İslam İbrahimov (iqtisadçı)

İslam Hacı oğlu İbrahimov (17 yanvar 1948, Əlibəyli, Tovuz rayonu) — iqtisad elmləri doktoru, professor, şair, "Əməkdar Kənd Təsərrüfatı işçisi", Azərbaycan Jurnalistlər BirliyininAzərbaycan Yazıçılar Birliyinin üzvü.

İslam İbrahimov
İslam Hacı oğlu İbrahimov
Doğum tarixi (76 yaş)
Doğum yeri Tovuz, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Xalq təsərrüfatının iqtisadiyyatı
Elmi dərəcəsi İqtisad elmləri doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
"Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı — 2012

İslam Hacı oğlu İbrahimov 17 yanvar 1948-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində koxozçu ailəsində anadan olmuşdur.[1] 1955-ci ildə Əlibəyli kənd orta məktəbinə daxil olmuş və həmin məktəbin XI sinfini 1966-cı ildə bitirmişdir. Həmin ildə D. Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indi Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyəstatistika fakültəsinə daxil olmuş və həmin institutu 1970-ci ildə bitirmişdir. Ali məktəb illəri tələbə İslamın elmə yiyələnməsi ilə yanaşı, onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. İnstitutda dərs əlaçısı olmuşdur. İntizamlı olmasına, yaxşı oxuduğuna və fəal tələbə olduğuna görə institutun rəhbərliyi onun oxuduğu orta məktəbə və valideynlərinə təşəkkür məktubları göndərmişdir. İnstitutun təyinatına müvafiq iyul 1970-ci ildə Mərkəzi Statistika İdarəsinin Respublika Hesablama Mərkəzində iqtisadçı vəzifəsində çalışmışdır. 1970-ci ilin noyabrından 1971-ci ilin noyabrına qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra yenidən Respublika Hesablama Mərkəzində iqtisadçı vəzifəsində işləmişdir. İslam İbrahimovun elmə həvəsi və marağı onu yenidən təhsil aldığı instituta gətirmişdir. O, 1972-ci ilin sentyabrında istehsaldan ayrılmaqla D. Bunyadzadə adına Az. XTİ-nin aspiranturasına daxil olmuş və oranı 1975-ci ildə bitirmişdir. 1976-cı ilin may ayında dissertasiya müdafiə edərək, xalq təsərrüfatının iqtisadiyyatı (kənd təsərrüfatı), təşkili və planlaşdırılması ixtisası üzrə iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. Aspiranturanı qutardıqdan sonra Ədliyyə Nazirliyinin tələbi ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda sentyabr 1975-ci ildən noyabr 1980-ci ilədək baş elmi işçi vəzifəsində işləmişdir. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun elanlarına müvafiq 1981-ci ilin mart ayından iyun ayınadək həmin institutda baş elmi işçi işləmişdir. iyun 1981-ci ildən köçürmə yolu ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində əmək haqqı idarəsinin rəisi, oktyabr 1981-ci ildən yanvar 1986-cı ilədək Baş Plan İqtisad İdarəsinin rəisi vəzifəsində işləmişdir. 1983–2004-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvü olmuşdur. 1986-cı ildən Dövlət Aqrar Sənaye Komitəsində Plan iqtisad idarəsinin rəisinin müavini, şöbə rəisi, 1989-cu ilin fevralından isə Baş Plan İqtisad İdarəsində planlaşdırma idarəsinin rəisi, Baş idarənin rəisinin müavini vəzifəsində işləmişdir. 1994-cü ilin avqustundan 1995-ci ilin sentyabrınadək Kənd Təsərrüfatı Nazirinin müavini, 1995-ci ilin sentyabr ayından isə Baş Aqrar İslahatlar idarəsində rəis, 2005-ci ildən 2013-cü ilədək Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri vəzifəsində işləyib. Hazırda professor İ. İbrahimov Bakı Biznes Universitetində kafedra müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İslam İbrahimov bazar münasibətləri şəraitində kənd təsərrüfatının iqtisadiyyatı, idarə olunması və təşkili problemləri ilə əlaqədar materiallar hazırlanmasında bilavasitə iştirak etmiş, 25-dən çox müxtəlif səviyyələrdə təşkil olunmuş beynəlxalq və respublika yığıncaqlarında, elmi-praktiki