Neftçi PFK — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Hafiz Zeynalovdur.
Neftçi PFK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Neftçi Peşəkar Futbol Klubu | |||
Ölkə | Azərbaycan | |||
Ləqəb(lər) |
"Flaqman" "Ağ-Qaralar" |
|||
Rəng(lər) | ağ-qara | |||
Yaranma tarixi | 18 mart 1937[1] ) | |||
Stadionu | Neftçi Arena | |||
Tutumu | 11.000 | |||
Baş məşqçisi | Samir Abasov | |||
Kapitanı | Rza Cəfərov | |||
Liqa | Azərbaycan Premyer Liqası | |||
2024-25 | 8. | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur.
2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur.[2][3]
1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti idman komandalarının və yarışlarının təşkili ilə bağlı yeni qərar verir. Həmin qərara əsasən, xalq komitələrinin əsasında yaradılmış idman cəmiyyətləri ləğv edilir, istehsalatın ayrı-ayrı sahələrində və Həmkarlar İttifaqlarının nəzdində yeni könüllü idman cəmiyyətləri yaradılır. Ardınca isə, SSRİ-də idman yarışları yığmaların arasında yox, məhz yeni yaradılan cəmiyyətlər arasında keçirilməyə başlayır. Bu isə yeni mərhələnin başlanğıcı idi. Təşkilatçılar bu sistemin daha uğurlu alınacağına ümid bəsləyirdilər.
Həmin prosesin təzahürü olaraq, əvvəllər “Balaxanı Futbolçular Dərnəyi” və “Tərəqqi” (“Proqres”) adı altında çıxış etmiş “Leninneft” Neftçıxarma İdarəsinin komandası “Neftyanik”in bazasına çevrilir. İdman Cəmiyyətinin ilk sədri isə həmin dövrlərdə fəal təşkilatçı kimi ad çıxaran M.Səadətxan olur. 21 mart 1937-ci ildə işıq üzü görən “Azərbaycan Bədən Tərbiyəçisi” qəzetində komandanın heyəti belə təqdim edilir: Cəfərov, İsmayılov, Rıjov, Vıboronov, Nexoroşev, Nifontov, Abramov, Kuznetsov, Luşnikov, Mironov, Ştırlin, Makaqonov, Krasilnikov, Sidorenko. İlk rəsmi oyununda İrəvan təmsilçisi “Dinamo”nu məğlub edən “Neftyannik” SSRİ kuboku uğrunda yarışda 1/16 final mərhələsinə qədər irəliləyə bilir. Azərbaycan təmsilçisinin kubokun finalına gedən yolunu Tbilisi “Dinamo”çuları kəsir.[4]
Sovet dövründə Azərbaycan futbolunun tarixi demək olar ki, “Neftçi" ilə bağlı olub. Bu komanda bir növ indiki Azərbaycan yığma komandası statusunu daşıyıb. Lakin “Neftçi" SSRİ çempionatında ciddi uğur əldə edə bilməyib. Yalnız 1966-cı ildə qazanılan bürünc medal istisnadır. SSRİ dövründə paytaxt klubu bir çox uğursuz dönəmlər yaşayıb. Hətta komanda 1-ci dəstəyə də düşüb.[5]
1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu, halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı. Buna görə də "qara qızıl" sahəsində çalışanlar tezliklə 18 mart 1937-ci ildə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər, amma həmin dövrdə rus dili daha işlək olduğundan komanda əvvəlcə "Neftyannik" adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olundu. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının "H" hərfi — "Neftyannik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" ağ-qara rənglərə sadiq qaldı.[6]
"Neftçi" ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu həmçinin, komandanın debüt oyunu idi. SSRİ Kubokunun 1/64 finalında o zaman "Neftyannik" adlanan komanda Bakının "Dinamo" stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan "Dinamo"sunu 1:0 hesabı ilə məğlub etmişdir. Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu qol "Neftçi"nin tarixində ilk qol idi. Həmin oyunun hakimi Tbilisidən olan Nikolay Larionov olmuşdur[7]. Komandanın baş məşqçisi Aleksandr Qnezdov, kapitanı isə heyətdəki yeganə azərbaycanlı Məmməd-Əli İsmayılov idi[8][9].
Müharibənin başlaması ilə əlaqədar olaraq, futbolçular da Böyük Vətən müharibəsinə yollandılar. Müharibədə həlak olanlar arasında müharibəyəqədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də vardı. Müharibə sona yaxınlaşdıqca artıq komanda da fəaliyyətini bərpa edirdi.
