İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, DQMV) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı
İSGƏNDƏR NOVRUZLU | |
---|---|
İngilis Hacı bəy oğlu Qasımov | |
Doğum tarixi | 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 1958 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | şair |
İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır.
İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur. O, 1930-1935-ci illərdə kənddə fəaliyyət göstərən Molla Hətəmovun ərəb-rus dilləri öyrədilən məktəbində oxumuş, sonra Ağdamda Mexanikləşdirmə Texnikumunda təhsilini davam etdirmişdir. Amma 1938-1939-cu illərdə bir neçə tay-tuşu ilə (Şirin Əhmədov, Əzim Əzimov və Bəşir Əkbərov) sovet-fin mübaribəsinə yollandığına görə təhsilini yarımçıq qoymuşdur. Müharibədən yaralanıb qayıtdıqdan sonra 1941-1945-ci il müharibəsində iştirak edib. Cəbhədə yaralanan İskəndər doğma kəndi Novruzluya qayıdır. Lakin sinəsi poeziya nümunələri ilə dolu olan İsgəndər kəndə sığışmadı. Orta boylu, qaşı-gözü qara, yaraşıqlı olan İsgəndərin həm də şaqraq səsi vardı. Şairlik təbi ilə yanaşı gözəl tar çalırdı. Müğənni, tarzən kimi el məclislərində iştirak edirdi.
İskəndərin adı İngilis idi. O zaman hər şeyə şübhə ilə yanaşan, adamlara qara yaxan Sovet hökuməti bəy nəslindən olan İsgəndərə də şübhə ilə baxırdı. Nəhayət, o, yaxasını izlənməkdən qurtarmaq üçün adını dəyişərək İskəndər qoydu və vətəndən uzaqlara – Aşqabada getdi. O, bir müddət Aşqabad filarmoniyasının solisti oldu. Orada olarkən əslən Şuşadan olan (vaxtilə atası, anası oraya Şuşadan gedib) Sona xanımla evlənir. İki oğlu (Rövşən, Nizami), iki qızı (Natella, Nailə) dünyaya gəlir. 1948-ci ildə İskəndər respublikadan kənarda olanda, bədbəxt hadisə – zəlzələ olur, təcili Aşqabada qayıdır, şəhəri xarabazar görür, evini, ailəsini axtarsa da tapmır. Sən demə uçqunun altından salamat çıxanları şəhərdən uzaq xəstəxanalara aparırlar. İsgəndərin axtarışı heç bir nəticə vermir. Kimsəsiz, tək-tənha qalan şair vətənə – Novruzluya qayıdır. Onun kəndə gəlişi böyük nisgilə, məyusluğa səbəb olur. Uzun müddət kənddə yas saxlanılır. Başına müsibətlər gələn İskəndər kənddə darıxır. Şair-bəstəkar təbiətin ona vurduğu amansız yaranı unuda bilmirdi. Hamı onun halına acıyırdı. Eyni zamanda onun istedadını qiymətləndirməyə şərait də yox idi.
Deyirlər, dünya yaxşı adamlardan xali deyil. 1950-ci illərdə böyük hörmət və şöhrət sahibi olan rejissor Adil İsgəndərov yaxından tanıdığı, yaradıcılığına bələd olduğu İskəndər üçün Ağdama gəlir, onunla görüşür. İşsiz olduğunu biləndə onu Novruzlu kənd soveti nəzdində klub müdiri vəzifəsinə təyin etdirir. Günlər, aylar keçsə də İskəndər başına gələn müsibətləri unuda bilmir. O vaxt Ağdam 7 illik musiqi məktəbinin direktoru işləyən Əlipaşa Daşdəmirov və kamança çalan Əli (ayaması Depo idi) tez-tez Novruzluya gəlirdilər. Məqsədləri İskəndərin məlahətli səsinə qulaq asmaq (Əlipaşa müəllim özü yaxşı tarzən idi) təzə şeirlərini dinləmək idi. Qədirbilən adamlar İsgəndəri ovundurur, onu darıxmağa qoymurdular.
Şair-bəstəkar İsgəndər Novruzlu millətinə, torpağına bütün varlığı ilə bağlı bir insandı. Onun bəstələdiyi havalar da xalq ruhunda olduğundan dərhal dillər əzbəri olurdu. Klubdan aldığı maaş əliaçıq, qəlbiaçıq İsgəndəri təmin etmirdi. Buna görə də Qiyaslı tarçalan Rüstəmlə, Novruzludan qarmonçalan Məhiş Abdullayevlə toylara gedirdi. Xanəndə Şahmalı Kürdoğlu ilə də dostluq edirdi.
