Azərbaycan Jurnalistlər Birliyi

Azərbaycan Jurnalistlər Birliyi (AJB) – Azərbaycanda müstəqil, azad, könüllülük əsasında fəaliyyət göstərən ictimai, eyni zamanda yaradıcı təşkilat.

Azərbaycan Jurnalistlər Birliyi
Növü Müstəqil İctimai Təşkilat
Yaranma tarixi 1955
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Bakı, Azərbaycan
Sədr Elçin Şıxlı
Üzvləri 3000
ajb.az

Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllülük əsasında fəaliyyət göstərən ictimai, yaradıcı təşkilatdır. O, 1000-dən artıq qəzetjurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000-ə yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli AJB istisnasız olaraq istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır.

AJB jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olur, Kütləvi İnformasiya Vasitələrin (KİV), azad sözün, plüralizmdemokratiyanın inkişafına yardım edir, mətbuat haqqında mütərəqqi qanunların qəbul edilməsi üçün mübarizə aparır, müxtəlif görüşlər, seminarlar təşkil edir, müsabiqələr keçirir, hər il ölkənin istedadlı jurnalistləri arasından 12 nominasiya üzrə laureatları müəyyənləşdirir, onları 22 İyul Milli Jurnalistika günündə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adını daşıyan mükafatla təltif edir. AJB respublikanı beynəlxalq görüşlərdə, qurultaylarda, konfranslarda, konqreslərdə təmsil edir, xarici ölkələrin KİV-ləri haqqında bank məlumatları toplayır. Özünün ancaq üzvlük haqlarından formalaşan cüzi gəliri olduğuna baxmayaraq, qaçqın jurnalistlərə, işğal altında olan rayonların qəzet redaksiyalarına, təqaüddə olan mətbuat işçilərinə yardımlar edir.

Azərbaycan Jurnalistlər Birliyi ilk olaraq 1955-ci ildə, Azərbaycan KP MK–nın qərarı ilə Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosu kimi fəaliyyətə başlamışdır. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan sənədlərdə 1955–1959-cu illər arasında Təşkilat Bürosunun Jurnalistlər İttifaqının yaradılması istiqamətində apardığı işlər, jurnalistlərin peşə hazırlığının artırılması məqsədi ilə təşkil etdiyi kurslar, seminarlar, konfranslar və digər tədbirlər haqqında müfəssəl məlumat var.

Azərbaycan Jurnalistlər İttifaqının ilk təsis qurultayının keçirilməsi ilə əlaqədar Təşkilat Bürosunun sədri həmin illərdə AKP MK-nın Təbliğat və Təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmış Şıxəli Qurbanovun Azərbaycan KP MK-nın Bürosuna göndərdiyi fevral 1959-cu il tarixli məktubunda jurnalistlərin qurultayının Sov. İKP-nin növbədənkənar XXI qurultayından sonra keçirilməsi xahiş olunur, həmçinin SSRİ Jurnalistlər İttifaqı Təşkilat Bürosunun Sov. İKP MK ilə razılaşdırdığı aşağıdakı məsələlərin gündəliyə salınmasını tövsiyə etdiyi vurğulanır:

  1. Sov. İKP - nin XXI Qurultayının qərarlarının həyata keçirilməsində respublika jurnalistlərinin vəzifələri;
  2. Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosunun hesabatı.

Təşkilat Bürosunun sədri Şıxəli Qurbanovun SSRİ Jurnalistlər İttifaqı Təşkilat Bürosuna göndərdiyi 19 mart 1959-cu il tarixli məktubunda isə Azərbaycan jurnalistlərinin ilk təsis qurultayının 28 mart 1959-cu ildə keçiriləcəyi bildirilir. Azərbaycan Jurnalistlər İttifaqının (AJB) yaranışı rəsmən bu tarixlə başlayır.

Ötən 50 il ərzində Azərbaycan Jurnalistlər İttifaqı (AJB) şərəfli yol keçmiş, respublikada peşəkar jurnalistikanının yaranmasında müstəsna xidmətlər göstərmiş, azad sözün, çoxfikirliliyin keşiyində dayanmış, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə çevik münasibət bildirmiş, jurnalistlərin sosial problemlərinin həllində yaxından iştirak etmişdir.

1990-cı ilin 20 Yanvar hadisələrindən sonraBakıda kütləvi tədbirlərin keçirilməsi qadağan olunduğu üçün Azərbaycan Jurnalistlər İttifaqının (AJB) katibliyi yanvarın 30-da Gəncə şəhərində İdarə Heyətinin plenumunun keçirilməsi haqda qərar qəbul edir. Plenumda mövcud şəraitlə bağlı jurnalistlərin qarşısında duran vəzifələr geniş müzakirə olunur, Bakıda və ölkənin digər bölgələrində baş verən qanlı hadisələrin səbəbkarları kəskin tənqid edilir, müttəfiq respublikaların parlamentlərinə, Jurnalistlər İttifaqlarına, o cümlədən BMT və BJF-a müraciət qəbul olunur. Həmin vaxtlarda respublikada poçtteleqraf nəzarətdə olduğundan AJİ (AJB)–nin əməkdaşları bu müraciəti faciəni əks etdtrən fotolarla birlikdə Dağıstana aparır,oradan lazımi ünvanlara göndərirlər.

Bunun davamı kimi plenumda AJİ–nın SSRİ Jurnalistlər İttifaqının tabeliyindən çıxması haqda böyük səs çoxluğu ilə qərar qəbul edilir. İndiyə qədər Azərbaycan Jurnalistlər İttifaqının (AJB) 9 qurultayı keçirilib.

1992-ci ildə keçirilən 8-ci qurultayda təşkilatın adındakı İttifaq sözü Birlik sözü ilə əvəzlənərək Azərbaycan Jurnalistlər Birliyi adlandırılıb.

Ayrı–ayrı vaxtlarda İsrafil Nəzərov, Kamran Rəhimov, Ağababa Rzayev, Rəşid Mahmudov, Rafiq Zeynalov, Hacı Hacıyev kimi görkəmli jurnalistlər təşkilata sədrlik etmişlər. 2006-cı ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]