"Neftyanik" sözünün "Neftçi"yə çevrilməsi Mərkəzi Komitədə ideoloji şöbənin katibi Cəfər Cəfərovun təşəbbüsü ilə olmuşdur.[11]
1960-cı illərin əvvəlləri komanda üçün heç də uğurlu keçməyib. Bu isə rəhbərliyi narahat etməyə bilməzdi. “Neftçi"nin 1964-cü il mövsümündə 12-ci, bir il sonra isə 11-ci pilləylə kifayətlənməsi futbolçuların arxayınlıqlarıyla izah edilirdi. Rəhbərlik 1965-ci il mövsümünün birinci dövrəsindən sonra məşqçi dəyişikliyinə əl atsa da, (Ələkbər Məmmədovu Vasili Sokolov əvəz etdi) irəliləyiş olmadı.[5] "Neftçi" SSRİ çempionatlarında ən böyük uğurlarından birini 1966-cı ildə qazandı. Klub vaxtilə "kiçik Avropa çempionatı" adlanan SSRİ çempionatının güclülər dəstəsində fəxri kürsüyə yüksələn ilk və yeganə Azərbaycan klubudur. Əhməd Ələsgərovun başçılıq etdiyi "Neftçi" həmin il SSRİ çempionatının bürünc medalına sahib çıxdı.[12] Azarkeşlər “bürünc il"indən sonra “Neftçi”dən daha yüksək əyarlı medallar umurdular. Təəssüf ki, 1967-ci il çempionatında “Neftçi"nin işləri o qədər də uğurlu alınmadı. Xüsusilə də, köhnə “xəstəlik" inkişaf etməyə başlamışdı: rəqib meydanında zəif oyun və bunun nəticəsində alınan məğlubiyyətlər. Çempionatın sonlarına yaxın “Neftçi"nin ilk onluğa düşəcəyi belə inandırıcı görünmürdü. Amma finişdə Neftçi inanılmaz dönüş göstərdi. Son 5 turda qazanılan 5 qələbə “Neftçi"ni çempionatı 5-ci pillədə başa vurmağa imkan verdi. Növbəti mövsümdə də “Neftçi" eniş dövrünü davam etdirdi. 1968-də Azərbaycan SSRİ çempionatında ilk (və sonuncu) dəfə 2 komandayla təmsil olunmuşdu. Amma nə Gəncə “Dinamo"su (indiki Kəpəz), nə də “Neftçi" tam potensialını aça bilmədi. Əgər gəncəlilərin qarşısına güclülər dəstəsində yerini möhkəmlətmək məqsədi qoyulmuşdusa, Neftçi medallar uğrunda mübarizə aparmalı idi. Amma “Dinamo" elitanı tərk etdi, “Neftçi" isə yalnız 9-cu oldu.[5]
1969-da 7-ci olan komandada 1970-ci ildə eniş başladı. Anatoli Banişevski artıq əvvəlki kimi deyildi və böyük futbolu tərk etmişdi, Tuayev Orconikidze (indiki Vladiqafqaz) “Spartak"ına, Markarov isə “Ararat"a keçmişdi. Oqtay Atayevin “Ot “Proqress"a do “Neftçi" kitabında yazdığı kimi, rəhbərlik də artıq məsuliyyət hissini itirmişdi və futbolçularda həddən artıq arxayınlıq yaranmışdı. Komanda mövsümü çox pis başa vuraraq, əvvəlki illə müqayisədə 4 pillə gerilədi. SSRİ Kubokunun yarımfinalınadək irəliləməyi bacaran “Neftçi" burada Tbilisi “Dinamo"suna 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. Respublika rəhbərliyi baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov və rəis Rauf Adıgözəlovu tutduqları vəzifədən azad etdi. Ələkbər Məmmədov baş məşqçi təyin edildi, Tuayevlə Banişevski komandaya qayıtdılar.
70-ci illər klubun tarixində ən uğursuz dönəm sayıla bilər. Çünki həmin dövrün demək olar ki, yarısını komanda I Dəstədə keçirib. Belə ki, 1972-ci ildə aşağı eşalona yuvarlanan “ağ-qaralar" bir də 4 ildən sonra eltaya qayıda bilib. “Neftçi" 80-ci illərdə də ciddi uğur qazana bilmədi. Daim turnir cədvəlinin aşağısında olan komanda 1982-ci il mövsümündə az qala yenidən 1-ci dəstəyə düşəcəkdi. Krasnodarın “Kuban" komandası ilə eyni xal toplayan “Neftçi" 14-cü yeri tutaraq yalnız bəxt sayəsində yüksək dəstədə qala bilmiş, “Kuban" isə 1-ci dəstəyə düşmüşdü. 1984 və 1985-ci illərdə isə “Neftçi"ni təhlükəli zonadan cəmi 1 xal ayırmışdı. Komandanın 80-ci illərdəki ən böyük uğuru isə 1987-ci ildə tutduğu 9-cu yer idi. O da 16 komanda arasında, yenə də “ekvator"dan aşağıda. Belə çıxışla “Neftçi" gec-tez yüksək dəstəni tərk etməli idi. Bu arzuolunmaz hadisə də 1988-ci ildə keçirilən çempionatda baş verdi. SSRİ dağılana kimi növbəti 3 mövsümü 1-ci dəstədə çıxış edən “Neftçi" oranın ortabablarından birinə çevrildi. Hətta sonuncu mövsümdə 22 komanda arasında ancaq 15-ci yeri tuta bildi.[5]