Ətrafı istedadlı şair-bəstəkar İsgəndər Novruzlunu olduğu kimi qəbul edə bilmirdi. Azad ruhlu İsgəndər onların əhatəsində tək idi. Qanadları qırılmış bir quşa bənzəyirdi, çırpınır, vurnuxur, lakin bir çıxış yolu tapa bilmirdi. Ona əl uzadan, dayaq duran demək olar ki, yoxdu. Tərslikdən ailəsini itirmiş İsgəndərin şair könlünə eşq odu düşmüşdü. Belə ki, İsgəndər özünün həmyerlisi olan bir qızı dəlicəsinə istəyirdi. Lakin müqəddəs bir ailə meyə meyilli, azadlıq sevən, sərbəst hərəkətli İsgəndərə öz qızını rəva bilməmişdi. Bu uğursuzluqdan sonra İsgəndər bir az da bədbinləşir. Beləliklə, o, hər kəsdən küsür, bəzi adamları öz hərəkətləriylə incidir. Bu incikliyin, istedadı qiymələndirməməyin, paxıllığın nəticəsi onun tutulması ilə bitir. 1957-si ildə onu saxta ittihamlarla şərləyərək tutdururlar. Keşməkeşli bir ömür sürmüş istedadlı şair-bəstəkar qəfəsə salınmış bülbül kimi çırpınır. Səsinə səs verən tapılmır. Heç kəs fərqində olmur ki, dillər əzbəri olan “Qarabağın maralı” mahnısının müəllifi Şuşa türməsində xiffətindən gün-gündən saralıb-solur. Dustaq bəstəkarın bəstələdiyi mahnılar isə xalq mahnısı adı ilə toy-düyündə oxunur
İskəndər Novruzlu 1958-ci ildə Şuşa həbsxanasında vəfat edir. Yaxınları onun cənazəsini gətirib Novruzlu kənd qəbiristanlığında dəfn etdirirlər. Beləcə, su sənəyi suda sınır. İsgəndər Novruzlunu şərləyib tutduranların adı bizə bəlli deyil, amma onun mahnıları hər kəsə bəllidir.
İskəndər bəyin qardaşı oğlu Hacı bəy 1973-cü ildə atası Məhəmməd bəylə birgə əmisinin yadigarlarını tapmaq niyyəti ilə Aşqabada gedir. Soraqlaşa-soraqlaşa İsgəndər Novruzlunun həyat yoldaşı Sona xanımı və böyük qızı Natella xanımı tapırlar. Sən demə onlar 1948-ci ildəAşqabadda baş verən zəlzələ vaxtı uçqunun altından salamat çıxarılıb şəhərdən uzaq xəstəxanalara aparıblarmış. İsgəndər Novruzlunun xanımını və qızını Ağdama, Novruzluya gətirmək istəsələr də, onlar şair-bəstəkarın vəfatı xəbərini eşitdikdən sonra Qarabağa gəlmək fikrindən daşınırlar.
İskəndər Novruzlu çoxsaylı şerlər (qoşma, qəzəl və s.) yazmış, yazdığı şeirlərin bir çoxuna mahnı da bəstələmişdir. Bəstələdiyi dillər əzbəri olan mahnılar ("Qarabağın maralı", "Ağdam", "Bakılısan sən" və s.) uzun müddət (hətta indi də) yanlış olaraq xalq mahnısı kimi təqdim olunmuşdur. Yaradıcılığında təbiət gözəlliklərinin tərənneme xüsusi yer tutur. Yazdığı şerlərin çox az bir qismi günümüzə gəlib çatmışdır. Söyləyirlər ki, İsgəndər Novruzlu həbsdə olanda da çoxlu şeirlər yazıb. Onun şeir dəftərlərinin çoxu, deyilənə görə, Seyidlidən tarçalan Şahmalının əlinə keçib. İskəndər Novruzlunun həyat və yaradıcılığının toplanması və bu günə gəlib çatmasında qardaşı oğlu Hacı bəy Məhəmmədoğlu, əməkdar müəllim Səlim Əzimov, ziyalı Tağı Abdullayev, tədqiqatçı Ənvər Çingizoğlu və b. xüsusi xidmətləri olmuşdur. Onun yaradıcılığının toplanması istiqamətində axtarışlara bu gün də böyük ehtiyac var.