konfranslarda və seminarlarda məruzələrlə çıxışlar etmişdir. İslam İbrahimov kənd təsərrüfatının iqtisadiyyatının aktual problemləri ilə əlaqədar tez-tez mətbuatda, radio və televiziya ilə çıxışlar edir. O, aqrar bölmənin bazar münasibətlərinə keçirilməsi və fəaliyyətinin tənzimlənməsi, istehsalın keyfiyyətinin və səmərəlililyinin yüksəldilməsi yolları, forma və üsullarına dair praktiki əhəmiyyətə malik təkliflər və tövsiyələr hazırlanmasında xüsusi təşəbbüskarlıq göstərir. Onun yeni təsərrüfatçılıq şəraitində iqtisadi münasibətlərin formalaşdırılması və sahibkarlığın inkişafına dair hazırladığı çoxsaylı təkliflərə Nazirliyin Kollegiyasında baxılmış, bəyənilərək istifadə üçün müvafiq təşkilatlara göndərilmişdir. İslam İbrahimov bazar münasibətləri şəraitində iqtisadi mexanizmin formalaşdırılması, xüsusən aqrar bölmədə islahatların həyata keçirilməsi ilə əlaqədar sahibkarlığın problemləri və iqtisadi məsələlərə dair normativ sənədlərin və proqramların hazırlanmasında fəal iştirak etmişdir. O, "Aqrar islahatının əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Kooperasiya haqqında", "Ailə kəndli təsərrüfatı haqqında" qanun layihələrinin, bir sıra əsasnamə və qaydaların, "1999–2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı"nın (1999), "Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı"nın (2001), "2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın (2003), "2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın (2008) və digər sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir. O, aqrar islahat və dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə əlaqədar dəyərli təkliflər hazırlamış, direktiv orqanlarla müzakirəsində fəal iştirak etmişdir və bu istiqamətdə öz fəaliyyətini indi də davam etdirir. Öz taleyini elmlə bağlayan İslam İbrahimov müntəzəm olaraq elmi axtarışlarını davam etdirmiş, tələbkar və təcrübəli mütəxəssis kimi aqrar iqtisadiyyatın elmi-nəzəri məsələləri ilə məşğul olmuşdur. O, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyası aqrar bölmənin ən vacib probleminə, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsinin iqtisadi problemlərinə həsr edilmişdir. Tədqiqat işində mülkiyyətin və təsərrüfatçılığın müxtəlif formalarının inkişafı, kənddə yeni istehsal-iqtisadi münasibətlərin formalaşdırılması zəruriliyi nəzərə alınmaqla maldarlıq məhsulları istehsalının artırılmasının, keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinin kompleks məsələləri araşdırılmış, dəyərli təkliflər hazırlanmışdır. Mənalı ömrünü Azərbaycanın aqrar iqtisadiyyatına həsr edən İslam İbrahimov 2004-cü ildən professordur. Professor İslam İbrahimov BMT-nin Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvüdür. 2009-cu ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, 2012-ildə "Əməkdar Kənd Təsərrüfatı işçisi"[2] fəxri adı ilə təltif edilmişdir. İqtisad elmləri doktoru, professor İslam İbrahimovun 260 — dan çox əsəri, o cümlədən 15-dən çox kitab və monoqrafiyası dərc olunmuşdur.

Professor 1995–2011-ci illərdə Yunanıstanda, Fransada, İtaliyada, Türkiyədə, Böyük Britaniyada, Almaniyada, ABŞda, Hollandiyada, İsraildəMacarıstanda ezamiyyətdə olmuş, aqrar iqtisadiyyat məsələləri ilə əlaqədar beynəlxalq seminar və görüşlərdə çıxışlar etmişdir. İslam İbrahimov elmi kadrların hazırlanmasında fəal iştirak edir. Onun rəhbərliyi ilə 12 nəfər elmlər namizədi müdafiə etmişdir, o, 30-dan çox elmlər namizədi və elmlər doktoru nun rəsmi opponenti olmuş və hazırda 5 nəfər dissertantın elmi rəhbəridir. İslam İbrahimov Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda 1993-cü ildən 2010-cu ilədək ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olmuşdur.