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da futbol həvəskarları "Neftçi"nin timsalında parlaq oyununun şahidi oldular. Təsadüfi deyil ki, 1992-ci ildə futbol üzrə ilk milli Azərbaycan çempionatında qızıl medallar məhz "Neftçi"yə qismət oldu. Paytaxt komandasına çempion titulunu Əhməd Ələsgərov qazandırdı. Növbəti nailiyyət bundan 3 il sonra əldə edildi. "Neftçi" 1995-ci ildə Vaqif Sadıqovun rəhbərliyi altında ölkə kuboku uğrunda yarışda bütün rəqiblərini üstələdi. 1995/1996 mövsümünü isə "Neftçi" üçün unudulmaz çempionatlardan biri kimi xarakterizə etmək mümkündür. Çünki klub həmin mövsümü həm ölkə çempionu, həm də ölkə kubokunun qalibi kimi "qızıl dubl"la başa vurdular. Çempionluqla yanaşı, ölkə kubokunun qazanılmasında 3 məşqçi — Vaqif Sadıqov, Asif Əliyev və Kazbek Tuayevin əməyi keçdi.[mənbə göstərin]
Vaqif Sadıqov həmçinin "Neftçi" klubuna 1993 və 1995-ci illərdə Azərbaycan Superkubokunu da qazandırmışdır.[13]
"Neftçi" 3-cü dəfə 1997-ci ildə çempion adına layiq görüldü, lakin AFFA yekunda əsas və yeniyetmə komandaların topladığı xalların cəmini əsas götürərək, qızıl medalları "Qarabağ"a verdi. Hər halda, ədalət öz yerini tapdı. UEFA çempion qismində "Neftçi"ni tanıdı və Çempionlar Liqasında iştirak hüququna da flaqman yiyələndi.[mənbə göstərin]
1999-cu ildə növbəti dəfə "Neftçi" klubu ölkə kubokunu Kazbek Tuayevin sayəsində qazandı.[mənbə göstərin]
2004-cü ildə ağ-qaralar ikinci dəfə "qızıl dubl"a imza atdılar. Kazbek Tuayevin yetirmələri 2004-cü ildə həm milli çempionatda, həm də ölkə kubokunda hamıdan güclü oldular.[mənbə göstərin]
2005-ci ildə Ağasəlim Mircavadovlu "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda ağ-qaralar "Xəzər-Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.[14]
Bundan başqa, flaqman beynəlxalq turnirlərdə də ölkəmizi layiqincə təmsil edib. "Neftçi" avrokuboklarda ilk dəfə qələbə qazanıb (1996-cı ildə Bakıda Bolqarıstan "Lokomotiv"i üzərində 2:1 hesablı qələbə), Çempionlar Liqasında 2 il ardıcıl mərhələ adlayıb (2004/05 və 2005/06 mövsümlərində), avrokuboklarda ilk səfər qələbəsinə nail olub (2005-ci ildə İslandiyada "Hafnarfyordur" üzərində 2:1 hesablı qələbə), avrokuboklarda iki mərhələ adlayan ilk komanda olub (2008-ci ildə İntertoto Kubokunda).[mənbə göstərin]
Flaqman, həmçinin "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" uğrunda yarışda ilk dəfə finala yüksələn (2005-ci il) və ilk dəfə baş mükafata sahib çıxan (2006-cı il) Azərbaycan klubudur.[15]
APOEL 1–3 Neftçi (UEFA Avropa Liqası Pley-of mərhələsi 30–08–2012). |
2011-ci ildə flaqman Arif Əsədovun rəhbərliyi altında 6 ildən sonra sona 3 tur qalmış 6-cı dəfə Azərbaycan çempionu oldu.[16][17][18] 2012-ci ildə ardıcıl ikinci mövsüm çempion olan "Neftçi" bu dəfə bunu Böyükağa Hacıyevin başçılığı ilə əldə etdi.[19][20]
2011–12-ci il mövsümünün qalibi kimi Çempionlar Liqasına vəsiqə qazanmış "Neftçi" mübarizəyə ikinci mərhələdən başladı. Flaqman bu mərhələdə Gürcüstan çempionu "Zestafoni"ni iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıda keçirilmiş ilk matçda rəqibini 3–0 hesabı ilə məğlub etmiş komandamız səfərdə rəqibi ilə heç-heçə etdi. 2–2. Növbəti mərhələdə Flaqman İsrailin "Kiryat Şmona" klubuna uduzsa da, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdi. Pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 (1–1,3–1) məğlub etmiş Flaqman Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.[21][22]
"Neftçi" Avropa Liqasının qrup mərhələsində, qitənin ən güclü 10 klubundan biri hesab edilən İtaliya "İnter"i, eləcə də Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klubları ilə qarşılaşdı. "Partizan"la hər iki oyunda heç-heçə etmiş "Neftçi", "İnter"lə "Cüzeppe Meazza" stadionunda sülh bağladı. 2–2[23][24]
