Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sultan Məhəmməd (1470-ci illər[1], Təbriz[3] – 1555[1], Təbriz[3]) – mənşəcə Azərbaycan türklərindən olan rəssam, XVI əsrdə Təbriz miniatür məktəbinin banisi.[4]
Sultan Məhəmməd | |
---|---|
fars. سلطان محمد | |
| |
Doğum tarixi | 1470-ci illər[1] |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | 1555[1] |
Vəfat yeri | Təbriz |
Uşağı | |
Fəaliyyəti | rəssam, illüstrasiyaçı[d] |
Janr | miniatür sənəti |
Vikianbarda əlaqəli mediafayllar |
Şərqin bir çox elm və sənət ustaları kimi Sultan Məhəmməd haqqında da bioqrafik məlumat, demək olar ki, yoxdur. O, təqribən 1470-ci ildə anadan olmuş və XVI əsrin ortalarında vəfat etmişdir.
Sultan Məhəmməd yaradıcılıqının görkəmli tədqiqatçısı K. Kərimov ustada həsr etdiyi əsərində orta əsr təzkirələrindən çətinliklə toplaya bildiyi məlumatları gətirir.
Onun müşahidəsinə görə rəssamlar haqqında bəhs olunan ən erkən mənbələrdən biri, 1544-cü ildə Dust Məhəmməd tərəfindən qələmə alınmış "Halati-hunər-vəran" əsərində belə deyilir: "Birinci sırada öz əsrinin yeganəsi olan ustad Nizam əd-Din Sultan Məhəmməd dayanır. Onun rəsmləri, xüsusilə də şah (I Şah Təhmasib nəzərdə tutulur) həzrətlərinə həsr olunmuş "Şahnamə"si çox gözəldir. Burada pələng dərisi geymiş adam elə inandırıcı təsvir olunub ki, pələng ürəyi yemiş ən ürəkli sənətkarlar belə həmin əsərə həsədlə baxmış və ustadın qarşısında baş əymişlər." Daha sonra K. Kərimov Qazi Əhməd adlı bir müəllifin 1596–1597-ci ildə qələmə alınmış "Gülüstani hünər dər halat-i xəttatan və nəqqaşan" adlı əsərindən aşağıdakı sətirləri yada salır: "Ustad Sultan Məhəmməd əslən paytaxt şəhəri Təbrizdəndir. Usta Behzadın Heratdan İraqa gəldiyi vaxtda Ustad Sultan Məhəmməd şahın kitabxanasında işləyirdi. Məskəni behişt, yeri cənnət bağları olsun, usta Behzad dörd iqlimin bu Xosrovunun yanında məşğul oldu və onun cənnətə layiq sənətkarlığı rəssamlıq sahəsində bu səviyyəyə yüksəldi. Ustad Sultan Məhəmməd qızılbaşları hamıdan yaxşı təsvir edirdi. O, cənnətə də elə Təbriz şəhərindən köçdü." XVII əsrin əvvəllərində yaşamış görəmli tarixçi İskəndər bəy Türkman Münşi şəhadət verir ki, "Əlahəzrət Şah Təhmasib ustad rəssam Sultan Məhəmmədin şagirdi olmuşdur". Daha sonra o yazır: "O (Şah Təhmasib) özünün yaxşı təchiz olunmuş kitabxanasında nəcib rəssamlıq sənətinin kamillik zirvəsinə çatmış və fırçalarının zərifliyi ilə böyük şöhrət qazanmış ustad sənət-karlar olan Behzad və Sultan Məhəmmədin mövqelərini möhkəmləndirdi."
Sultan Məhəmmədin həyatı və yaradıcılığı haqqında onun zəngin bədii irsindən daha çox məlumat əldə etmək mümkündür. Yuxarıda haqqında bəhs etdiyimiz həmin kitabxana əslində İncəsənət Akademiyası rolunu oynamışdır. Kitabxananın fondu daim zənginləşdirilir və təzələnirdi. Özü də yalnız kitab alqı-satqısı ilə məşğul olan xüsusi adamların sayəsində deyil, həm də buranın öz emalatxanalarında kitablar yaradan ustaların zəhməti hesabına. Elə buradakı saray emalatxanalarında bədii parça və xalçalar da toxunurdu. Buraya hər yerdən ən yaxşı xəttatlar, miniatürçülər, cild hazırlayan və onları bədii cəhətdən işləyən mütəxəssislər, mürəkkəb və rəng bişirən, habelə kağız hazırlayan ustalar dəvət olunurdu.
