İrlandiya Həmkarlar İttifaqları Konqresi (ing. Irish Congress of Trade Unions) — İrlandiyanın ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Konqresin sədri Devid Beqdir.
İrlandiyada həmkarlar ittifaqlarının yaranması XVIII əsrə təsadüf edir. Həmin vaxtlarda bənnalar, qəssablar və müxtəlif sahələrin sənətkarları qruplaşaraq yerli təşkilatlar yaradırdılar. XIX əsrin ortalarından etibarən İrlandiya və İngiltərənin fərqli peşə sahibləri həmkarlar ittifaqlarının bünövrəsini daha da möhkəmlədirlər.
Təxminən 1889-cu ildən indiki təşkilatlar yaranmağa başlayır. İlk əvvəl xüsusi fəallığı dəmiryolu və dəniz limanı işçiləri göstərirlər. Vaxt keçdikcə əhatə dairəsi daha da genişlənir və onlara bir sıra sahələrin işçiləri də qoşulurlar. Beləliklə, 1894-cü ildə yuxarıda sadaladığımız peşə sahibləri İrlandiya Həmkarlar İttifaqları Konqresini yaradırlar.
Qurumun 832 min üzvü var. Hazırda Konqresin tabeçiliyində 55 təşkilat fəaliyyət göstərir.
Konqres yarandığı gündən onun əsas məqsədi İrlandiya adasında cəmiyyətdə ədaləti təmin etməkdir. Burada ədalətli cəmiyyət dedikdə, əməkçilərin hüquqlarının qorunması və əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması nəzərdə tutulur. Konqres yaşayış səviyyəsini tək maddi baxımdan qiymətləndirmir. Qurum bura əhalinin incəsənət, mədəniyyət və ümumiyyətlə, ictimaiyyətdə azad seçim hüququna sahib olmalarını daxil edir.
Konqres digər ölkələrdəki oxşar qurumlarla sıx əlaqələr yaradır.