2012/2013 mövsümündə Böyükağa Hacıyevin ardıcıl 2-ci çempionluğu, komandanın isə ardıcıl 3 mövsüm çempion olması, bununla yanaşı, həm də ölkə kubokunu qazanması "Neftçi"nin Azərbaycan futbol tarixi ərzində 3-cü dəfə "Qızıl dubl" edən ilk komanda olmasına səbəb olmuşdur.[25][26]
UEFA Çempionlar Liqasının 2013–2014 mövsümündə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan "Neftçi" Albaniyanın "Skenderbeu" komandasına iki oyunun nəticəsinə görə ümumi hesabda 0–1 hesabıyla məğlub olaraq yarışı erkən tərk etməli oldu. Məhz bu uğursuzluqdan sonra Böyükağa Hacıyev istefa verdi və komanda müvəqqəti olaraq Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusuna həvalə edildi.[27][28][29]
2013-cü ildə Azərbaycan Superkubokunda əzəli rəqibi "Xəzər Lənkəran"-a minimal hesabla məğlub olan "Neftçi" Tərlan Əhmədovu istefaya göndərdi.[30] 2013-cü il oktyabrın 26-da "Neftçi" klubu Nazim Süleymanovu klubun baş məşqçisi təyin etdi.[31] 2014-cü ilin yanvarın 8-də Nazim Süleymanov istefa verdi.[32]
2014-cü il yanvarın 11-də yarım illik fasilədən sonra Böyükağa Hacıyev yenidən baş məşqçi təyin olundu.[33] 2014-cü il mayın 22-də "Neftçi" klubu 6-cı dəfə Azərbaycan Kubokununa sahib oldu. Beləki, Böyükağa Hacıyevin yetirmələri ardıcıl olaraq 2-ci dəfə kuboku başı üzərinə qaldırdı.[34]
2013–2014-cü il mövsümündə Kubokun qalibi olan komanda UEFA Avropa Liqasının II təsnifat mərhələsindən yarışa başladı. Neftçi ilk öncə Sloveniyanın Koper komandasını iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıdakı ilk matçda rəqibinə 1–2 hesabıyla məğlub olan komandamız səfərdə bunun əvəzini çıxdı. 2–0. Növbəti mərhələdə komandamız Gürcüstanın Çikura komandası ilə mübarizəyə davam etdi. Bakıdakı ilk oyunda qolsuz bərabərlik olsa da, komandamız səfərdə 3–2 hesabıyla layiqli qələbə qazandı və tarixində ikinci dəfə UEFA Avropa Liqasının Pley-Of mərhələsinə adladı. Bu dəfə komandamızın bəxtinə 2 il öncə qrup mərhələsindən bizə tanış olan Serbiyanın Partizan klubu düşdü. İlk oyun səfərdə keçirildi. Səfərdəki oyunda komandamız 2 erkən qol vursa da sonrada 3 qol buraxdı və qələbəni əldən verdi. Cavab qarşılaşması da uğurlu alınmadı və komandamız 1–2 hesabı ilə məğlub olub Avropa macərasını Pley-Of mərhələsində başa vurdu. İkinci dəfə qrupa vəsiqə qazana bilməyən Böyükağa Hacıyev bundan sonra istefa verdi.[35]
1949-cu il "Neftçi"nin tarixində yaranış ili qədər böyük yer tutur. O zaman "Neftyanik" adı altında çıxış edən komanda məhz bu il ilk dəfə olaraq SSRİ-nin güclüləri ilə bir qrupa daxil oldu. Azərbaycanın futbol tarixində düz 11 il əvvəl 1-ci qrupda cəmi bir il çıxış etmiş "Temp"dən sonra komanda respublikasının bu səviyyədə ikinci təmsilçisi oldu. SSRİ Futbol Federasiyasının apardığı islahat nəticəsində hər respublikadan ən azı bir komandanın 1-ci qrupa buraxılmasına qərar verildi. Azərbaycan SSR-in iqtisadiyyatında həmin dövrdə neft aparıcı yer tutduğundan məhz Neftçilərin Həmkarlar İttifaqının komandasının bu şərəfə layiq görülməsi qərara alındı. Qərarın verilməsində bilavasitə Respublika rəhbərliyi əsas rol oynadı. "Neftçi"nin futbol elitasında zəif təsir bağışlamaması üçün heyətdə köklü dəyişikliklər edildi. Üstəlik, komandanın loqosu tərtib edildi. İlk loqoda üzərində kiril əlifbası ilə yazılmış "H" hərfinin arxa planında neft buruğu əks olunub. Bundan sonra "Neftçi"nin loqosu üç dəfə – 1977, 1997 və 2004-cü ildə dəyişdirilib. 2005-ci ildə klubun loqosuna ulduz əlavə edilib. Buna səbəb Neftçinin 5-ci çempionluğu qazanması idi.[36]
Neftçi klubun doğma rəngləri ağ-qara hesab olunur. Klub yarandığı 1937-ci ildən etibarən əsas forma rəngi kimi qara rəngdən istifadə edirdi, amma 50-ci illərdə klubun formasına ağ rəng də əlavə edildi. Bu da səbəbsiz deyildi. Azərbaycan bütün ittifaqda neft qədər pambıq bitkisi ilə də tanınırdı. Bu səbəbdən həm "qara qızıl", həm də "ağ qızıl"ın rəngləri klubun formasında əks olunurdu.
