" — yalnız 1, Omsk uyezdində də nəticələr oxşar idi — Alaşa 16.200 və 300 səs — "Üç Juz" üçün verilmişdi. Seçkilərin uğursuzluğundan sonra "Üç Juz" partiyası bolşevik proqramını qəbul etdiyini elan etdi. O, qazaxları Alaşın muxtariyyət tələbini rədd etməyə, gəncləri Alaşın yaratdığı milislərə verməməyə, onlara bir qəpik pul ianə etməməyə çağırdı.
Belə şaraitdə və 1917-ci il Oktyabr inqilabından sonra mövcud olan vəziyyətə dair fəaliyyət proqramı hazırlamaq üçün, II Ümumqazax Qurultayı keçirmək qərarı alındı. 1917-ci il dekabrın 5–13-də Orenburq şəhərində keçirilən II Ümumqazax Qurultayında qazaxların neçə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri geniş müzakirə olundu. Türkistanın hər yerindən nümayəndə heyəti onun işində iştirak etdi. Qurultaya Bukey quberniyası (keçmiş Bökey Ordası), Ural, Turqay, Akmola, Semipalatinsk, Yeddisu, Sırdərya, Fərqana, Səmərqənd, Zakaspiysk vilayətlərindən, Altay quberniyasından və Amudarya torpaqlarından və qırğız mahallarından nümayəndələr qatılmışdılar. Dəvət olunanlar arasında yeni yaradılan Türkistan muxtariyyətinin baş naziri Mustafa Çokay da var idi. Qurultay Əlixan Bökeyxan, Əhməd Baytursunov, Miryaqub Dulatov, habelə İ. Omarov, S. Kadırbayev, S. Dosşanov tərəfindən təşkil edilmişdi. B. Kulmanov qurultayn sədri seçilmişdi.
Qurultayın açılışında, nümayəndə heyətləri, əsasən Türkistanın cənubunun aclıq içində olduğunu söyləyərək açıqlamalar verdilər. Onlar insanların çaşqınlıq içində olduğunu, yerli hakimiyyət orqanlarının nizam-intizamı bərpa edə bilmədiyini bildirdilər. Bu xaişləri qətnamənin birinci bəndi olaraq müzakirə edən qurultay, "xalqı partiya mübarizəsinə son qoymağa və birləşməyə" çağırdı.
Qurultayın gündəmində əsas məsələlər aşağıdakılar idi:
Qurultayda əsas məsələ muxtariyyətin yaradılması idi. Əlixan Bökeyxan muxtariyyət haqqında məruzə etdi. Onun məruzəsi və Qazaxıstan muxtariyyəti məsələsi xüsusi komissiyaya təqdim edildi. Komissiya adından X. Qabasov çıxış etdi. Hesabatı müzakirə etdikdən sonra, faktı nəzərə alaraq:
... oktyabr ayının sonunda Müvəqqəti Hökumət süquta uğradı, Rusiya Respublikası etimad və mənəvi nüfuza sahib olan gücünü itirdi, ölkədə heç bir güc olmadığı üçün vətəndaş müharibəsi baş verə bilər, anarxiya dalğası bundan yaranır. Əyalət daxilində şəhər və kəndlərdə anarxiya hər gün böyüyür. Bu çətin vəziyyətdən yeganə çıxış yolu Qırğızıstan bölgələrinin bütün əhalisi tərəfindən tanınacaq möhkəm bir hökumət təşkil etməkdir. |
Qurultay yekdilliklə Qırğızıstan bölgələrinin Muxtariyyətinin qurulmasına və ona "Alaş" adı verilməsinə qərar verdi.[3]. Ardınca çoxluğun səsverməsi ilə Alaş Orda Muxtariyyatının qurulduğu elan edildi. 25 üzvdən ibarət müvəqqəti bir xalq məclisi quruldu, onlardan 10 yeri ruslara və bölgənin digər xalqlarının nümayəndələrinə verildi.'[4]. Daha sonra Alaş-Kala adlandırılan Semipalatinsk, paytaxt seçildi.[5]
Yeni qurulan hökumətin rəhbərliyinə Əlixan Bökeyxan seçildi. Qurultay Sovet hakimiyyətini tanımamağa qərar verdi. Qırmızı Ordunun Qırğızların ərazisinə girməsi vəziyyətində onu dəf etmək üçün öz milli ordusunu yaratmağa qərar verildi. Əlixan Bökeyxan və onunla həmfikir olanlar Başqırt-Tatar və Kokand Muxtariyyatı ilə birliktə hərəkət etməyi qəbul etmədi. Lakin yeni qurulan hökumətin yetərincə kadrı, ordusu olmadığından qazaxların yaşadığı böyük bir ərazini yeni qaydalarla idarəetmək mümkün olmur. Təsis məclisinin çağırılmasından və Rusiyada dünya dövlətləri tərəfindən tanınmış hökumətin qurulmasından əvvəl "Alaş-Orda" Ümumqırğız Müvəqqəti Xalq Şurası vasitəsilə qırğızların muxtar özünüidarəetməsinin dərhal həyata keçirilməsinə başlamaq təklif edildi.[6].