İndira Priyadarşini Qandi (Hind dili: इंदिरा प्रियदर्शिनी गांधी, d. 19 noyabr 1917 – ö. 31 oktyabr 1984) — Hindistanın məşhur siyasi xadimi. Hindistanda 2 dəfə (1966-77, 1980-84) baş nazir olmuş siyasətçi. Hindistan tarixindəki tək qadın baş nazir olan Qandi, həmçinin ən uzun müddət fəaliyyət göstərən ikinci baş nazir olmuşdur.
İndira Qandi | |
---|---|
İndira Priyadarşini Qandi | |
Doğum tarixi | |
Doğum yeri | Allahabad, Britaniya Hindistanı |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Nyu-Dehli, Hindistan |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri |
|
Uşaqları | |
Atası | Cəvahirləl Nehru |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
İndira Qandi Hindistanın ilk baş naziridir. Dünyada isə ikinci xanım baş nazir hesab olunur. İndira Qandi ölkənin müstəqilliyi yolunda mübarizə aparan qəhrəmanı Cəvahirləl Nehrunun ailəsində anadan olmuşdu.
O, siyasi aləmin içində böyüdüyü üçün gənc yaşlarında təcrübəli siyasətçi kimi formalaşmışdı. Bu da Hindistanın müstəqilliyi tarixində ona dördüncü baş nazir olmaq imkanı vermişdi. Hindistanın Pakistanla münasibətlərinin normallaşdırılmasında önəmli rol oynamış və bununla da qarşıdurmanın bölgə xalqlarına xeyir gətirmədiyini sübut etmişdi. Bir neçə dəfə siyasətdən uzaqlaşdırılsa da, o, siyasi aləmə öz möhürünü vura bilmişdi. O, siyasətlə, siyasi aləmlə o qədər qaynayıb-qarışmışdı ki, bu yolda oğlunu qurban versə də, yenə mübarizəsindən əl çəkməmişdi.
Yeniyetmə ikən Hindistanın əfsanəvi qəhrəmanı, ölüm aclığı keçirən Mahatma Qandinin yatağının başında oturaraq, onun üçün həyəcan keçirən qız uşağı kimi beynəlxalq aləmin diqqətini özünə cəlb etdi. Amma o, Mahatma Qandinin məhrumiyyətlərini öz üzərində hiss edə-edə, onun üçün göz yaşları tökə-tökə daha da mətinləşdi və gələcəkdə ölkəsinin ilk qadın baş naziri oldu. Əvvəlcə demokratiya qəhrəmanı, sonra diktator və bunun ardınca yenidən sivil inkişaf tərəfdarı kimi siyasi səhnədə at oynatdı. Həyata keçirdiyi islahatlarla Hindistanın inkişafına nail olaraq ölkəni aclıq və yoxsulluqdan qurtardı. Super güclərlə mübarizələrdə ortaya qoyduğu çevik siyasət ölkəsini müxtəlif təhlükələrdən xilas etdi. Hiss edəndə ki, başqa dövlətlərə arxayın olmaqla ölkənin təhlükəsizliyini qoruyub saxlamaq mümkün deyil, onda Hindistanı nüvə silahı olan ölkəyə çevirmək üçün cəhdlərə baş vurdu və istəyinə nail oldu. Sui-qəsdin qurbanı kimi ölənədək Hindistan siyasəti onunla nəfəs aldı. O, həqiqətən də, bir siyasət cəngavəri idi. Bu, bütün dünyanın rəğbətini qazanan və müxtəlif dillərdə danışan, milyonlarla insanın sevimlisinə çevrilən azadlıq mübarizi və ünlü siyasətçi İndira Qandi idi.