Elmi kitabları

[redaktə | mənbəni redaktə et]
  • "Əmək və məhsulun keyfiyyətinin yaxşılaşdırılması yolları" (1982);
  • "Heyvandarlıqda keyfiyyət" (1985);
  • "Bazar iqtisadiyyatı və qiymət" (1992);
  • "Bazar iqtisadiyyatı şəraitində keyfiyyət və səmərəlilik" (1994)";
  • "Aqrar islahatın təşkilati-iqtisadi mexanizmi" (1998);
  • "Aqrar iqtisadiyyatın aktual problemləri" (2002);
  • "Aqrar iqtisadiyyatın əsasları" (2003);
  • "Kənd təsərrüfatının mövcud inkişaf meyilləri və milli sahibkarlığın problemləri" (2003);
  • "Sahibkarlıq fəaliyyətinin iqtisadi-hüquqi mexanizmi" (2004);
  • "Kənd təsərrüfatının inkişafı və sahibkarlığın formalaşması problemləri" (2005);
  • "Aqrar islahatlar və sahibkarlığın inkişafı" (2005);
  • "Regionlarda sahibkarlığın inkişaf meyilləri və xüsusiyyətləri" (2007);
  • "Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi məsələləri" (2010);
  • "Məhsuldar qüvvələrin yerləşdirilməsi" (2014);
  • "Ətraf mühitin iqtisadiyyatı" (2015) 
  • "Aqrar sahənin iqtisadiyyatı" (2016) kitabların müəllifidir;
  • "Regionların və işğaldan azad edilmiş ərazilərin inkişaf istiqamətləri" (2022).

Ədəbi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İslam İbrahimov sözə, şeirə bağlı insandır. O, doğulub boya-başa çatdığı Tovuzun Əlibəyli kəndinin adını özünə təxəllüs götürmüşdür. İslam İbrahimov (Əlibəyli) "Azərbaycan Jurnalistlər Birliyi"nin və "Azərbaycan Yazıçılar Birliyi"nin üzvüdür. Nəcib poetik duyğuları, hissləri nəğmələşib, misralara çevrilib və onun "Sevirəm de" (2000), "Unuda bilmirəm" (2004), "Duyğulu anlarım" (2011) şeirlər kitabı nəşr olunmuşdur. "Araz" Ali Ədəbi mükafatı, "İlin vətənpərvər adamı", "Şərəf" və "Qızıl Qələm" mükafatı laureatıdır. Şerlərinə bəstələnmiş mahnılar tanınmış mügənnilər tərəfindən oxunur. İslam İbrahimov həm də publisist məqalələri ilə tanınır.

Onun "Nizami poeziyasında kənd təsərrüfatı", "Səməd ürəklərdə yaşayır", "Zirvələr oğluyam deyən şair" və s. məqalələri maraqla qarşılanmışdır. Maraqlı, mənalı həyat yolu keçən, zəngin elmi axtarışları ilə seçilən, çoxşaxəli fəaliyyəti ilə vətənə, xalqa iqtisadiyyat elminin incilərini bəxş edən təcrübəli mütəxəssis, görkəmli alim, xeyirxahlığı və sadəliyi ilə insanların qəlbinə yol açan gözəl insan İslam İbrahimov həyatının müdriklik dövrünü yaşayır.

  1. "GÖRKƏMLİ AQRAR İQTİSADÇI ALİM". 2017-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-10.
  2. Azərbaycan Respublikasının kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • "Azərbaycan aqrar elmi" jurnalı, № 2–6, 2004-cü il. səh.78–81.
  • "Aqrar iqtisadçı alimlər", Kitab, Bakı-2012, "Şərq-Qərb" Nəşriyyat Evi