İlkin Bəkir oğlu Rüstəmzadə[1] (2 avqust 1992, Gəncə) — Azərbaycan ictimai-siyasi fəalı,[2] yazıçısı, keçmiş siyasi məhbusu. O, 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Rüstəmzadə bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi və vicdan məhbusu" kimi tanınmışdır.[3]
İlkin Rüstəmzadə | |
---|---|
| |
Doğum tarixi | 2 avqust 1992 (31 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, siyasi fəal[d], siyasi məhbus |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | memuar, povest |
İlk əsəri | "Qaranlığın hekayəsi" (2021) |
Üzvlüyü | "NİDA" Vətəndaş Hərəkatı (2020-ci ilə qədər) |
Vikianbarda əlaqəli mediafayllar |
İlkin Rüstəmzadə 2 avqust 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinin "Menecment" ixtisasına daxil olmuşdur, lakin 2013-cü ildə həbs olunması səbəbiylə[4] bu universiteti yalnız azadlığa çıxdıqdan və universitetə bərpa olunduqdan sonra, 2019-cu ildə məzun olmuşdur.[5]
İlkin Rüstəmzadə 2020-ci ilə qədər[6] "NİDA" Vətəndaş Hərəkatının üzvü olmuşdur.[7] İlkin Rüstəmzadə 2013-cü ildə 13 yanvar tarixində keçirilən "Əsgər ölümlərinə son"[3] və 26 yanvarda keçirilən "İsmayıllı və Binəyə dəstək" aksiyalarının təşkilatçısı olmuşdur. O, 10 mart 2013-cü il tarixində keçirilən növbəti "Əsgər ölümlərinə son" aksiyasından bir gün əvvəl saxlanılaraq inzibati qaydada həbs olunmuşdur. Həmin aksiya ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin başlatdığı cinayət işində digər 7 "NİDA" üzvü ilə birlikdə təqsirləndirilib və 17 may 2013-cü ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən həbs olunmuşdur.[4] 2014-cü ilin may ayının 6-da NİDA Hərəkatının digər üzvləri ilə birlikdə təqsirləndirildiyi məhkəmə tərəfindən 8 illik azadlıqdan məhrum olunmuşdur.[8]
İlkin Rüstəmzadə "Amnesty International" tərəfindən "vicdan məhbusu" adlandırılmışdır.[9] 7 mart 2019-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi Rüstəmzadənin həbsinin qanunsuz olması barədə qərar vermişdir.[10] Mart ayının 17-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamıyla azadlığa çıxmışdır.[11][12]
Azadlığa çıxdıqdan sonra "NİDA" Vətəndaş Hərəkatının 2019-cu il seçkilərində İdarə Heyəti üzvü seçilmiş,[13] 2020-ci ildə keçirilən parlament seçkilərində "Hərəkət" Seçki Blokunun təsisçilərindın biri olmuş,[14] 24 saylı Nizami birinci seçki dairəsindən parlamentə namizədliyini irəli sürmüşdür.[15] Buna baxmayaraq, Cinayət Məcəlləsinə əsasən ağır cinayətdə təqsirləndirildiyi və azadlığa çıxmasından 3 il keçməməsi səbəbindən məhkumluğunun qalması səbəb gətirilərək namizədliyi rədd edilmişdir. Mərkəzi Seçki Komissiyası və müxtəlif yerli məhkəmə instansiyaları qərarı qüvvədə saxlamışdır.[15]
2021-2023-cü illər arasında çap olunan 4 kitabın müəllifidir: "Qaranlığın hekayəsi", "Quberniya", "Yoldaş" və "Bahar mehi".
"Qaranlığın hekayəsi" 2021-ci ilin nəticələrinə əsasən ölkədə ən çox satılan kitab olmuşdur. İngilis, fransız və holland dillərinə diplomatik sənəd olaraq tərcümə olunmuşdur. 2022-ci ilin avqust ayında ABŞ-nin Pensilvaniya ştatında yerləşən "Fulton Books" nəşriyyatı tərəfindən ingiliscə çap olunmuşdur.[16]
İlkin Rüstəmzadə "Yoldaş" memuarında Bayram Məmmədov ilə birlikdə olduqları dövrdən, elmi-siyasi-fəlsəfi mübahisələrindən və Məmmədovun İstanbulda ölümündən yazmışdır.[17]
"Bahar mehi" kitabında Cənubi Azərbaycan və İran tarixinin hekayələrindən bəhs olunur. Real hadisələr əsasında yazılmış əsərdə bir-birini izləyən hadisələr, müxtəlif insan taleləri, tarixi faktlar geniş panoramada təsvir olunmuşdur.[18]