"Neftçi"nin ənənəvi forması qara köynək, ağ şort və eyni rəngli corabdan ibarət idi, lakin illər ərzində qara köynək ağ və qara zolaqlarla əvəz olunmuşdur. Klubun forması müxtəlif illərdə müxtəlif idman firmaları tərəfindən hazırlanıb. Hal-hazırda klubun formaları Nike tərəfindən istehsal olunur.2004–2006-cı illərdə klubun titul sponsoru Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (Klub formasında BNEZ olaraq qeyd edilmişdi), 2006–2015-ci illərdə SOCAR, 2015–2017-ci illərdə Asan Xidmət olmuşdur. 2017–2019-cu illərdə klubun forması üzərində heç bir sponsorun adı olmamışdır. 2019/2020-ci illər mövsümündən etibarən isə Türk Hava Yolları şirkəti klubun forma sponsoruna çevrilmişdir.
Klub əsas "neftçilər" ləqəbindən başqa, "flaqman" və "xalq komandası" kimi də tanınır.[37][38]
"Neftçi" Premyer Liqanın ev oyunlarını Neftçi Arenada keçirir.[39] Son illər klub bəzi seçmə və hazırlıq matçlarını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, Bayıl stadionu və Tofiq Bəhramov adına Respublika Stadionunda keçirir.[40]
"Neftçi" Azərbaycanda ən çox dəstəklənən klublardan biridir. Ölkənin ən çılğın azarkeşləri Neftçi azarkeşləri hesab olunur. Neftçi azarkeşləri Azərbaycana ilk dəfə Ultras Mədəniyyətini gətirmiş azarkeşlərdir. Müxtəlif illərdə Neftçinin bir sıra azarkeş qrupları olmuşdur. Onlar arasında "Flaqman" , "Ultra Neftçi" , "Neftçimania" və Forza Neftçini qeyd edə bilərik. Hal-hazırda klubun ən böyük azarkeş qrupu Forza Neftçidir. Forza Neftçi 2009-cu ildə yaranmışdır və Azərbaycanda ən güclü və ən çılğın azad azarkeş qruplarından biri hesab olunur. Forza Neftçi Bakcell Arenada kluba dəstəyini 1A sektorundan verir. Neftçini dəstəkləyən digər azarkeş qrupu isə "Neftçimania" adlanır. Neftçimania 2011-ci ildə yaranmışdır və ilk fəaliyyəti 2015-ə qədər olmuşdur. Sonradan bir müddət tribunalardan uzaqlaşdığını bildirən qrup "Köhnə 13" adı ilə 2017-də tribunaya qayıtsa da, 2019-cu ildə yenidən köhnə adı ilə tribunaya qayıtmışdır. Hal-hazırda Bakcell Arenada 4A sektorundan Neftçiyə dəstək olurlar. Klubun azarkeşləri ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, Hollandiya və digər böyük azərbaycanlı icması olan ölkərdə var, lakin 2010-cu illərdə Neftçi öz mövqeyini təkmilləşdirməsinə baxmayaraq, klubun orta tamaşaçı sayı aşağı səviyyəyə düşmüşdür.[41]
Klubun ən məşhur tərəfdarlarına aktyorlar Bəhram Bağırzadə, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov və Niyazi, cüdoçu İlham Zəkiyev, repçi Anar Nağılbaz və alim Mirəli Qaşqay daxildir.[42][43][44][45]
Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır. Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir. Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, Kəpəz'in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir. Klub Gəncə şəhərini təmsil etsə də , Azərbaycanın bütün Qərb bölgəsi , Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi — Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir. Hələ Sovet dövründəykən də Kəpəz'in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi. Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur. Rəqabətin kökü SSSR zamanlarına dayanır. Beləki Kəpəz azarkeşləri hər zaman bildirirlər ki, Kəpəzin SSSR dönəmində Neftçi qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün, ölkənin əsas komandası hesab edilərək, Azərbaycanın ən istedadlı futbolçularını ənəlxüsus Gəncə futbolunun yetirmələrini hər zaman Kəpəz'dən "qopararaq" Neftçi'yə aparılmaları olubki buda Kəpəzin uğurlarına əngəl olub. Azərbaycan futbol ictimaiyyəti tərəfindən "Tarixi Derbi" olaraq adlandırılan bu rəqabət 20-ci əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında belə adı çəkilmişdir. İlk qarşılaşma 1962-ci il 26 iyunda SSSR kubokunun 1/8 mərhələsinə təsadüf edir. Klubların o zaman ki adları ilə "Dinamo Kirovabad"-"Neftyanik Baku" qarşılaşması 1–0 hesabı ilə gəncəlilərin qələbəsi ilə nəticələnib. Ümumilikdə isə o zamandan indiyədək bu komandalar 45 dəfə üz-üzə gəliblərki bu görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır. Belə ki, bakılıların aktivində 20, gəncəlilərin aktivində isə 18 qələbə vardır.
