İslamofobiya

İslamofobiya — "İslam qorxusu" mənasını verən termin. Termin kimi İslamdanmüsəlmanlardan qorxmanı, çəkinməni ifadə edir. Bu gün İslamofobiya deyildiyi zaman iki məsələ ortaya çıxır. Bunlar İslam dinini anlamaq və öyrənməkdən qaynaqlanan bir qorxu ilə bərabər, müsəlmanlara qarşı ayrı-seçkilik və düşmənçilik edilməsilə bağlıdır. İslam dini əslindədə doğru dindir.

Bu gün "İslamofobiya" dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi nəzərdə tutulur. Əslində isə İslamiyyətə qarşı olan bu nifrətin səbəbi İspaniyada Əndəlusun müsəlmanlar tərəfindən fəth edilməsi ilə əlaqədardır. Xaç yürüşlərinə əsgər toplamaq məqsədilə kilsə nümayəndələrinin aparmış olduğu təbliğat, haqqında danışdığımız həmin nifrət toxumlarının səpilməsinə zəmin rolunu oynamışdır. Müasir dövrdə isə 11 sentyabr 2001-ci ildə Nyu York şəhərində baş verən terror hadisəsi bu nifrət hissini daha da alovlandırmışdır. İslamafobiya əsassız mühakimə içində çırpınan insanların, aciz qalmış qara güruhların ortaya atmış olduğu bir düşüncə formasıdır.

Çex Respublikasında mart ayının 14-ü 2015-ci ildə keçirilən "Biz İslamı istəmirik" adlı nümayişdə spikerin çıxışı.

Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılmışdır. Ölkəmizdə, hər bir islam və digər dini icmalar, qanunvericilik çərçivəsində, sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərrmək imkanına malikdir. Bunun əksinə olaraq, bəzi Qərbi Avropa ölkələrində (Fransa, Almaniya, Böyük Britaniya, Belçika və s.) son onillikdə islamafobiya geniş yayılmışdır. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaratmışdır. Belə meyllərin genişlənməsinin əsas səbəblərindən biri bu ölkələrdə dövlət tərəfindən (yarı örtülü olsa da) müvafiq siyasətin yeridilməsidir. Belə ki, son illər bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayətlər bu fikri bir daha təsdiqləmişdir. Misal olaraq, Norveçdə Breyvik adlı şəxs, əsasən müsəlman olan, 69 gənc oglan və qızları vəhşicəsinə qətlə yetirmişdir. Almaniyada ekstremist qrupları tərəfindən yerli türklərə qarşı mütəmadi terror aktları törədilir. 2014-cü ildə Macarıstanın baş naziri Viktor Orban çıxış edərək, Avropada multukulturalizm ideyasının yayılmasının əleyhinə olduğunu bildirmişdir. Onun sözlərinə görə, miqrantlar avropalılar üçün təhlükələr və problemlər yaradırlar. V. Orban hesab edir ki, ölkəsində sayca gözə çarpan miqrantları görmək dözülməzdir. Maraqlısı odur ki, eyni zamanda hər il minlərlə ölkə vətəndaşı digər AB ölkələrinə iş dalınca miqrasiya edirlər[1].

İslamofobiya, əsasən Qərb ölkələrində yayılmış bir ideologiyadır. Bu gün də Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti öz canlarının daim təhlükə altında olduqlarını qeyd edirlər. Təbii ki, bunda Qərb dünyasında nəşr edilən qəzet və jurnalların, televiziya və radio proqramlarının, eləcə də, internet vasitəsilə yayımlanan bir çox məlumatların və saytların rolu danılmazdır. Kütləvi İnformasiya Vasitələri ilə yanaşı bir sıra təəssübkeş və tolerantlıqdan kənar siyasət adamlarının, politoloqların və ictimai xadimlərin İslamın və müsəlmanların əleyhinə edilən çıxışları da gözardı edilməməlidir. Bütün bu baş verən neqativ halların fonunda müsəlmanların cəmiyyətdən xaric edilməsinə və onlara qarşı baş qaldıran nifrət hissinə nəyin səbəb olması gün işığı kimi aşkara çıxmaqdadır.