A. Y. Qaziyevin yazdığına görə, əlyazma nüsxələrinin hazırlanması prosesi "bədii yaradıcılıgın dörd sahəsini xəttatlığı, miniatür sənətini, ornamental-dekorativ sənəti və cildçilik işini əhatə edirdi. Bu sahələrin mütəxəssislərinin qüvvəsi ilə bədii əlyazmalar yaradılırdı. Onların fəaliyyəti bir-biri ilə sıx bağlı idi və əlyazmanın təyinatından, həmçinin sifarişçinin ictimai vəziyyətindən irəli gələn ümumi tələblərə cavab verməliydi." Bundan başqa həmin kitabxana həm də cavan rəssam və xəttatların, habelə yardımçı sənət ustalarının təhsil aldıqları məktəb idi.
Özbək hakimi Şeybani xanın məğlubiyyətindən sonra 1510-cu ildə Şah I İsmayılın qoşunları Herata girərkən oradan bir çox rəssamları özləri ilə Təbrizə gətirmişdilər. İngilis sənətşünası Bazil Qreyin yazdığı kimi 1521-ci ildə böyük Behzad da görünür, şah İsmayılın göstərişi ilə Heratdan buraya gəlir. İsfahan, Qəzvin və İranın digər iri şəhərlərindən gəlmiş ustalar da burada çalışırdılar. O zaman artıq Sultan Məhəmməd saraydakı bədii emalatxanaya rəhbərlik edir, saray kitabxanasının baş rəssamı və şahzadə Təhmasibin müəllimi idi. Behzadın Təbrizə gəlişindən bir il və ya daha az bir müddət sonra 1522-ci ildə şah İsmayıl özünün xüsusi fərmanı ilə onu Kitabdar (kitabların qorunmasına cavabdeh şəxs) və baş sənət müfəttişi təyin edir. Ancaq şah İsmayılın ölümündən sonra onun oğlu şah I Təhmasib həmin vəzifəyə yenidən Sultan Məhəmmədi qaytarır.
Budaq Qəzvini (1530–1556) yazır ki, şah Təhmasib üçün 1537-ci ildə məxsusi köçürülmüş "Şahnamə"nin məşhur əlyazma nüsxəsi üzərində dövrün ən tanınmış xəttat və miniatürçüləri düz 30 il işləmişdilər. Köçürülməsi və illüstrasiyası üçün 5–10, hətta 20–30 il lazım gələn əlyazmaları haqda başqa orta əsr müəlliflərinin də əsərlərində qeyd olunur. Beləliklə, Şah Təhmasibin vaxtında hazırlanan bəzi əlyazmaları üzərində iş hələ Şah İsmayılın vaxtında başlamışdı. Bu isə o deməkdir ki, həmin əlyazmalar üzərində iş Behzad Təbrizə gəlməmiş başlanıb.
Əlyazmalara çəkilmiş miniatürlərdən başqa Sultan Məhəmməd ayrı-ayrı vərəqlərdə bir sıra portret və süjetli kompozisiyalar da işləmişdir. "Ehtimal ki, bu dövrdə şahın emalatxanası yalnız əlyazma kitablarının hazırlanması ilə deyil, həm də saxsı və metaldan məmulatlar düzəltmək, xalçalar və ipək parçalar toxumaq işi ilə də məşğul olurdu. Həmin sənət əsərlərinin üzərində müxtəlif naxışlar vurulur, süjetli miniatürlər çəkilirdi." Azərbaycan dekorativ-tətbiqi sənəti üzrə tanınmış mütəxəssis Rasim Əfəndi də ehtimal edir ki, dünyanın bir çox muzeylərində saxlanan və bədii həlli etibarilə nadir olan dekorativ-tətbiqi sənət nümunələrinin üzərinə çəkilmiş gözəl təsvirlər Sultan Məhəmməd fırçasına məxsusdur.