İndira Qandi 1917-ci il 19 noyabrda Hindistanın şimalındakı Uttar Pradeş əyalətinin Allahabad şəhərində görkəmli siyasətçi, azadlıq mübarizi Cəvahir və Kamalanın ailəsində dünyaya gəlmişdi. Bu ailənin siyasi yaşamının əsası baba, tanınmış vəkil Motilal Nehru tərəfindən qoyulmuşdu. Baba Nehru ingilis müstəmləkəçiliyinə qarşı çıxan millətçi Ümumhindistan Milli Konqresinin aparıcı liderlərindən biri idi. İndiranın atası Cəvahirləl Nehru da öz atasının yolu ilə gedərək, Hindistan müstəqillik hərəkatının liderinə çevrilmişdi. İndira anadan olanda atası Cəvahirləl Nehru Mahatma Qandinin rəhbərliyi ilə başlanan müstəqillik hərəkatına qoşulmuş və tezliklə əfsanəvi liderin ən yaxın silahdaşlarından birinə çevrilmişdi. Uşaq ikən evlərində keçirilən siyasi toplantıların şahidi olan İndira o zamanın ən məşhur simalarından olan Mahatma Qandi ilə yaxından tanış olmuş və onun təsiri altına düşərək siyasətə qatılmışdı. Bir az yaşa dolandan sonra o da nəfəs aldığı siyasi həyatın təsiri ilə gənclər arasında "Vanara Sena" hərəkatını qurdu və ona liderlik etdi. Hərəkat üzvləri ölkədə müstəqillik çağırışı ilə siyasi aksiyalar keçirir və bununla da ictimaiyyətin diqqətini özlərinə cəlb edirdilər. Eyni zamanda hərəkat üzvləri Ümumhindistan Milli Konqresi fəallarının polisin təqiblərindən xilas olmalarına yardım edirdilər. Bir dəfə İndira atasının izləndiyini hiss edərək, mühüm bir sənədi çantasında gizlədərək onun ələ keçməsinə imkan verməmişdi. O, 18 yaşında olanda anası vərəm xəstəliyindən dünyasını dəyişdi. Həmin dövrdə o, təhsilini davam etdirmək üçün İngiltərəyə getdi. Elə orada da Ümumhindistan Milli Konqresinin üzvlərindən olan Feroz Qandi ilə tanış oldu. Bir çoxlarının hesab etdikləri kimi, İndira Qandi Mahatma Qandi ilə qohum deyildi. Bu soyad ona əslən fars (oda sitayiş edənlər) icmasından olan həyat yoldaşı Feroz Qandidən miras qalmışdı. Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq, burada da İndira Qandi özünün sərt və dönməz xarakterini göstərərək, 1942-ci ilin martında onunla evlənmişdi. Bir il sonra gənc ailə Mahatma Qandinin rəhbərlik etdiyi "Quit İndia" hərəkatında fəal iştirak etdi. Lakin az sonra həbs edildilər və 243 gün zindan həyatı yaşadılar. 1944-də ilk oğlu Raciv, bir il sonra da Sancay dünyaya gəldi.
Xalqla qucaqlaşdı Pakistanla Hindistanın yollarının ayrıldığı və bölgədə iki müstəqil dövlətin meydana çıxdığı 1947-ci ildə İndira ölkəsinə gələn qaçqın və köçkünlərə yardım etdi. Bu, onun siyasi aləmdə nüfuzunu xeyli artırdı. Həmin dövrdə İndira və əri Feroz Allahabadda yaşayırdılar. Hindistan müstəqilliyini əldə etdikdən sonra baş nazir olan atasına yardım etmək üçün İndira Dehliyə getdi. Feroz isə Allahabadda qaldı. Dehlidə İndira atasının həm katibi, həm də məsləhətçisi olaraq çalışmağa başladı. O, atası ilə birgə xarici ölkələrə səfərlərdə iştirak etdi. Bu səfərlər onun siyasi lider kimi püxtələşməsində önəmli rol oynadı. 