Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrdə yaratdığı diplomatik nümayəndəliklərdən biri. 1919 ilin fevral-sentyabr aylarında fəaliyyət göstərmişdir[1].
1919-cu ildə Könüllü ordunun Dağıstana doğru irəliləməsi və bir sıra yaşayış məntəqələrini öz nəzarəti altına götürməsi müstəqil dağlı dövlətinin mövcudluğunu böyük sual altında qoymuşdu. Hadisələrin belə şəkil alması təbii ki, Azərbaycanda da ciddi həyəcan və əndişə doğurmuşdu. Məclisi-Məbusanın 6 mart tarixli iclasında Şimali Qafqazdakı vəziyyət xüsusi müzakirə mövzusuna çevrilmişdi. İclasda Müsavat fraksiyası adından danışan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan və dağlı xalqlarının tarixi taleyinin və müstəqillik mübarizəsinin biri-biri ilə sıx bağlı olduğunu, hər iki ölkəyə qarşı yönələn təhlükənin də eyni mənbədən qaynaqlandığını göstərərək demişdi:
Biz bilirdik ki, düşmən ordusu “qəlyanaltısı”nı Dağıstanda eləsə, “naharını” Bakıda yeyəcəkdir. Ona görə də bütün millət və məclis bir tək vahid kimi var qüvvəsi ilə çalışıb bu qara qüvvə qarşısında dayanmalıdır. Və dağıstanlı qardaşlarımıza deməliyik ki, buraxmayın o qara qüvvəyi, qoymayın o istibdadı gəlsin, müharibə edin! Biz də sizinlə varıq! |
Cümhuriyyət Hökuməti Dağlılar Respublikası ilə müntəzəm əlaqələr yaratmaq, Şimali Qafqazda baş verən siyasi və hərbi prosesləri yaxından izləmək üçün 1919-cu ilin əvvəlində Dağlılar Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. Fevralın ilk günlərində Dağlılar Respublikası hökuməti Əbdürrəhim bəy Haqverdiyevin diplomatik nümayəndə təyin olunmasına razılıq verdi. Fevralın 25-də Azərbaycan Hökuməti Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya göndərdi. Azərbaycan diplomatik nümayəndəliyi martın 28-də Temirxan-Şurada fəaliyyətə başladı və elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyinə Denikin ordusunun və rus kazaklarının Terek vilayətinə, həmçinin Çeçenistana hücum etmələri haqqında məlumat göndərdi. Ə.Haqverdiyev 1919-cu il martın 30-da öz etimadnaməsini Dağlılar Respublikası hökumətinin sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə görüşdü və Dağlılar parlamentinin iclasının iştirakçısı oldu[1].
Dağlılar Respublikası üçün son dərəcə ağır olan həmin günlərdə Azərbaycan diplomatik nümayəndəliyinin Temirxan-Şurada fəaliyyətə başlaması Dağlılar Respublikası və bütün Şimali Qafqaz xalqlarına böyük mənəvi və siyasi yardım idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin bu addımı Şimali Qafqazda sevinclə qarşılanmış, ruh yüksəkliyi doğurmuşdu. Diplomatik nümayəndəlik Dağlılar Respublikasındakı Azərbaycan vətəndaşları ilə əlaqə yaratmış, onların hüquqlarının qorunması, ehtiyacı olanlara yardım göstərilməsi işini təşkil etmişdi. Ə.Haqverdiyev aprel-may aylarında Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi məlumatlarda Denikin ordusunun Dağlılar Respublikasına qarşı hərbi əməliyyatları, Dağlılar parlamentində və ictimai dairələrdə Dağıstanın Azərbaycanla birləşməsi məsələsinin qaldırılması və bununla bağlı müzakirələrin gedişi, mayın 31-də Dağlılar Respublikasında general M.Xəlilovun hakimiyyət başına gəlməsi haqqında dəqiq və təfsilatlı informasiya vermişdi. O, iyunun 7-də göndərdiyi məlumatda Denikin ordusunun bütün Dağıstanı tutması, Port-Petrovsk və Dərbənddəki hərbi qüvvələrin sayı və tərkibi haqqında bilgi vermiş, yerli əhalinin əhvali-ruhiyyəsini nəzərə alaraq, Cənubi Dağıstanın Dərbəndlə birlikdə Azərbaycana birləşdirilməsi üçün təcili addımlar atılmasını məsləhət görmüşdü[1].
