İnqilab Aslanov

İnqilab Aslanov Əsəd oğlu- SSRİ-nin ulduz spektroskopiyası üzrə tanınmış alimləri siyahısına salınan yeganə azərbaycanlı fizik, astrofizika sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, "Günəş fizikası", "Ulduzlar fizikası", "Astronomik cihazqurma" sahəsi üzrə Azərbaycanda ilk yeganə elmlər doktoru[1].

İnqilab Aslanov
İnqilab Aslanov
İnqilab Aslanov
Doğum tarixi
Doğum yeri Şuşa, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Vəfat səbəbi infarkt
Vətəndaşlığı

SSRİ,

Azərbaycan Respublikası
Milliyyəti azərbaycanlı
Dini İslam
İxtisası astrofizika, astronomiya
Təhsili

Azərbaycan Dövlət Universiteti,

Leninqrad Dövlət Universiteti
Elmi dərəcəsi Elmlər doktoru
Mükafatları "Xatirə" medalı

Astrofizika sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Aslanov İnqilab Əsəd oğlu 1933-cü il 9 mayda Şuşa şəhərində anadan olub. (09.05.1933, Şuşa — 23.11.1997, Bakı) 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və 1961-ci ildə isə Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirmişdir.

1979-cu ilin noyabr ayında Hüseynova Kifayət Hüseyn qızı ilə ailə qurub. Bu evlilikdən 2 oğlu və 1 qızı vardır.

1997-ci ilin noyabrın 23-də Bakıda vəfat etmişdir. Onun ölümündən sonra oğulları atasının zəngin kitabxanasını Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına bağışlayıblar.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, elmi fəaliyyətə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun Şamaxı Astronomiya Müşahidə Stansiyasında başlamış, laborant, kiçik elmi işçi, böyük elmi işçi, dosent, kafedra müdiri, direktor müavini vəzifələrində çalışmış, "Ulduzlar fizikası" sahəsində ixtisaslaşmışdır. İnqilab Aslanov 1964-cü ildə Almaniya Demokratik Respublikasının "Karl Seyes" firması tərəfindən hazırlanmış iki metrlik teleskopun elmi istiqamətdə quraşdırılması və işə salınmasına bilavasitə başçılıq etmişdir. Şamaxıda yaradılmış genişprofilli elmi-tədqiqat laboratoriyasının elmi-tədqiqat institutuna çevrilməsində onun böyük rolu və əməyi olmuşdur. Elmi fəaliyyətinin böyük bir hissəsini (1966–1980) Şamaxı rəsədxanasındakı teleskopa və ona əlavə olunmuş spektral cihazların mənimsənilməsinə və astronomik müşahidələrdə istifadə olunmasına həsr etmiş görkəmli fizik "Günəş fizikası", "Ulduzlar fizikası", "Astronomik cihazqurma" sahəsi üzrə Azərbaycanda ilk yeganə elmlər doktoru idi. İnqilab Aslanov "Günəş atmosferində franqofer xətlərin dəyişilməsi və optik dərinliklərinin kataloqu", günəş spektroqrafı üçün optik qurğu, yeni tipli Zeyman analizatoru, səkkiz kameralı spektroqraf, avtomatik koordinat ölçü cihazına spektral xətlərin dalğa uzunluğunu onun konturuna görə ölçmək üçün düzəldilmiş optik qurğu kimi optik cihazların, astrofizika ixtisasında təhsil alan tələbələr üçün yazılmış "On iki laboratoriya işi" mətninin, Moskvada, Leninqradda və bir sıra xarici ölkə mətbuatında çıxmış səksəndən çox elmi məqalənin müəllifi olmuş və "Üçkanallı mikrofotometr" laboratoriya cihazı üçün müəlliflik şəhadətnaməsi almışdır. O, Ümumittifaq və beynəlxalq konfranslarda otuza yaxın məruzə ilə çıxış etmişdir. Alimin aldığı elmi nəticələr Londonda çıxan "Astrofiziki vahidlər kataloqu"na daxil edilmişdir. Professor Beynəlxalq Astronomiya Cəmiyyətinin və onun "Ulduz atmosferləri" komissiyasının və SSRİ Elmlər Akademiyası Astronomiya Şurasının "Ulduzlar fizikası" problem komissiyasının, ümumiyyətlə, yeddi beynəlxalq və Ümumittifaq elmi cəmiyyət və komissiyalarının üzvü olmuşdur. İnqilab Aslanov beynəlxalq təşkilatların ulduz spektroskopiyası üzrə tanınmış alimlər haqqında tərtib olunmuş siyahıya salınan SSRİ-nin iyirmi dörd görkəmli alimi arasında yeganə azərbaycanlı olmuşdur.

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]

O, 1982–1997-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində müəllim işləyib. 1994-cü ildə Bakı Dövlət Universitetində uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə[2] BDU-nun 75 illik yubileyi münasibətilə "Xatirə" medalı ilə təltif edilib.

http://physics.bsu.edu.az/az/content/astrofzka__kafedras_369

Şamaxı Astrofizika Rəsədxanası

  1. "Baku State University". physics.bsu.edu.az. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-05.
  2. "Baku State University". physics.bsu.edu.az. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-05.