İqtibas nəzəriyyəsi — miqrasiya nəzəriyyəsi, “köçəri süjetlər” nəzəriyyəsi də adlanır. Müxtəlif xalqların folklorundakı oxşarlığı yerdəyişmə, iqrasiya (süjetlərin, poetik əsərlərin bir və ya bir neçə ölkədən başqa ölkələrə keçməsi) ilə izah edən nəzəriyyə. Dünya mədəni əlaqələrinin vüsət aldığı XIX əsrin 2-ci yarısında meydana gəlmişdir. Bu məktəbin nümayəndələrinin qənaətlərinə görə, dünya xalqları folklor mətnlərini eyni mənbədən götürmüşlər.
İqtibas nəzəriyyəsinin yaranması, əsasən, alman filoloqu Teodor Benfeyin (1809-1881) adı ilə bağlıdır. O, 1859-cu ildə qədim hind abidəsi olan “Pançatantra”nı (“Kəlilə və Dimnə”) (1859) tərcümə və tədqiq edərək, belə qənaətə gəlmişdir ki, müxtəlif xalqların folklor, obraz, motiv və ya süjetlərinin oxşarlığı onların qohumluğu (Qrimm qardaşları) ilə deyil, qarşılıqlı mədəni-tarixi əlaqələrlə izah edilməlidir. Onun fikrinə görə, Qərbə nağıl süjetləri Şərqdən, daha doğrusu, hind nağıllarından keçmişdir, yəni folklor süjetlərinin ilk mənbəyi Şərqdir.Teodor Benfey öz nəzəriyyəsini əsaslandırmaq üçün hətta bu mətnlərin keçə biləcəyi istiqamətləri də müəyyən etməyə çalışmışdır. Bir sıra tarixi (xalqların böyük köçü, müharibələr – xüsusən də Makedoniyalı İsgəndərin yürüşləri, ərəblərin hücumu, səlib müharibələri və s. nəticəsində kütlələrin yerdəyişməsi) və mədəni (VIII əsrdən başlayaraq “Kəlilə və Dimnə”nin ərəb, fars, latın, yəhudi, fransız, ispan və s. dillərə tərcümə edilməsi və s.) ayrı-ayrı folklor süjetlərinin də bir ölkədən digərinə keçməsinə səbəb olmuşdur. Bu fikir R.Keler, M.Landau (Almaniya), E.Kosgen (Fransa), Vladimir Vasilyeviç Stasov, A.N.Pıpin, Aleksandr Veselovski, Fyodor İvanoviç Buslayev (Rusiya) və başqa folklorşünaslar tərəfindən davam və inkişaf etdirilmişdir.
Azərbaycan folklorşünaslığında iqtibas nəzəriyyəsinə meyil Yusif Vəzir Çəmənzəminlinin bəzi tədqiqatlarında (“Xalq ədəbiyyatında bəşəri təmayüllər”, “Xalq ədəbiyyatının təhlili”) özünü göstərir. O, Şərqin Qərbə təsirini T.Benfeydən fərqli olaraq, daha qədimdə, zərdüştiliyin yayılmasında axtarırdı. İqtibas nəzəriyyəsində ifadə olunan proseslər ədəbi əlaqə və təsirin ilkin təzahürlərindəndir.
Tədqiqatçıların əksəriyyətinin fikrinə görə isə diqqəti mədəni, iqtisadi əlaqələr, həmçinin köçlər vasitəsilə folklor süjetlərinin bir xalqdan digərinə keçə biləcəyi prinsipinə yönəltməsi baxımından bu nəzəriyyə əhəmiyyət daşısa da, bütün dünya folklorunu Şərqlə (konkret olaraq, hind) bağlamaq məsələsində yanlış hesab edilir.