Hər il müqəddəs Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında iftar süfrəsi təşkil edərək, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələrini bir masa ətrafına toplayır. Bu mərasimlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə hər zaman cənab Prezident İlham Əliyevin İslam həmrəyliyi və ölkədə multikultural mühitin qorunması ilə bağlı gördüyü işləri təqdirəlayiq hal hesab edərək, ölkə başçısının fəaliyyətini yüksək qiymətləndirmişdir:

"Sizin multikultural dəyərləri təşviq edən, islami həmrəyliyə dəvət edən qlobal ideyalarınız zamanın çağırışlarına cavab verir, nəinki ölkəmizin, bölgəmizin, habelə bütün bəşərin mənafeyinə xidmət edir. Siz yüksək xitabət kürsülərindən İslam dininin sülhsevər mahiyyətini, mütərəqqi dəyərlərini təşviq edir, islamofobiya hallarına qarşı öz qətiyyətli mövqeyinizi bildirirsiniz. Sizin səyləriniz sayəsində Azərbaycan ekstremizm, radikalizm, terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biridir və İslam dünyasının inkişafına öz töhfəsini verir"[2].

İslamofobiyanın ortaya çıxmasının ən böyük səbəblərindən biri, İslamın həyat bəxşedən prinsiplərindən insanların təsirlənməsidir. Çünki İslamın həyat bəxşedən, yol göstərən və doğru istiqamətə yönləndirən müddəaları başa düşüldükcə, İslama qarşı mübarizə aparan qurumların heç bir şansı qalmayacaqdır. Son zamanlarda İslama qarşı mübarizə metodunu əsas vəzifəsi halına gətirən kəsimlərin İslamofobiyanı daha çox gündəmə gətirmələri bu səbəbdəndir. Cəmiyyətə sülh, əmin-amanlıq, xoş münasibət və anlayış təlqin etmək yerinə, düşmənçiliyi aşılayan bu dəstələrin fəaliyyətinin özəyi məhz bu qorxu səbəbilə meydana çıxmaqdadır.

Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki, bu, anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Müasir multimədəni cəmiyyətlər düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun əsas örnəklərindən biri Azərbaycan Respublikasının tərəqqisidir ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri də harmonik inkişaf edirlər[3].

İslamofobiyanın davam etməsinin bir digər səbəbi isə Qərb ölkələrinin başçılarının baş verənlər qarşısında susqunluqlarını davam etdirmələri və ya müəyyən vaxtlarda bu kimi şeylərə dəstək göstərmələridir. Baş verən olaylar fonunda fəaliyyətsizlik nümayiş etdirmələri müsəlmanların əsas hüquqlarından məhrum olmalarına gətirib çıxarır. Halbuki, daim insan haqlarına, demokratiyaya, bərabərhüquqluluğa, ədalətə, dialoqa və bütün irqlərə eyni dərəcədə münasibət göstərməyə hər kəsi dəvət edir, bu haqda müxtəlif fikirlər irəli sürürlər.

Son dövrlər dünyada gedən proseslər – dünya əhalisinin artması ilə əlaqədar miqrasiya, ksenofobiya, terrorizm, ekstremizm, rasizm, qarşılıqlı dözümsüzlük hallarının artması bəşəriyyəti bir sıra qlobal problemlərlə üz-üzə qoymuşdur ki, bu səbəbdən də dünya siyasətçiləri tərəfindən yaranmış vəziyyəti stabilləşdirmək məqsədilə yeni bir termin – tolerantlıq terminini dövriyyə buraxılmış və 16.11.1995-ci ildə YUNESKO tərəfindən ona rəsmililik verilərək "Tolerantlıq prinsipləri Bəyannaməsi" qəbul edilmişdir. Bəyənnamədə qeyd edildiyi kimi, tolerantlıq dünya mədəniyyətinin zəngin müxtəlifliyinə, özünü ifadə formasına və insan fərdiyyətinin təzahür üsullarına hörmət edilməsini, onların qəbul edilməsini və düzgün anlaşılmasını ifadə edir. Ona bilik, açıqlıq, ünsiyyət və fikir, vicdan, etiqad azadlığı imkan yaradır. Akademik Kamal Abdullayevin təbirincə desək: "Tolerantlıq — müxtəliflikdə harmoniyadır. O təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır". Tolerantlıq hər şeydən əvvəl özünü Azərbaycan Respublikası Konstitusiyasının normalarında təzahür etdirir[4].

