İosif Stalin Muzeyi — Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin anadan olduğu Qori şəhərində onun xatirəsinə tikilən tarixi muzeydir.[2] Muzey Sovet dövründəki xüsusiyyətlərini hələ də qoruyub saxlayır.[3]
İosif Stalin Muzeyi | |
---|---|
იოსებ სტალინის სახელმწიფო მუზეუმი | |
Əsası qoyulub | 1957 |
Açılış tarixi | 1957 |
Ölkə | |
Yerləşir | Qori |
41°59′14″ şm. e. 44°06′49″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey şəhərin mərkəzi meydanında yerləşir və üç hissədən ibarətdir. Muzeyin açılışı 1957-ci ildə baş tutmuşdur. Sovet İttifaqının dağılması ərəfəsində, 1989-cu ildə muzey bağlansa da, sonra yenidən açılmışdır. Muzey Gürcüstanın populyar turizm məkanlarındandır.
2010-cu ilin iyun ayında Qori Mərkəzi Meydanında yerləşən Stalinin heykəli də muzeyə köçürülmüşdür.
Stalinin anadan olduğu və ilk dörd ilini keçirdiyi kiçik taxta daxma da muzeydə qorunur. Daxmanın birinci mərtəbəsində iki otaq yerləşir. Stalinin ayaqqabı ustası olan atası Vissarion Cuqaşvili binanın sol tərəfində yerləşən otağı icarəyə götürmüş və zirzəmisini emalatxanaya çevirmişdir.
Kompleksin əsas hissəsi 1951-ci ildə sosializm tarixinə həsr olunmuş muzey kimi fəaliyyətə başlamışdır. 1953-cü ildə Stalinin ölümündən sonra muzey Sovet memarlığı üslubunda böyük bir saray kimi yenidən tikilmişdir. Eksponatlar xronoloji ardıcıllıqla altı zalda nümayiş olunur. Eksponatlara Stalinin sahib olduğu bir çox əşya, o cümlədən bəzi ofis mebelləri və s. daxildir. Həmçinin bir çox sənəd nümunəsi, foto, şəkil və qəzet məqaləsi də nümayiş edilir.
Muzeydə Stalinin şəxsi dəmir yolu nəqliyyatı da nümayiş etdirilir. Muzeydəki 83 ton ağırlığında olan zirehli "Pullman" vaqonu Stalinin bir çox xarici səfərlərində istifadə edilmişdir (məsələn, Yalta konfransı,Tehran konfransı və s.). Qatar 1985-ci ildə Rostov-na-Donudan nümayiş etdirilməsi üçün muzeyə göndərilmişdi.[4]
2008-ci il Cənubi Osetiya müharibəsindən sonra Gürcüstan Mədəniyyət Naziri Nikoloz Vaçeişvili 24 sentyabr 2008-ci il tarixində bəyanat verərək İosif Stalin Muzeyinin yaxın gələcəkdə "Rus Təcavüzkarlıq Muzeyi" olaraq təşkil ediləcəyini bildirmişdi.[5] Bu məqsədlə muzeyin girişinə, "Bu muzey tarixin təhrif edilməsidir. Sovet təbliğatına xasdır və tarixin ən qanlı rejimini qanuniləşdirməyə çalışır" sözlərindən ibarət pankart yerləşdilir.[6] Lakin muzeyin yenidən təşkili barədə heçbir addım atılmamışdır. 20 dekabr 2012-ci ildə Qori bələdiyyəsi muzeyin yenidən təşkil edilməsi planının ləğv edilməsi haqqında qərar qəbul edir.[7][8] 2017-ci ildən etibarən isə sözügedən pankart da muzeyin girişindən çıxarılır.