Yarış | Oyun | Neftçi Bakı |
Heç-heçə | Kəpəz Gəncə |
Top fərqi |
---|---|---|---|---|---|
Azərbaycan Premyer Liqası | 44 | 21 | 7 | 16 | 69–41 |
Azərbaycan Kuboku | 14 | 8 | 2 | 4 | 18–11 |
SSRİ Çempionatı | 2 | 1 | 0 | 1 | 2–3 |
SSRİ Kuboku | 1 | 0 | 0 | 1 | 0–1 |
Cəmi | 61 | 30 | 9 | 22 | 89–56 |
Azərbaycan futbolunun ən maraqlı oyunlarından biri olan "Neftçi — Xəzər Lənkəran" rəqabəti ilk dəfə 8 dekabr 2004-cü ildə Lənkəran şəhər stadionunda başladı. Bu oyundan tərəflər 1–1 hesablı bərabərliklə ayrıldı.[46] Bu matçlarda ilk qələbəni 11 may 2005-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda "Neftçi" komandası 2–1 hesablı qələbəylə əldə etdi. "Xəzər Lənkəran" isə əzəli rəqibi üzərində ilk qələbəsini 11 avqust 2006-cı ildə rəqibini 2–1 hesabıyla məğlub etməklə qazandı. Azərbaycan futbolunda ən böyük azarkeş marağına səbəb olan bu rəqabət "Böyük Oyun" adlanır. Böyük oyunlarda ən böyük hesablı qələbə "Neftçi" komandasına məxsusdur. Beləki, 6 noyabr 2011-ci ildə "İsmət Qayıbov" adına stadionda keçirilən çempionat oyununda "Neftçi" rəqibini 5–0 hesabıyla darmadağın etmişdir.[47] "Neftçi — Xəzər Lənkəran" oyunlarında ən çox rəqib qapısına qol vurmuş oyunçu, "Neftçi" klubunun futbolçusu Flavinyodur. O rəqib komandanın qapısından 7 qol keçirtmişdir.
Əsas məqalə Qarabağ — Neftçi rəqabəti
Azərbaycan futbolunda digər vacib oyunlardan biri də "Neftçi — Qarabağ" rəqabətidir. Bu matçları prinspial edən səbəblərdən ən başlıcası hər iki komandanın 1992-ci ildən indiyədək təşkil olunan bütün çempionatlarda iştirak etməsidir. "Neftçi — Qarabağ" rəqabəti ilk dəfə 26 sentyabr 1992-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda başladı. Bu oyundan tərəflər 1–1 hesablı bərabərliklə ayrıldı. Bu oyunlarda ilk qələbəni 20 oktyabr 1992-ci ildə Ağdamın "İmarət" stadionunda keçirilən oyunda "Qarabağ" komandası 2–1 hesablı qələbəylə əldə etdi. Bu tərəflərin çempionatda "İmarət" stadionunda baş tutdan yeganə oyunu oldu. "Neftçi" komandası isə əzəli rəqibi üzərində ilk qələbəsini 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəylə əldə etdi. Azərbaycan futbolunda böyük marağa səbəb olan bu rəqabət "Azərbaycan derbisi" olaraq tanınır. Bu derbilərdə ən böyük hesablı qalibiyyət "Qarabağ" komandasına məxsusdur. Beləki, 8 noyabr 2020-ci ildə "Bakcell Arena''da baş tutan oyunda "Qarabağ" rəqibini 0:6 hesabıyla məğlub etmişdir. Neftçinin ən böyükhesablı qələbəsi isə 4 noyabr 2000-ci ildə qeydə alınıb - 7-1 [48]
20.09.2024 ilə olan məlumat.
Azərbaycan Premyer Liqası | |||||||
---|---|---|---|---|---|---|---|
Klub | O | Q | Н | M | QV | QB | ± |
«Qarabağ» | 96 | 42 | 31 | 23 | 133 | 84 | +49 |
«Neftçi» | 96 | 23 | 31 | 42 | 84 | 133 | −49 |
Azərbaycan Kuboku | |||||||
O | Q | Н | M | QV | QB | ± | |
«Qarabağ» | 23 | 12 | 5 | 6 | 23 | 22 | +1 |
«Neftçi» | 23 | 6 | 5 | 12 | 22 | 23 | -1 |
Bütün turnirlərdə | |||||||
O | Q | Н | M | QV | QB | ± | |
«Qarabağ» | 119 | 54 | 36 | 29 | 156 | 106 | +50 |
«Neftçi" | 119 | 29 | 36 | 54 | 106 | 156 | -50 |
2009-cu ilin aprelindən etibarən "Neftçi"nin klub jurnalı nəşr olunur. Jurnalın ilk sayında "Tamaşaçısız teatr olmaz", "Əvəzedilməz simalar", "Bir ömrün nəğməsi" və s. başlıqlı yazıları dərc olunub.[49]
Mənbə: Neftçi PFK-nın heyəti
|
|
|
Neftçi klubu Birlik Kubokunda 5 dəfə iştirak etmişdir. Ardıcıl olaraq iki il "Birlik Kuboku"nun finalına yüksələn komanda 2006-cı ildə bu kuboku başı üzərinə qaldırmışdır. Bununla da "Neftçi" Beynəlxalq arenada ilk çempionluq qazanan Azərbaycan futbol klubu kimi tarixə düşmüşdür.