Dünyada artan qlobal qeyri-sabitlik fonunda Azərbaycanda müxtəlif dinlərin və millətlərin birgə yaşaması əsasında qurulmuş multikulturalizm və tolerantlıq hər kəs üçün bir örnəkdir. Azərbaycan multikulturalizm ideyasını gələcəkdə bəşəriyyətin inkişafı üçün yeganə yol hesab edir. Çünki, hazırkı qloballaşma, məlumat mübadiləsi və ümumi inteqrasiya proseslərinin özünü təcrid etmədə aktiv rol oynaması dəhşətli bir haldır. Müasir dünyada ən önəmli məsələlərdən biri olan mədəniyyətlərarası dialoqu nəzərə alaraq, Azərbaycan 2011-ci ildən başlayaraq Bakıda iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edir. Azərbaycanda 2016-cı ilin 25–27 aprel tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. BMT-nin tribunasından istifadə edərək, Azərbaycan bir daha öz multikulturalizm ənənələrini göstərib, dünya ölkələrini mədəniyyətlərarası tolerantlıq və sivilizasiyalararası dialoqa hörmət etməyə çağırıb[5].

İslamofobiyanın öz mütləq həllini tapmasından ötrü ilk növbədə Qərb ölkə liderləri sözlərinin üstündə durmalı və öz ölkələrində multikultural mühitin formalaşdırılmasından ötrü müəyyən işlərə başlamalıdırlar. Bu məsələdə Azərbaycanın illərdir öz sabitliyini qoruyub saxlayan multikulturalizm siyasəti də hər bir dövlət üçün nümunə təşkil etməkdədir. Qərbi təmsil edən nümayəndələr dünya qarşısında İslamofobiyanın aradan qaldırılması ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar. Bu məqamda vurğulanması labüd olan məsələ də bundan ibarətdir ki, Qərb ölkələrində İslamofobiya ideologiyasının gələcək nəsillərə ötürülməməsindən ötrü mübarizə təxirə salınmamalıdır. Bu ideologiya ilə mübarizə üsullarından biri cəmiyyət içində tolerantlıq ideyasının yayılması və dövlətlərin bu siyasətə yönəlmələri göstərilə bilər. Nəticədə də bütün etnik-mədəni müxtəlifliklər, İslamofobiya, antisemitizm və digər dözümsüzlüklərlə bağlı neqativ hallar aradan qalxacaqdır.

İslamofobiyada tolerantlıq

[redaktə | mənbəni redaktə et]

Latın sözü olan "tolerancia"nın hərfi mənası dözümlülük deməkdir. Ancaq tolerantlığın mahiyyəti və izahı ilə bağlı müxtəlif variantlar mövcuddur. Fərqli izahların olmasına baxmayaraq, hər kəsin qəbul etdiyi bir həqiqət var: tolerantlıq müxtəlifl iyin mövcudluğuna təminat verən hüquqi borc və mənəvi tələbatdır[6].

Dinlərarası dialoq və tolerantlığın məqsədi fərqli görüşlərə sahib tərəflərin bir masa ətrafına toplaşmaları, ortaq düşüncə təməllərini, əxlaqı və ədalət duyğusunu nümayiş etdirmələridir. Yalnız bu halda tərəflər bir-birlərinin mədəni müxtəlifliklərini tanıyar və qəbul edərlər. Tərəflərin bir-birlərinin mədəni müxtəlifliklərini qəbul etmələri isə onların hərəkətlərinə yön verər. Bunun sayəsində isə gələcək nəsillər sülh və əmin-amanlıq şəraitində həyat yaşayarlar.

Bildiyimiz kimi, "Azərbaycanda tarixən İslam dini ilə yanaşı, Xristianlıq, İudaizm və digər dinlərə qarşı da diqqət və qayğı olmuşdur. Digər dinlərə hörmətlə yanaşmaq biz azərbaycanlıların yüksək mədəniyyətinin nəticəsidir… Tarixən Azərbaycanda dini icmalar – müsəlman məscidləri, xristian pravoslav, katolik, Alban-Udi kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərib və bu gün də dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədirlər… 2014-cü ildə Prezidentin müvafiq Fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Ölkədə son illər keçirilmiş Dünya Dini Liderlərinin konfransları, "Bakı prosesi" adlanan Multikulturalizm forumları mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir… Azərbaycandakı dini icma rəhbərləri ABŞ konqresinə müraciət ünvanlamışdırlar. Müraciətdə qeyd edilir ki, Azərbaycanda mövcud olan tolerantlıq mühiti sözdə deyil, əməldədir. Canlı nümunə bu müraciətin altındakı imzalardır: QMİ-nin sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşeyin, Roma Katolik kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Vladimir Feket, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Gennadi Zelmanoviç, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıblar". Bu müraciət, qeyd edildiyi kimi, müxtəlif dinlərə mənsub şəxslərin bir-biri ilə qarşılıqlı hörmət və ehtiramının göstəricisidir, desək, yəqin ki, yanılmarıq[7].