Martın 31-də isə artıq rəsmi diplomatik nümayəndə kimi fəaliyyətə başlayan Ə.Haqverdiyev hökumətin bütün nazirləri ilə nəzakət görüşündə olmuş, dağlı İttifaq Şurasının (Parlament) iclasında iştirak etmişdi. İştirakçılar onun şəxsində Azərbaycan dövlətini və hökumətini uzun-uzadı alqışlamışdılar. Bu görüşdən sonra Ə.Haqverdiyev öz ölkəsinin XİN-nə yazırdı:
İttifaq Şurasında ziyalı qüvvələr çox azdır - Üzvlərin çoxu ya ruhanilər, ya da var-dövlətlərinə, qohumluq əlaqələrinə görə cəmiyyətdə nüfuz sahibi sayılan insanlardır. Amma onları heç bir halda siyasi xadim hesab etmək olmaz. Siyasi partiyalar yoxdur, yalnız milli əlamətlərə görə yaranan fraksiyalar var: məsələn, çeçenlər, inquşlar, kumıklar və b. İttifaq Şurasının indiki tərkibi təsadüfidir. Seçki keçirmək isə mümkün deyil; əvvəla pul yoxdur, ikincisi də Çeçenistanda və Tersk əyalətində baş verən hadisələr buna imkan vermir. |
1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını başa çatdırdı. Bundan sonra, Dağıstanda Dağlı Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikasındakı diplomatik nümayəndəsi Ə.Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş edirdilər. Ə.Haqverdiyevin aprelin 15-də Xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki:
Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər.[2] |
Dağıstanlı zabitlər,o cümlədən Dağlı Respublikası hökumətində hərbi nazirin müavini olmuş general H.M. Xəlilov da bu mövqedən çıxış edirdilər.
Aprelin 28-də Ə.Haqverdiyev XİN-nə yazırdı:
Dağıstan hərbçiləri bölgənin Azərbaycana birləşdirilməsi ilə bağlı Parlament qarşısında məsələ qaldırıblar. Təklif bu gün hərbçilərin, Parlament üzvlərinin, ruhanilərin və ziyalıların birgə iclasında müzakirəyə çıxarılıb. İclasın davamı sabah axşam olacaq. Xahiş edirəm, müsbət qərar verildiyi təqdirdə necə hərəkət edəcəyimlə bağlı mənə lazımi təlimat göndərəsiniz.[3] |
Azərbaycan diplomatik nümayəndəliyinin bu fəaliyyəti Denikin ordusunun komandanlığını qəzəbləndirmiş, Terek və Dağıstan vilayətlərinin hərbi rəisi general Erdelinin tələbi ilə Ə.Haqverdiyev 1919-cu il iyulun 3-də Temirxan-Şuranı tərk edərək Azərbaycana qayıtmalı olmuşdu. Azərbaycanın konsulluq nümayəndəsi yalnız Port-Petrovskdan Azərbaycana gəlmək istəyənlərə buraxılış vərəqələri verilməsini teşkil etmək üçün saxlanılmışdı. Lakin general Erdeli Azərbaycan konsulluq nümayəndəsinin də fəaliyyətini qadağan etdi. Bununla əlaqədar Azərbaycan xarici işlər nazirliyi 1919-cu il oktyabrın 1-dən Azərbaycanın Dağlılar Respublikasındakı diplomatik nümayəndəliyini ləğv etdi[1].