İranın Azərbaycanda diplomatik nümayəndəliyi

İranın Azərbaycanda diplomatik nümayəndəliyiİranı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında təmsil edən elçilik.

İranın Bakıda konsulluğu 19-cu əsrin 70-ci illərindən fəaliyyət göstərirdi. Çarizmin devrilməsindən (1917) sonra konsulluğun fəaliyyəti daha da canlandı. Lakin İran hökuməti Azərbaycanın istiqlaliyyətini elan etməsini dərin narahatlıqla qarşıladı. Çünki İranın hakim dairələri Azərbaycanın şimalında müstəqil dövlətin yaranmasına Cənubi Azərbaycanın əldən çıxması təhlükəsi kimi baxırdılar. Buna görə də, İran hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanımağa və onunla diplomatik əlaqələr yaratmağa tələsmirdi. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması haqqında istiqlal bəyannaməsinin surəti İstanbuldakı Azərbaycan nümayəndə heyəti tərəfındən oradakı İran konsulluğuna təqdim olunduqda, konsulluq Azərbaycan adlı dövlətin müstəqilliyini tanımadığını bildirdi və bu sənədi qəbul etmədi.

İranın Azərbaycana münasibətində 1918-ci ilin axırından — Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərin, o cümlədən, İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını yəqin etdikdən sonra başladı. İranın Bakıdakı baş konsulu Azərbaycan Parlamentinin açılış mərasimində (1918, 7 dekabr) iştirak etdi. 1918-ci ilin sonunda Paris sülh konfransına gedən İran xarici işlər naziri Əliqulu xan Ənsari yolüstü 2 gün Bakıda qalaraq, Azərbaycan hökuməti ilə danışıqlar apardı. Bu danışıqlarda, həmçinin, 1919-cu ilin yanvarında İstanbulda Əlimərdan bəy Topçubaşovla görüşündə İran diplomatiyasının başçısı Azərbaycanla İranın birləşməsi məsələsini qaldırdı.

Azərbaycan tərəfi bu təklifı rədd etdi və İranla bərabərhüquqlu ikitərəfli əlaqələr yaradılmasını ön plana çəkdi. Azərbaycan Hökuməti bu məqsədlə 1919-cu ilin martında İsmayıl xan Ziyadxanovun başçılığı ilə İrana fövqəladə diplomatik missiya göndərdi. Missiya İran tərəfinə Bakıda və Gəncədə diplomatik nümayəndəlik yaratmağı təklif etdi.

1919-cu ilin sentyabrında İranın yeni xarici işlər naziri Firuz Mirzə bu ölkənin Paris Sülh Konfransında nümayəndə heyətinin başçısı təyin edildikdən sonra İran-Azərbaycan münasibətləri dəyişdi. Hər iki ölkənin nümayəndə heyətləri sıx-sıx görüşərək qarşılıqlı münasibətləri ittifaq səviyyəsinə yüksəltdilər. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün 1919-cu il dekabırın əvvəlində İran hökuməti Seyid Ziyaəddin Təbatəbainin başçılığı ilə Azərbaycana fövqəladə nümayəndə heyəti göndərdi. Dekabrın 30-da Bakıda İran nümayəndə heyətinin başçısı ilə Azərbaycan xarici işlər naziri Məmməd Yusif Cəfərov arasında, siyasi-hüquqi, gömrük-ticarət, poçt-teleqraf sahələri üzrə komissiyalarda danışıqlar aparıldı.

1920-ci il yanvarın 14-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tamnması münasibətilə Azərbaycan hökumətinin təşkil etdiyi diplomatik qəbulda İran nümayəndəliyinin başçısı S.Z.Təbatəbai də iştirak etdi. S.Z.Təbatəbainin İranın Azərbaycanda diplomatik nümayəndəliyinin başçısı kimi fəaliyyəti 1920-ci il fevralın sonuna kimi davam etdi. Həmin il fevralın 20-də İran hökuməti Möhsün xan Vəzirini Bakıya vitse-konsul təyin etdi.

1920-ci il martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında dostluq müqaviləsi və bir neçə saziş, o cümlədən konsulluq haqqında konvensiya imzalandı. Sonuncu sənədə görə İranın Bakıdakı vitse-konsulluğu baş konsulluğa çevrildi.

Fəaliyyətinin dayandırılması

[redaktə | mənbəni redaktə et]

1920-ci il aprelin 27-də 11-ci Qırmızı ordunun müdaxiləsi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə İranın Azərbaycandakı diplomatik missiyasının normal fəaliyyəti pozuldu. Şimali Azərbaycanın Sovet İttifaqı tərkibində olduğu dövrdə 1971-ci ildə Bakıda İran konsulluğu açıldı. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə İran Azərbaycan Respublikası ilə səfirlik səviyyəsində diplomatik əlaqə yaratdı.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 46-47. ISBN 9952-417-44-4.