İskəndərin Çin xaqanı ilə görüşü — 1524-1525-ci illərdə hazırlanmış Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Metropoliten muzeyində (fol.213) saxlanılan bu əlyazma məşhur xəttat Sultan Məhəmməd Nur[1] tərəfindən köçürülmüşdür. [2] Əlyazmasında ümumilikdə müxtəlif rəssamlar tərəfindən çəkilmiş 15 miniatür vardır. [3]
İskəndərin Çin xaqanı ilə görüşü | ||
---|---|---|
| ||
Rəssam | Sultan Məhəmməd | |
Tarixi | 1524-1525 | |
Saxlanıldığı yer | Metropoliten muzeyi |
Nizaminin “İskəndərnamə” poemasında, İskəndər Çin xaqanından yeddi illik xərac istəyir. Xaqan bunun cavabında söyləyir ki, “Mən razıyam, ancaq bir şərtlə ki, bundan sonra yeddi il yaşayacağıma yazılı sənəd verəsən.” [4] Bu cavab İskəndərin xoşuna gəlir və bir illik xərac ilə kifayətlənəcəyinə söz verir. Xaqan xəracı gətirmək üçün bir günlük möhlət alıb geri qayıdır. Lakin ertəsi gün böyük ordu ilə İskəndərin qərargahına yaxınlaşır. İskəndər qoşunu gördükdə elə zənn edir ki, çinlilər qəflətən hücuma keçmişlər. Bu zaman xaqan bildirir ki, o, vuruşmaq fikrində deyil və özü ilə ona görə qoşun gətirmişdir ki, onun təslim olmasını zəiflik əlaməti kimi qiymətləndirməsinlər. Xaqanın bu ağıllı hərəkətini bəyənən İskəndər, Çindən xərac almaq fikrindən əl çəkərək, xaqanla dostlaşır və qonaq kimi onun sarayına gedir.
Rəssam bu miniatürdə ədəbi təsvirin təfərrüatına varmış və onu rəsm dilinə çevirmişdir.[5] Şairin təsvir etdiyi ağıllı, tədbirli Çin xaqanının müdrikliyini miniatürdə gözə çapdırmaq üçün onun fiqurunu böyük planda və kompozisiyanın mərkəzində, İskəndərin obrazını isə ikinci planda vermişdir. Miniatürdə xaqanın tünd yerlikdə açıq rəngli paltarda verilməsindən doğan rəng kontranslığı obrazın baxımlı və ifadəli çıxmasına səbəb olmuşdur.[5]
Miniatürdə müəllifin imzası yoxdur.[3] Lakin, tədqiqatçı K. Kərimov dəlillərlə əsərin Sultan Məhəmmədin fırçasına aid olmasını sübut edir. O, qeyd edir ki, “bu miniatürün obrazlı ifadə vasitələri, ümumi kompozisiya, personajların tipi, hadisənin vaqe olduğu mənzərənin təsviri və sair kimi üslubi xüsusiyyətlər Sultan Məhəmmədin 1539-1543-cü il tarixli əlyazmaya, habelə digər əlyazmalarına çəkdiyi miniatürlərlə ümumi oxşarlıq təşkil edir.”[6]