İl | Yer | O | Q | H | M | T/F | B |
---|---|---|---|---|---|---|---|
1993 | - | 2 | 0 | 0 | 2 | 0–9 | -9 |
1995 | - | 3 | 1 | 0 | 2 | 1–6 | -5 |
1997 | - | 3 | 0 | 0 | 3 | 6–11 | -5 |
2005 | Finalçı | 5 | 4 | 0 | 1 | 10–4 | +6 |
2006 | Qalib | 6 | 4 | 2 | 0 | 13–6 | +7 |
5 turnir | Cəmi | 19 | 9 | 2 | 8 | 30–34 | −4 |
№ | Tarix | Mərhələ | Rəqib | Hesab | |
---|---|---|---|---|---|
1-ci Birlik Kuboku – Moskva 1993 | |||||
1 | 25.01.1993 | Qrup | Skonto (Latviya) | 0:1 | |
2 | 27.01.1993 | Qrup | Spartak Moskva (Rusiya) | 0:8 | |
3-cü Birlik Kuboku – Moskva 1995 | |||||
3 | 29.01.1995 | Qrup | Jalgiris Vilnus (Litva) | 0:1 | |
4 | 30.01.1995 | Qrup | Spartak Moskva (Rusiya) | 0:5 | |
5 | 31.01.1995 | Qrup | Sitora (Tacikistan) | 1:0 | |
5-ci Birlik Kuboku – Moskva 1997 | |||||
6 | 25.01.1997 | Qrup | Spartak Moskva (Rusiya) | 2:4 | |
7 | 26.01.1997 | Qrup | Zimbru Kişinyov (Moldova) | 1:2 | |
8 | 28.01.1997 | Qrup | Novbahor (Özbəkistan) | 3:5 | |
13-cü Birlik Kuboku – Moskva 2005 | |||||
9 | 15.01.2005 | Qrup | Şerif Tiraspol (Moldova) | 1:0 | |
10 | 16.01.2005 | Qrup | Nebitçi (Türkmənistan) | 4:1 | |
11 | 19.01.2005 | 1/4 | Pünik (Ermənistan) | 2:0 | |
12 | 21.01.2005 | 1/2 | Dinamo Kiyev (Ukrayna) | 2:1 | |
13 | 23.01.2005 | Final | Lokomotiv Moskva (Rusiya) | 1:2 | |
14-cü Birlik Kuboku – Moskva 2006 | |||||
14 | 14.01.2006 | Qrup | Vaxş (Tacikistan) | 3:0 | |
15 | 15.01.2006 | Qrup | Metallurq (Latviya) | 2:1 | |
16 | 17.01.2006 | Qrup | Aktobe (Qazaxıstan) | 1:1 | |
17 | 18.01.2006 | 1/4 | Paxtakor Daşkənd (Özbəkistan) | p. 4:2 | |
18 | 20.01.2006 | 1/2 | Pünik (Ermənistan) | +:-(3:0) | |
19 | 22.01.2006 | Final | Kaunas (Litva) | 4:2 |
Mənbə: kassiesa.home
Son yenilənmə: 24 iyul 2014
Sıra | Komanda | Xal |
---|---|---|
178 | Zorya Luqansk | 8.233 |
179 | Arsenal Kiyev | 8.233 |
180 | Den Haaq | 8.129 |
181 | Neftçi Bakı | 8.075 |
182 | Slask Vroçlav | 8.050 |
183 | Videotan | 7.875 |
184 | Anortosis | 7.860 |
2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 380,5 xal ilə Azərbaycan klubları arasında 1-ci, dünyada isə 314-cü pillədə başa vurmuşdur.[50]
2012-ci il sentyabrın 3-də açıqlanan klubların yeni reytinq cədvəlində 73 xalla Azərbaycan klubları arasında 1-ci, dünyada isə 305-ci pillədə başa vurmuşdur.[51]
2013-cü il martın 4 açıqlanan reytinqdə 92,5 xalla Azərbaycan klubları arasında 1-ci olan "Neftçi" komandası, dünya klubları arasında isə 180-ci pillə qərarlaşmışdır.[52]
Oyunçular | Dövrlər | Oyun sayı | Qollar | |
---|---|---|---|---|
1 | Samir Ələkbərov | 1987–94; 1995–98 | 251 | 138 |
2 | Anatoli Banişevski | 1964–1978 | 288 | 136 |
3 | Yunis Hüseynov | 1984–92; 1993–98 | 295 | 101 |
4 | Eduard Markarov | 1961–70 | 251 | 96 |
5 | Vladimir Mikuçadze | 1951–60 | 174 | 88 |
6 | Nikolay Smolnikov | 1967–79 | 338 | 86 |
7 | İqor Ponomaryov | 1978–81; 1983–88 | 226 | 70 |
8 | Qurban Qurbanov | 1996–98; 2001; 2004–05 | 80 | 69 |