Müsəlmanlar, İslamın erkən çağlarından etibarən fərqli dinlərə mənsub insanlarla bir arada yaşama təcrübəsinə sahib olmuşdurlar. İslamın müqəddəs kitabı "Qurani-Kərim"in açıq-aşkar dilə gətirdiyi "Dində məcburiyyət yoxdur[8]" hökmü, başqa dinlərə mənsub olan insanlarla münasibətlərin sülh çərçivəsində həyata keçməsində zəmin yaratmışdır. Bu səbəbdən də, müsəlmanların yaşadıqları bölgələrdə Yəhudi, Xristian və digər dinlərə mənsub insanlar hər hansı bir təcavüzlə qarşılaşmadan sərbəst şəkildə yaşamışdırlar. Lakin günümüzdə bu ənənənin müsəlmanlar tərəfindən unudulduğu hallarına da rast gəlməkdəyik. Üstəlik Qərb cəmiyyətləri də belə bir həyat fəaliyyəti formasını öyrənib, onu inkişaf etdirmək əvəzinə tamamilə fərqli bir yolu izləməkdədirlər. Halbuki, gələcəyin açarı insanlığın mahiyyətini anlamaqda və onu gerçəkləşdirə bilməkdədir. Ən böyük dəyər insandır. Bütün dinlər də insan üçün vardır. İnsan şəxsiyyətinin ayağ altına salındığı bir yerdə nə dindən, nə də mədəniyyətdən danışmağın heç bir mənası yoxdur.

Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıq və mutikulturalizmlə bağlıdır. Belə ki, xalqımızın minilliklər boyu formalaşmış tolerant və multikultural ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, o cümlədən yerli və beynəlxalq səviyyədə təşviq, təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Dövlətin tolerantlıq və multikulturalizm prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq aydın görmək mümkündür. Əslində, Azərbaycandakı tolerant və mutlikultural ənənələri ən yaxşı ölkənin dini mənzərəsi əks etdirir[9]. Azərbaycan insan şəxsiyyətinə böyük önəm verən nadir dövlətlərdən biridir. İnsan hüquqları və azadlıqlarına xüsusi önəm və dəyər verən dövlətimizin daha da inkişaf etdirilməsindən və çiçəklənməsindən ötrü hər bir Azərbaycan Respublikasının vətəndaşı əlindən gələni əsirgəməməlidir.

  1. Yaşar Əhmədov, Azər Hətəmov. Multikulturalizm… Fəlsəfi lüğət. Bakı, 2017.
  2. Dövlət və Din – İctimai fikir toplusu. "Azərbaycan" nəşriyyatı. № 03 (50) may-iyun 2017.
  3. Solmaz Məmmədova, Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri" adlı beynəlxalq konfransın materialları: Bakı – 8–9 sentyabr 2016 — səh: 112
  4. İsaxan Vəliyev, "Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri" adlı beynəlxalq konfransın materialları: Bakı – 8–9 sentyabr 2016 — səh 15
  5. Lənkəran, İctimai-siyasi qəzet, № 41–42 (8349), səh: 6
  6. Gündüz İsmayılov, Tolerantlıq – bildiklərimiz və bilmədiklərimiz, Bakı, 2014, səh: 13
  7. Mətanət Yaqubqızı, Azərbaycan Folklorunda Tolerantlıq və Multikulturalizm, Bakı: 2016, səh: 11–12
  8. əl-Bəqərə surəsi, 256-cı ayə
  9. Gündüz İsmayılov, "Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri" adlı beynəlxalq konfransın materialları: Bakı – 8–9 sentyabr 2016 — səh: 35