İlhan Koman (türk. İlhan Koman; 17 iyun 1921[1], Ədirnə[4] – 30 dekabr 1986[2], Stokholm) — Türk heykəltaraşı.
İlhan Koman | |
---|---|
türk. İlhan Koman | |
Doğum tarixi | 17 iyun 1921[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1986[2] (65 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Türkiyə |
Həyat yoldaşı | Melda Kaptana[3] |
Uşağı | Əhməd Koman |
Fəaliyyəti | heykəltaraş |
Təhsili | |
Janr | heykəltaraş |
Tanınmış işi | |
Mükafatları |
Anıtqəbir Heykəl Yarışması birincilik mükafatı (1952) Ankara Dövlət Sərgisi ikincilik mükafatı (1954) Ankara Dövlət Sərgisi birincilik mükafatı (1955) |
koman.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1951-1958-ci illərdə Memar Sinan İncəsənət Universitetində çalışdıqdan sonra 1959-cu ildə İsveçə köçən və burada Hulda adlı gəmisində yaşayan rəssam, elm və sənəti bir araya gətirən əsərləri ilə sənət aləmində özünəməxsus yer tutub. Buna görə də ona Türkiyənin Leonardo Da Vinçisi adını veriblər. Onun obrazlı abstraksiya sahəsində ən məşhur və ən çox danışılan əsəri Ağdəniz heykəlidir.
İlhan Koman 1921-ci il iyunun 17-də Ədirnədə anadan olub. Atası həkim və əkinçiliklə məşğul olan Fuat bəy, anası isə Sevinc Ləman xanımdır. Onun ata tərəfi Mohaç döyüşündən sonra Konyadan köçürülərək Balkanlarda məskunlaşmış türklərdən idi. Ailəsi 1880-ci illərdə Yuqoslaviyadan Ədirnəyə köçüb.[5] Ana tərəfdən babası II Mehmed Şərəf Aykut bəy, II Əbdülhəmid dövrü inqilabçılarından və Trakya Paşaeli Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından biri olub.[5]
Konanın uşaqlığı Ədirnənin Qalaiçi rayonunda keçib. Ədirnə liseyini bitirdikdən sonra 1941-ci ildə İstanbul Memar Sinan İncəsənət Universitetinin Rəssamlıq fakültəsinə daxil olub. Müəllimlərinin məsləhəti ilə bir il sonra fakültəsinin dəyişərək, heykəltaraşlıq fakültəsinə keçdi və 1945-ci ildə Rudolf Bellinqin tələbəsi olaraq Universiteti bitirdi.
1947-ci ildə İlhan Koman Milli Təhsil Nazirliyi tərəfindən Nəşət Günal, Rəfiq Ərən və Sədi Özişlə birlikdə dövlət təqaüdü ilə Parisə göndərildi. 1947-1950-ci illərdə Fransada Academie Julian və l'Ecole du Louvre-da (Jülian Akademiyası) fəaliyyət göstərən Koman, Luvr muzeyində çalışdığı müddətdə Mesopotamiya və Misir incəsənətindən xüsusilə təsirlənir. Parisdə çalışdığı illərdə özünü çağdaş cərəyanlara yaxın hiss edən rəssam 1948-ci ildə Parisdə ilk sərgisini açdı. 1951-ci ildə Türkiyəyə qayıtmazdan əvvəl, burada Melda Kaptana ilə ailə həyatı qurur və bu evlilikdən onların bir oğlu dünyaya gəlir.
Vətənə qayıtdıqdan sonra Memar Sinan İncəsənət Universitetində çalışmağa baışayan Koman 1958-ci ilə qədər burada çalışdı. 1952-ci ildə Anıtqəbir Heykəl müsabiqəsində Sakarya döyüşü motivli relyef kompozisiyası ilə birincilik qazandı.[6] 1952-1954-cü illər arasında bu layihə çərçivəsində ərsəyə gətirdiyi "Sakarya döyüşü" ilə bağlı relyef çalışmalarında Parisdə görüb, təsirləndiyi Mesopotamiya və Misirə məxsus relyeflərin də izləri var.
1953-cü ildə akademiyanın tərkibində yaradılmış metal emalatxanasında Sədi Öziş, Əli Hadi Bara, Şadi Çalıq və Zühtü Müridoğlu ilə birgə işləməyə başladı. O dövrdə iş adamı Mazhar Süleymangilin qoyduğu sərmayə ilə Şadi Çalıq və Sədi Öziş ilə birlikdə “Karemetal” adlı mebel emalatxanasını quraraq, müasir dizaynda mebellər dizayn etməyə başladı.[7] Fransız Grup Espas-dan ilhamlanaraq 1955-ci ildə Əli Hadi Bara, Sədi Öziş və memar Tarıq Carım ilə birlikdə Türk Grup Espas cəmiyyətini təsis etdi.[8]
İlhan komanın əsərləri 1954-cü ildə Ankara Dövlət Sərgisində ikinci, 1955-ci ildə isə birinci yer mükafatı laureatı olub. 1958-ci ildə Brüsseldə keçirilən beynəlxalq sərgidə Türkiyə pavilyonunun tikintisini öz üzərinə götürüb. Altı ay davam edən iş prosesi zamanı tanış olduğu memar Ralf Erskinin dəvəti ilə İsveçə getdi. İlk həyat yoldaşı və Memar Sinan İncəsənət Universitetindəki işindən ayrılan rəssam 1959-cu ildə İsveçdə məskunlaşdı. 1965-ci ildə aldığı Hulda adlı iki dirəkli yelkənli gəmisindən 1986-cı ildə ölənə qədər həm evi, həm də emalatxanası kimi istifadə edib.[9]
1967-ci ildə Stokholm Tətbiqi Sənətlər məktəbinə müəllim kimi qəbul olunan İlhan Komanın bu dövrdə yeni həndəsi törəmələr, yel dəyirmanları kimi elmi kəşflər qeydə alınıb. 1969-cu ildə İsveçin Sundsvall şəhərində bir ərazinin təşkili müsabiqəsində birinci yer mükafatı, 1970-ci ildə isə Erebru şəhər meriyasının önünə qoyulacaq heykəlin hazırlanması üçün təşkil edilən müsabiqədə də birinci yer mükafatı laureatı oldu.
1986-cı ildə 65 yaşında İsveçin Stokholm şəhərində vəfat edən İlhan Koman vəsiyyətinə uyğun olaraq cəsədi yandırılaraq, külü Baltik dənizinə atıldı.[10]
Komanın heykəllərinə əsasən Stokholmda olmaqla İsveçin 20 şəhərinin küçə və meydanlarında rast gəlmək olar. Stokholmdakı Memarlıq məktəbinin qarşısındakı "Leonardoya salam" heykəli rəssamın ən çox bəyənilən əsərlərindən biridir. Yapı Kredi Mədəniyyət və İncəsənət binasının qarşısında yerləşən Ağdəniz heykəli rəssamın Türkiyədəki ən məşhur əsərlərindən biridir.[11]