1951-ci ildə müstəqil Hindistanda ilk azad seçkilər keçirildi. O, bu seçkilərdə həm atasına, həm də ayrı yaşamalarına baxmayaraq, əri Feroza yardım etdi. Feroz hökumətdəki korrupsiyaya qarşı mübarizəyə başladı və sığorta şirkətlərindən birində bununla bağlı ciddi nöqsanları üzə çıxardı. Onun bu mübarizəsi İndiranın atasının qurduğu hökumətdə maliyyə naziri vəzifəsini tutan şəxsi vəzifəsindən istefa verməyə məcbur etdi. Bu, İndira ilə Feroz arasında münasibətləri gərginləşdirdi və sonda onlar boşanmalı oldular. Az sonra Feroz infarkt keçirərək yatağa düşdü. Boşanmalarına baxmayaraq, İndira Kəşmirdə yaşayan keçmiş ərinin yanına gedərək bir müddət onun qayğısını çəkdi. Ərinin ölümündən sonra isə bütün həyatını siyasətə həsr etdi. 1959 və 1960-cı illərdə o, Milli Konqresin rəhbəri seçildi. Ancaq bunun atasının nüfuzuna xələl gətirdiyini və onun haqqında pis fikir formalaşdırdığını nəzərə alaraq, 1962-ci ildə keçirilən seçkilərdə iştirak etmədi. 1964-cü ildə atası vəfat etdi və bu vaxt o, baş nazir Şastrinin təklifini qəbul edərək informasiya və mətbuat naziri oldu. Bu zaman ölkənin cənubunda hind dilində danışmayan əyalətlərdə hind dilinin rəsmi dövlət dili kimi işlədilməsinə qarşı üsyanlar baş verdi. Qandi bu səbəbdən də üsyan edən əyalətlərin ən iri şəhərlərindən olan Mədrəsə getdi və hökumət əleyhinə çıxışların yatırılmasına başçılıq etdi. Bu onu daha da şöhrətləndirdi. Artıq onun hakimiyyət zirvəsinə gedən yolu açılmışdı.
Pakistan ordusu qapıda, İndira istirahətdə 1965-ci idə Hindistanla Pakistan arasında savaş baş verdi. Həmin vaxt İndira Şrinaqar bölgəsində istirahətdə idi. Pakistan ordusunun bölgəyə hücumu başladığı bir vaxtda o, yaxınlarının Şrinaqarı tərk etmək təklifini rədd etdi və bölgənin müdafiəsinin təşkilinə başladı. Bununla da hücumun qarşısı alındı və Pakistan əsgərləri geri çəkilməyə məcbur oldular. Bu hadisə Qandinin əhali arasında hörmətinin daha da artmasına səbəb oldu. İki ölkə arasında baş verən münaqişənin aradan qaldırılması üçün Daşkənddə aparılan danışıqlar zamanı Baş nazir Şastrinin ürəyi qəfil dayandı. Bundan sonra ölkə yenidən seçkilərə getmək məcburiyyətində qaldı. 1966-cı ildə keçirilən parlament seçkilərində Qandi rəqibi Morarji Desaini qabaqlayaraq qələbə çaldı. Bununla da o, ölkənin müstəqilliyi tarixində 4-cü və ilk qadın baş nazir oldu. Amma partiya daxilində Qandinin baş nazir seçilməsinə qısqanclıqla yanaşanlar da var idi. Ona görə də 1967-ci ildə o, dəstəyi kənarda axtarmağa başladı və yalnız sosialistlərin yardımı nəticəsində baş nazir kürsüsünü qoruyub saxlaya bildi. Qandi sosialistlərin verdiyi bu dəstəyə cavab olaraq, ölkədəki bir sıra bankları milliləşdirdi. Əslində bu milliləşdirmə, həm də o dövrdə SSRİ-nin dəstəyini və yardımını almağa yönəlmişdi. Çünki İndira Qandi hiss edirdi ki, onu istəməyən daxili qüvvələr Hindistanın yenidən Qərbin nəzarəti altına düşməsi üçün ona qarşı sui-qəsd də həyata keçirə bilərlər. Qandi isə ingilis müstəmləkəçiliyinin ağır nəticələrini çox görmüşdü, ona görə də özünün və ölkəsinin təhlükəsizliyini təmin etmək üçün Moskva ilə isti münasibətlər qurdu. Onu da deyək ki, həmin dövrdə SSRİ də Hindistanla yaxınlaşmaq üçün bəhanə axtarırdı. Belə ki, ötən əsrin 60-cı illərindən başlayaraq, SSRİ ilə Çin arasında münasibətlər kəskinləşmişdi. Moskva ilə Pekin arasında ziddiyyətlərin get-gedə kəskinləşməsi isə az qala iki ölkə arasında müharibəyə aparıb çıxaracaqdı. SSRİ-Çin sərhədində tez-tez baş verən toqquşmaların qabağı yalnız Moskvanın hərbi qüdrətini nümayiş etdirməsindən sonra alındı. Həmin dövrdə Çinlə Hindistan arasında da münasibətlər kəskinləşmişdi. Hindistan ərazilərinə iddia edən Çin hətta qəfil hücumla Hindistanın bəzi məntəqələrini işğal etmişdi. Belə bir vəziyyət isə Moskva ilə Dehlinin yaxınlaşmasında önəmli rol oynadı.
