Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İmamverdi Cabbar oğlu Nəhmədov — ictimai fəal, riyaziyyatçı 1938-ci ilin 5 martında Hacıqabul şəhərində anadan olmuşdur. Əslən Hacıqabul şəhərinin Navahı kəndindəndir. Orta məktəbi qızıl medalla bitirərək riyaziyyat-fizika ixtisası üzrə ali təhsil almışdır.
Uzun müddət orta məktəbdə və müəyyən dövrdə Əli Bayramlı pedaqoji məktəbində riyaziyyat fəninini tədris edən İ. Nəhmədov yaxşı müəllim kimi şəhər ictimaiyətinin böyük hörmətini qazanmışdır. Onun dərs dediyi şagirdlərin əksəriyyəti riyaziyyatla bağlı ali məkbətə qəbul olmuş və hazırda onların içərisində alim kimi ali məktəblərdə işləyənlər də vardır ki, onlar müntəzəm olaraq öz müəllimləri ilə əlaqə saxlayırlar.
Sonradan İ. Nəhmədov məktəb direktoru təyin edilmiş və 13 il məktəb direktoru işləmişdir. Bu müddətdə onun rəhbərlik etdiyi məktəb məktəblər arasında nümunəviliyi ilə seçilmişdir.
1990-cı ildə Hacıqabul rayon statusu alarkən o, Şəhər Soveti İcraiyyə Komitəsinin sədri ve rayon partiya komitəsinin büro üzvü seçilmişdir.
Sonradan rayon icra hakimiyyetine işə dəvət olunmuş və orada ümumi şöbənin, humanitar şöbənin ve hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Növbəti illərdə rayon icra hakimiyyətində icra hakimiyyəti başçısının köməkçisi vəzifəsində işləmişdir.
İ.Nəhmədov məktəb illərindən başlayaraq ta ömrünün son illərinə kimi fəal ictimaiyyətçi kimi tanınmışdır. O, 30 il ardıcıl olaraq şəhər sovetinin deputati seçilmiş və icraiyyə komitəsinin üzvü olmuşdur. Onun fəaliyyəti defələrlə fəxri fərmanlarla qeyd edilmiş və SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin fermani ilə "Əmək igidliyinə görə" medali ilə təltif edilmişdir.
İ. Nəhmədov riyaziyyatçı olmasına baxmayaraq hələ orta məktəb illərindən ədəbi-bədii yaradıcılıqla da məşğul olmuşdur. Orta məktəbdə keçirilən şeir müsabiqəsində onun yazdığı "Təbrizim" adlı şeiri birinci yer tutmuşdur. Təəssüf ki, İ. Nəhmədov yazdığı şeirləri mətbuatda çıxarmır, təvazökarlıq edərək sandıq ədəbiyyatına çevirirdi. O, özünü adi havaskar hesab edir.
Onun sayısız-hesabsız şeirləri vardır ki, bunlar da əsasən məhəbbət mövzusundadır. Onda məhəbbətə hədsiz aludəçilik olmaqla yanaşı, xəyanətə, vefasızlığa qarşı sonsuz nifrət də vardır.
O, "Yaşamaq üçün bir az məhəbbət istəyirəm səndən", "Özüm gözə gəlmişdim, eşqim də gözə gəldi", "Qaytar məhəbbətimi" dəməklə yanaşı, "Günahkarı bağışlamaq, özü günahdır", "Nifrət edirəm mən məhəbbətə" deməyi də dilə gətirir. Onun yazdıqlarının hamısı ürəkdən gələn hisslərdir. O, heç bir şablona yer vermədən ürəyinə gələnləri olduğu kimi kəğıza köçürür. Şeirlərinin bəzilərini "Sükuti" təxəllüsü ilə yazırdı.
İ. Nəhmədovun şeirlərində həyat fəlsəfəsi də geniş yer tutur. "Həyat nədir?" şeirində "Həyat sənə arxa durub, sağ cinahdan qoruyar, bir də gördün sol cinahdan sənə zərbələr vurar" deməklə də Nizaminin "Dünyanın ən ağır cinayəti odur ki, səadəti talant yox, talə baxış edir" fəlsəfəsinə əsaslanır.
Onun "Vican azabı", "Etiraf" adlı pyesləri və bir pərdəlik səhnə əsərləri də vardır ki, bunlar da vaxtilə xalq teatrının səhnəsində oynanmışdır. Maraqlıdır ki, öz pyeslərinin musiqisini də müəllif özü bestələmişdir. Bundan başqa o, xalq teatrının səhnəsində tamasaya qoyulan bir neçə əsərə, o cümlədən S. Vurğunun eyni adlı poeması əsasında İ. Çoşğunun yazdığı "Komsomol poemasının" musiqisini özü bestələmiş və əsər böyük müvəffəqiyyətlə tamasaya qoyulmuşdur. Yeri gəlmişkən, onda musiqi duyumu böyük təsəkkül tapmışdır. Onun hələ 1966-cı ildə "Neftçi" komandası birinci medal qazanarkən "Futbol" mahnısını bestələləmişdir. "Futbol" mahnısının ilk ifaçısı respublikanın xalq artisti Zaur Rzayev olmuşdur. Onu da qeyd etməliyik ki, Zaur Rzayevin inkişafında İ. Nəhmədovun böyük təsiri olmuşdur. O, oxumağa öz müəlliminin mahnıları ilə başlamışdır.
İ. Nəhmədovun "Əli Bayramlı" adlı mahnısı da var ki, vaxtı ilə Azərbaycan televiziyasında məktəblilərin olimpiadasında qalib mahnı kimi səslənmişdir. O zaman münsiflər heyətinin sədri rəhmətlik bəstəkarımız Fərəsiyab Badalbəyli olmuşdur.
İ. Nəhmədov 2017-ci il 2 dekabrda Hacıqabul rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.