İlham Bəşir oğlu Əhmədov — ADPU-nun “Kompüter Mərkəzi”nin direktoru (2007-2015), Biznes Məktəbinin aparıcı müəllimi. Respublika TN-in təsis etdiyi “Azərbaycan məktəbi” jurnalı və ADPU-nun təsis etdiyi “Təhsildə İKT” jurnalının redaksiya şurasının üzvüdür. [2]. 2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktorudur. [3]
İlham Əhmədov | |
---|---|
İlham Bəşir oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Elmi dərəcəsi | Pedoqoji elmləri üzrə Fəlsəfə Doktoru |
Elmi adı | Dosent |
İş yeri | UNEC Biznes Məktəbi |
Təhsili | Ali |
Mühüm layihələri | Təhsil Nazirliyi və Dünya Bankının “Fasiləsiz Müəllim Hazırlığı Konsepsiya və Strategiyası” layihəsinin “Müəllim hazırlığında Distant Təhsil” blokunun müəllifi |
Mükafatları | Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir (2011). [1] |
İlham Bəşir oğlu Əhmədov 1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası, dr.professor Bəşir Əhmədov respublikanın görkəmli pedaqoqu, pedaqogika və Azərbaycan dilinin tədrisi metodikası üzrə tanınmış alimi olmuşdur.
1973- cü ildə Abşeron rayonu Xırdalan qəsəbə 2-li məktəbini bitirib. 1977-ci ildə ADPU-nun riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1986- ci ildə ADPU-nun əyani aspiranturasını müvəffəqiyyətlə bitirmiş, həmən il Kiyev şəhərində namizədlik dissertasiyası müdafiə edərək (13.00.02. – riyaziyyatın tədrisi metodikası ixtisası üzrə) pedaqoji elmləri namizədi adını alıb.
1977-1978-ci tədris ilində Abşeron rayonu Xırdalan qəsəbəsi 2 saylı orta məktəbdə riyaziyyat müəllimi, 1978-1981-ci illərdə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi, 1981-ci ildə V. İ. Lenin adına APİ-də (indiki ADPU) “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya qəbul olunub. 1982-1983-cü illərdə hərbi xidmətdə olmuşdur.
İlham Bəşir oğlu Əhmədov 1986-1998-ci illərdə ADPU-da “Riyaziyyatın tədrisi metodikası” kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent işləmişdir. 1998-2007-ci illərdə ADPU-da “Hesablama riyaziyyatı və İnformatika” kafedrasında dosent, 2005- ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə Layihəsində “Distant təhsil” üzrə milli məsləhətçi, 2007-2015-ci illərdə ADPU-nun “Kompüter Mərkəzi”nin direktoru, 2015-ci ildən ADPU “ İKT, Monitorinq və Qiymətlənduirmə Mərkəzi”nin direktoru, 2016-2017-cı illərdə ADPU “ İKT Mərkəzi”nin direktoru olmuşdur.
2017-cı ildən ADPU “Kompüter elmləri” kafedrasında dosentdir. 2023-cü ildən həm də UNEC Biznes Məktəbində “Ali təhsilin idarəedilməsi” ixtisası üzrə MBA proqramında dərs deyir.
İlham Əhmədov Respublikada və xaricdə (Türkiyə və MDB-də) 150-dən çox elmi-metodik məqaləsi dərc olunmuşdur. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxıstan, Moldova, Gürcüstan və Özbəkistanda beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, 2010-2017- cü illərdə, müxtəlif vaxtlarda, TC Anadolu Universitetinin, RF “Müasir Humanitar Akademiya” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümünün Azərbaycan Proqramlarında elmi məsləhətçi olmuşdur. [4]
2011-ci ildə Təhsilin İnkişafı Beynəlxalq Fondun xətti ilə Qazaxıstan Respublikası Pavlodar Dövlət Universitetində professor-müəllim heyəti və magistrlər üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Smart təhsil”, “Universitetlərin strateji idarəedilməsi” v.s.) dair silsilə mühazirələr oxumuşdur. 2010-2013-cü illərdə YUNESCO-nun “Təhsildə İKT” İnstitutunun (Moskva ş.) Azərbaycan üzrə milli eksperti kimi fəaliyyət göstərmiş, bu İnstitutun təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva ş. və Sankt-Peterburq ş.) təhsilin informatlaşması məsələlərinə dair məruzələr etmişdir.
2007-2008-ci illərdə ADPU-da pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, şuranın elmi katibi olmuşdur. 5 nəfər doktorantın elmi rəhbəridir. 30-dan artıq sosial, təhsil və İKT yönümlü (o cümlədən, ADPU-nun universitetdaxili) layihələrdə menecer, məsləhətçi, ekspert olmuşdur (bəzi layihələrin adı aşağıda qeyd edilib). Ölkə daxilində və xaricdə 150-dən çox elmi-metodik məqaləsi nəşr edilib. Təhsilin aktual problemlərinə dair KİV-lərdə yüzlərlə məqaləsi dərc edilmişdir.
Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.