İndira Hindistanı nüvə dövlətinə çevirdi Hindistanın sosializm blokuna doğru meyl etməsi və SSRİ-nin yardımı ilə ölkədə onlarla yeni müasir müəssisənin inşası Qərbin narazılığına səbəb olmuşdu. Ona görə də onlar Hindistanı tutduğu yoldan döndərmək qərarına gəldilər. Moskva isə Qərbin bölgədə sipərinə çevrilən Pakistana Hindistanın əli ilə dərs vermək istəyirdi.
Beləliklə, SSRİ-nin Hindistanı, Qərbin isə Pakistanı bölgədə yeni qanlı müharibəyə təhrik etmələri öz "bəhrəsini" verdi.1971-ci ildə Pakistanla Hindistan arasında müharibə başladı. ABŞ Pakistana yardım etmək və Hindistanı qorxutmaq üçün özünün 7-ci hərbi dəniz donanmasını Qərbi Pakistanın sahil sularına, (indiki Banqladeşə) Benqal körfəzinə göndərdi. Buna cavab olaraq, Hindistanın simasında gələcək sosialist dövlətini görən Moskva Dehliyə külli miqdarda hərbi yardım etdi. SSRİ-dən alınan hərbi texnikanın yardımı ilə Hindistan bu müharibədə Pakistana ağır zərbələr endirərək onun bəzi ərazilərini ələ keçirdi. Bəzi qeyri-rəsmi məlumatlara görə, həmin dövrdə Hindistan ordusunun tərkibində SSRİ-dən göndərilən canlı hərbi qüvvələr də iştirak edirdilər. Çünki həmin dövrdə SSRİ-nin Hindistana verdiyi hərbi texnikanı idarə etməyə qadir texniki heyət yox idi. SSRİ ilə yaxınlaşma Qandinin həyatında və Hindistanın gələcəyi baxımından xüsusi rol oynadı. Belə ki, Qandi diplomatik məharətini işə salaraq Hindistanın nüvə silahı əldə etməsinin Moskva üçün də önəmli ola biləcəyi barədə SSRİ rəhbərliyini inandıra bildi. O dövrdə İndira ətrafındakılara: "Biz özümüz öz ayaqlarımız üzərində durmağı və təhlükəsizliyimizi təmin etməyi bacarmalıyıq" -demişdi.
Məhz SSRİ-dən aldığı hərbi texniki yardım 1974-cü ildə Hindistana yer altında "Gülümsəyən Budda" adlı nüvə bombasını sınaqdan çıxarmağa imkan verdi.
Bu hadisə beynəlxalq aləmdə böyük şok əmələ gətirdi. Nüvə silahını əldə etməklə Hindistan Pakistandan və başda ABŞ olmaqla Qərb dövlətlərindən, həmçinin Çindən gələn təhlükəni birdəfəlik aradan qaldırmış oldu.