Sultan Məhəmmədin Şərq poeziyası klassiklərinin əsərlərinə çəkdiyi miniatürlər, eyni zamanda ayrı-ayrı mövzularda yaratdığı miniatürlər dünyanın ən yaxşı muzeylərində və şəxsi kolleksiyalarda qorunmaqdadır. Dahi sənətkarın özünün və onun məktəbindən olan digər rəssamların əsərləri beynəlxalq hərraclarda yüksək qiymətləndirilir. Onun əsərlərindən "Şahnamə" (1573) hazırda Nyu-Yorkdakı Metropoliten, Nizami "Xəmsə"si (1539–1543) Londondakı Britaniya Muzeyinin, Hafiz "Divan"ı Kembricdəki Foqq muzeylərinin bəzəyidir.
Londandakı Britaniya Muzeyində saxlanan və Şah Təhmasib üçün məxsusi hazırlanmış Nizami "Xəmsə"si mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir. Həmin nadir incinin qazandığı dünya şöhrətini Sultan Məhəmməddən başqa görkəmli Azərbaycan xəttatı Şah Mahmud Nişapuri, haqqında söz açdığımız emalatxananın miniatürçü rəssamlarından Ağa Mirək, Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli və Müzəffər Əli də bölüşürlər. Əslində, bu kitaba Sultan Məhəmmədin cəmi dörd miniatürü?" Xosrovun çimən Şirinə baxıb həzz alması", "Bəhram Gurun şir ovuna çıxması", "Sultan Səncər və qarı" və "Peyğəmbərin me'racı" əsərləri daxil edilib, lakin elə bu dörd əsər də həmin əlyazmanın əbədiləşməsi üçün kifayət etmişdir.
Əgər öz sağlığında Sultan Məhəmməd haqqında az yazılmışsa, bizim dövrümüzdə dünyanın ən müxtəlif ölkələrində onun haqqında bir çox əsərlər yaradılmışdır. Bütün tədqiqatçılar bir qayda olaraq onu Təbriz miniatür məktəbinin başçısı, Şərqin dahi miniatürçüsü, XVI əsrin miniatür sənətində yeni istiqamətin yaradıcısı kimi qəbul edirlər. Araşdırıcıların bir çoxu onun hətta Behzaddan da böyük sənətkar olduğunu söyləyir, bəziləri isə onları eyni səviyyədə dahi şəxsiyyət hesab edirlər. Sultan Məhəmmədin illüstrasiyaları ilə bəzədilmiş hər üç əlyazması — Hafiz "Divan"ı, Firdovsi "Şahnamə"si və Nizami "Xəmsə"si onlar tərəfindən orta əsrlərin kitab sənətinin ən kamil nümunələri sayılır. Rəssamın əsərlərini tədqiq etmiş araşdırıcılar arasında ilk növbədə F. Martinin, F. Şultsun, K. Kərimovun, A. Qazıyevin, Q. Marteonun, A. Veverin, E. Künelin, İ. Şukinin, B. Robinsonun, B. Veymarnın və başqalarının adlarını çəkmək olar.
XVI əsrdə yaranmış Təbriz miniatür məktəbinin başında durmuş Sultan Məhəmmədin təbii ki, çoxsaylı şagird və ardıcılları vardı. Buna görə də onu "Ustad" deyə çağırmışlar. Ustadın tələbələri arasında onun öz oğlanları Mirzəli və Məhəmməd bəyi, yaxın qohumu Mir Zeynalabdini, habelə Mir Seyid Əli, Müzəffər Əli, Şah Məhəmmədi və başqalarını göstərmək olar. Adlarını çəkdiyimiz rəssamların hər biri böyük sənətkar olmaqla Sultan Məhəmməd ənənələrini davam etdirərək, Azərbaycan miniatür sənətinin gələcək inkişafına təkan vermişlər. Sultan Məhəmmədin tələbələri və onun məktəbinə mənsub rəssamlar Təbriz məktəbinin ənənələrini bütün Şərqə yaymışlar. Təkcə elə Türkiyə və Hindistana getmiş rəssamları xatırlamaq kifayətdir. Bunlar arasında Türkiyənin miniatür sənətinin inkişafında müstəsna rol oynamış Şah Qulunu və imperatorlardan Humayun və Əkbərin sarayında uzun müddət çalışaraq, Hindistanın kitab miniatürü sahəsində silinməz izlər qoymuş Mir Seyid Əlini xüsusi qeyd etmək lazımdır.