"İrəvanda xal qalmadı" — Azərbaycan xalq mahnısı. Muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir[1].
Bu mahnının yaranma tarixi belədir. Şuşalı Cabbar Qaryağdıoğlu İrəvan şəhərində varlı bir şəxsin oğlunun toy məclisini aparırmış. Bəy tərifi zamanı gəlinin atası yarızarafat-yarıciddi deyib ki, bayaqdan bəyi tərifləyirsən, bəs gəlini niyə vəsf etmirsən? Xanəndə gəlinin atasının sözünü yerə salmamaq üçün qızın nişanələrini soruşub. Öyrənib ki, gəlinin üzündə qoşa xal var. O zamanlar gəlini toy əhlinə göstərməzdilər. Cabbar Qaryağdıoğlu bədahətən ürəyindən gələn sözləri musiqiyə bələyərək həmin mahnını qoşub. Təsadüfən yaranan bu mahnının taleyi də uğurlu olub. Cabbar Qaryağdıoğludan sonra ustad xanəndələr "İrəvanda xal qalmadı"nı çox şövqlə oxuyublar. Dildən-dilə keçərək ellərə yayılan mahnı beləliklə öz yaradıcısının adı ilə deyil, el nəğməsi kimi məşhurlaşıb[1].
Deyirlər ki, "İrəvanda xal qalmadı" yox, "xan qalmadı" oxunmalıdır. Onu da deyirlər ki, guya İrəvanda bir qənirsiz gözələ vurulmuş xanlar öz arzularına çatmadıqlarından məhəbbət aşiqinə çevrilərək həyatlarını həmin gözəlin yolunda qurban veriblər. Bu fikir əsassızdır[2]. Fərz edirlər ki, "İrəvanda xan qalmadı" mahnısı İrəvan xanlığının süqutunu və oradakı dəhşətli köçü özündə əks etdirir[3].
Mahnının səs yazısı Cabbar Qaryağdıoğlunun ifasında bu günümüzə kimi gəlib çatmayıb. Cabbar Qaryağdıoğlundan sonra 60-cı illərdə Xan Şuşinski "İrəvanda xal qalmadı" oxuyub, lentə yazdırıb. Xan Şuşinskini Cabbar Qaryağdıoğlunun davamçısı hesab edirlər, ona görə də mahnının ilkin variantına dəyişikliklər etməyib. Bülbül, Seyid Şuşinski, Əbülfət Əliyev və digər müğənnilər bu mahnıya müraciət ediblər, amma bu səs yazıları saxlanılmayıb. Bu günümüzə kimi qorunub saxlanmış və qızıl fonda daxil olmuş yeganə səs yazısı Yaqub Məmmədova məxsusdur.
Nəticə etibarilə "İrəvanda xal qalmadı" mahnısını Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Qədir Rüstəmov, Eynulla Cəbrayılov və digər müğənnilər də ifa ediblər. Qeyd etmək lazımdır ki, bu mahnı iki nəfərin oxumasını tələb edir. Ancaq əsasən solo ifalar müşahidə edilir. Bu mahnını qadın ifaçıları arasında Elmira Rəhimova, Elmira Məmmədova, Qəndab Quliyeva, Səmayə İsmayılovanın adlarını sadalamaq olar. "İrəvanda xal qalmadı" mahnısının ifa olunması əsasən 80-ci illərə təsadüf edir. Məhz bu dövrdə bu mahnı öz şöhrətinin zirvəsində idi. Baba Mahmudoğlu və Elmira Məmmədova "İrəvanda xal qalmadı" mahnısını duet kimi oxuyanlardan birinciləridir. Bu mahnı həmçinin 80-ci illərin ortasında da lentə yazılıb. Gənc müğənnilər arasında bu mahnıya müraciət edənlərdən biri Röyadır. Onun ifası oxucuların yaddaşında müasir, parlaq və ritmik aranjimanla qaldı. Mahnısı rəqs xarakteri daşıdı və bununla belə mahnının milli ruhuna xələl gəlmədi[4].