Nüvə silahını əldə etmək Hindistana həm də Pakistana təzyiq göstərərək onu Kəşmirdən əl çəkməyə və bu məqsədlə adıçəkilən ölkəni danışıqlar stolu arxasında oturmağa məcbur etməyə imkan verdi. Nüvə silahından dərhal şantaj məqsədi ilə istifadə etməyə başlayan İndira Qandi təhdidedici bir şəkildə Pakistanın Baş naziri Zülfüqar Əli Bhuttonu danışıqlar aparılması və iki ölkə arasında davam edən mübahisəli ərazi məsələlərini aradan qaldırmaq üçün Simla şəhərinə dəvət etdi. Bhutto İndiranın bu təklifini rədd edə bilmədi. Çünki Pakistanın Hindistan tərəfindən nüvə hücumuna məruz qalacağından ehtiyat edirdi. Simalda iki ölkə arasında bir həftədən artıq davam edən danışıqlardan sonra Qandi və Bhutto Kəşmir probleminin yalnız dinc danışıqlar yolu ilə həll etmək barədə anlaşma imzaladılar. Bu, Qandiyə Pakistandan gələn təhlükəni aradan qaldırmağa imkan verdi. Anlaşma həm də iki ölkə arasında yeni bir səhifə açdı və bölgədə bir müddət sabitlik və sülh bərpa edildi.
Qandi həm də Hindistanın aclıqdan qurtarması üçün bütün cəhdlərini işə salaraq, SSRİ-dən aldığı yardımlarla kənd təsərrüfatını inkişaf etdirdi. Ərzaq təhlükəsizliyi proqramının uğurla həyata keçirilməsi Hindistanı idxalatçı ölkədən ixracatçı dövlətə çevirdi. Xalq arasında sevilməsi və qısa müddətdə Hindistanı nüvə ölkəsinə çevirməsi bu qadının beynəlxalq aləmdə də nüfuzunu xeyli artırdı. Artıq onunla beynəlxalq səviyyədə geridə qalmış, aclıq və yoxsulluq içərisində boğulan bir ölkənin dövlət başçısı kimi deyil, nüvə silahına malik qüdrətli bir ölkənin siyasi xadimi kimi davranırdılar.
Parlamentdə böyük səs çoxluğuna malik olan İndira ölkənin Konstitusiyasına dəyişikliklər etdi və daxili siyasətdə inqilabi təsir bağışlayan islahatlar həyata keçirdi. O, ölkənin federal subyektlərinə verilən müstəqillikləri məhdudlaşdırdı və onları mərkəzi hakimiyyətdən tam asılı vəziyyətə saldı. Qandi ölkə Konstitusiyasına milli azlıqların mübarizəsinin qarşısının sərt şəkildə alınmasını və bu zaman hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müddəalar əlavə etdirdi. Bununla da gələcəkdə ölkənin parçalanmasına imkan verə biləcək amillərin qarşısı alındı. Amma bu, ölkə daxilindəki müxalifət qüvvələrini hərəkətə gətirdi. Onlar Qandini avtoritar rejim qurmaqda, demokratiyadan geri çəkilməkdə günahlandırdılar. Bu qüvvələrə qarşı mübarizə isə İndiranı ölkədə həyata keçirilən iqtisadi və siyasi islahatları yarımçıq qoymağa məcbur etdi. Bu da öz növbəsində daxildə inflyasiyanın sürətlə artmasına, korrupsiyanın çiçəklənməsinə və xalqın maddi vəziyyətinin ağırlaşmasına gətirib çıxardı. Bundan istifadə edən müxalifət xalq kütlələrini küçələrə çıxardı. 1973-cü ildən başlayaraq, Qandiyə qarşı xalq etirazları dayanmırdı. Belə bir vəziyyət Qandi üçün xoşagəlməz hadisələrə səbəb oldu. 1975-ci ilin iyun ayında Allahabadda Ali Məhkəmə son seçkilərdə korrupsiya hallarına yol verildiyini iddia edərək, Qandini deputat mandatından məhrum etdi. İndira məhkəmənin bu qərarına yenidən baxılmasını tələb etdi. Ancaq müxalifət onun istefa verməsini israrla tələb edirdi. Eyni zamanda Qandidən narazı kütlələr onun Dehlidəki evini və parlamenti mühasirəyə alaraq hakimiyyətdən getməsini istəyirdi. Necə deyərlər, bir anın içində hər şey İndira Qandinin əleyhinə çevrilmişdi.