9 | Maşallah Əhmədov | 1977–89 | 260 | 64 |
10 | Əli Əbilzadə | 1950–60 | ???? | 62 |
Oyunçular | Dövrlər | Oyun sayı | Qollar | |
---|---|---|---|---|
1 | Sergey Kramarenko | 1964–1975; 1977–81 | 372 | 0 |
2 | Nikolay Smolnikov | 1967–79 | 338 | 86 |
3 | Əsgər Abdullayev | 1979–91 | 319 | 1 |
4 | Yunis Hüseynov | 1984–92; 1993–98 | 295 | 101 |
5 | Anatoli Banişevski | 1964–78 | 288 | 136 |
6 | İsgəndər Cavadov | 1977–82; 1983–88 | 277 | 53 |
7 | Kazbek Tuayev | 1961–70; 1971–72 | 277 | 58 |
8 | Maşalla Əhmədov | 1977–89 | 260 | 64 |
9 | Arif Əsədov | 1985–93; 1995–97; 2000–2002 | 258 | 5 |
10 | Samir Ələkbərov | 1987–94; 1995–98 | 251 | 138 |
Əvvəllər klubda belə Prezident vəzifəsi yox idi və komanda birbaşa olaraq, Mərkəzi Komitədən idarə olunurdu. 1988-ci ildə SSRİ-də yenidənqurmanın təsiri ilə "Neftçi" də digər klublar kimi peşəkar futbol klubu statusu aldı və kluba ilk prezident seçildi.[53]
|
Baş məşqçilər | Dövrlər | Kuboklar |
---|---|---|
Əhməd Ələsgərov | 1992 | Azərbaycan Premyer Liqası |
Vaqif Sadıqov | 1993–95 | 2 Azərbaycan Kuboku, 2 Azərbaycan Superkuboku |
Kazbek Tuayev | 1996–97, 1998–99, 2003–04 | 3 Azərbaycan Premyer Liqası, 2 Azərbaycan Kuboku |
Ağasəlim Mircavadov | 2004–06 | Azərbaycan Premyer Liqası, Birlik Kuboku |
Böyükağa Hacıyev | 2011–13, 2014 | 2 Azərbaycan Premyer Liqası, 2 Azərbaycan Kuboku |
Arif Əsədov | 2010–11, 2014–2015 | Azərbaycan Premyer Liqası |
Vəzifə | Adı[55] |
---|---|
Baş icraçı direktor | Cenk Sümər |
İdman üzrə müşavir | Kamil Məmmədov |
Futbol komandaları və əməliyyatları üzrə direktor | Zaur Əzizov |
Əməliyyatlar üzrə direktor | Namiq Əlizadə |
Media üzrə koordinator | Rüstəm Əfsərli |
Mətbuat katibi | Asəf Zeynallı |
Maliyyə direktoru | Məmməd Hacıyev |
İnsan resursları, kargüzarlıq və və lisenziyalaşdırma şöbəsinin rəisi | Gülnarə Adıgözəlova |
"A" komandanın meneceri | Qədir Həsənov |
Satınalma üzrə koordinator | Elgün Məmmədov |
Vəzifə | Adı |
---|---|
Baş məşqçi | Samir Abbasov |
Rusiyanın dövlət Bədən tərbiyəsi və İdman Komitəsi, "Rusiya peşəkarları" işçi jurnalının "Sovet futbolununu tarixi" layihəsi çərçivəsində "Peşəkar" nəşriyyatı tərəfindən nəşr olunmuş kitabda "Neftçi PFK" SSRİ çempionatlarının ən güclü komandaları siyahısında yer alıb. Kitabın "Neftçi" PFK-ya aid hissəsində, Azərbaycanda idmana eləcə də futbola dövlət səviyyəsində diqqət və qayğının göstərildiyi vurğulanıb. Məqalədə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın uğurla icra edilməsi qeyd olunub.
"Neftçi"nin tarixi uğurlarından bəhs olunan hissədə, klubun son illərdə qazandığı nailiyyətlər öz əksini tapıb. Sadıq Sadıqovun kluba prezident təyin edilməsindən sonra ardıcıl 3 dəfə ölkə çempionluğunu qazanmış "Neftçi PFK"-nın, Avrokuboklarda tarixi ilki gerçəkləşdirməsi haqqında geniş məlumat verilib. Bununla yanaşı kitabda komandamızın Avropa Liqasında "İnter", "Rubin" və "Partizan" kimi rəqiblərlə oyunlarından fotolar öz əksini tapıb.[56]