Bu vəziyyətlə barışa bilməyən və istefaya getmək istəməyən Qandi Prezident Fəxrəddin Əli Əhmədə təzyiq göstərərək onu ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə sərəncam imzalamağa məcbur etdi. Bunun ardınca müxalifətin öndə gələn bütün nümayəndələri, o cümlədən müstəqilliyin əldə edilməsində xüsusi rolları olan liderlər həbs edilərək həbsxanalara atıldılar. Eyni zamanda Qandi polisə etiraz aksiyalarını amansız şəkildə yatırmaq üçün geniş səlahiyyətlər verdi. Beləliklə, ölkədə diktatura rejimi quruldu. Bu diktaturaya rəhbərlik edən isə dünənə kimi demokratiya donuna bürünən və buna görə də yüz minlərlə hindistanlının rəğbətini qazanan İndira Qandi idi. Yanız bundan sonra Qandi yeni seçkilərin keçirilməsinə razılıq verdi. Çünki artıq müxalifət aradan qaldırılmışdı və Qandinin bu seçkilərdə qələbə çalmasına mane ola biləcək qüvvələr yox idi. Seçkilər 1977-ci ildə keçirildi. Lakin seçkilərdə iştirak edən xalq "Artıq yetər, söz millətindir!" şüarını irəli sürərək müxalifətdə olan Canata Partiyasına səs verdi. Beləliklə, hakimiyyətə Desainin rəhbərlik etdiyi Canata Partiyası gəldi.
İndira seçkilərdə məğlub olsa da ruhdan düşmədi. Hakimiyyətə gələn qüvvələrin xalqın etimadını doğrulda bilməmələri Qandinin xeyrinə işləyən amilə çevrildi. 1979-ci ildə keçirilən seçkilərdə Qandi yenidən qələbə çaldı. Hakimiyyətə qayıdan Qandi bu dəfə Pəncab əyalətində yaşayan əhalinin əksəriyyətini təşkil edən siqhlərin mərkəzdən ayrılma cəhdlərinin qarşısını almalı oldu. Siqhlər 1981-ci ildə bölgədəki Qızıl məbədini ələ keçirərək əyalətə nəzarəti ələ aldılar. Bunu görən Qandi ordunu Pəncab üzərinə yeridərək bölgədəki xalq hərəkatını qan içində boğdurdu. Siqh lideri Jarnail Sinqh ordu tərəfindən öldürüldü. "Mavi Ulduz" əməliyyatı adı verilən xüsusi planın yerinə yetirilməsi zamanı 492 nəfər pəncablı öldürüldü. Bu döyüşlərdə eyni zamanda 72 əsgər də həlak oldu. Pəncabda həyata keçirilən qanlı əməliyyatlar dünyada Qandini nüfuzdan saldı. Bu əməliyyatlar zamanı Qandiyə nifrət edənlər arasında onun iki mühafizəçisi - əslən Pəncabdan olan Satvant Sinqh və Beant Sinqh də vardı.
1984-cü ilin oktyabr ayının 31-i idi. İndira Dehlidəki Safdarjunq küçəsindəki baş nazirliyin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter Ustinovu qarşılamağa hazırlaşırdı. Ustinov Satvant və Beant Sinqhlər tərəfindən mühafizə edilən qapıdan keçərək içəri daxil oldu. Qandi qonağı qarşılamaq üçün ayağa qalxdı. Bu zaman hər iki mühafizəçi silahlarını Qandiyə çevirərək ona atəş açdılar. Nəticədə, Qandi 33 güllə yarası alaraq yerindəcə can verdi. Qandinin cənazəsi noyabrın 3-də Mahatma Qandinin xatirəsinə ucaldılan Raj Qal abidəsi önündə yandırıldı. Bunun ardınca Pəncab əyalətinə hücum edən hindlilər 20 mindən artıq yerli sakini qətlə yetirdilər, onların məbədlərini isə yandırdılar. Baş verən hadisələrlə əlaqədar hökumətin hər hansı bir iş görməməsi ilə bağlı suala cavabında Qandinin oğlu belə cavab vermişdi: "Böyük ağac yıxılanda yer titrəməyə məcburdur…".