İsmayıl Mursaqulov

İsmayıl Həsən oğlu Mursaqulov (13 noyabr 1939, Qızılhacılı, Marneuli rayonu3 fevral 1990, Bakı) — professor, 20 Yanvar şəhidi.

İsmayıl Mursaqulov
İsmayıl Həsən oğlu Mursaqulov
Doğum tarixi 13 noyabr 1939(1939-11-13)
Doğum yeri
Vəfat tarixi 3 fevral 1990(1990-02-03) (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elmi adı

İsmayıl Həsən oğlu Mursaqulov 13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuşdur.

Professor İsmayıl Mursaqulov Sumqayıt Polimer Materialları İnstitutunun ən potensialı və perspektivli şöbə müdirlərindən biri idi.

İsmayıl Həsən oğlu Mursaqulov 1939-cu il noyabrın 13-də Gürcüstan Respublikası, Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1947-ci ildə Marneuli orta məktəbinin birinci sinfinə daxil olmuş, oranı 1958-ci ildə qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1963-cü ildə fərqlənmə diplomu ilə qurtarmışdır. Universiteti bitirdikdən sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilmiş və orada bir neçə ay müddətində laborant vəzifəsində işləmişdir. 1963-cü ilin sonunda SSRİ Elmlər Akademiyası Ümumi Kimya İnstitutunun (Moskva) aspiranturasına daxil olmuş və oranı 1966-cı ildə başa vurmuşdur. 1967-ci ilin əvvəlində həmin institutun elmi Şurasında namizədlik dissertasiya işini müdafiə etmişdir. 1966–1967-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1967–74-cü illərdə isə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İ. H. Mursaqulov 1974–1978-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda Sumqayıt Filialında, 1977-ci ildən Azərbaycan EA Xlor-üzvi Sintez İnstitutunda böyük elni işçi, 1978-ci ildən ömrünün sonuna qədər laboratoriya və şöbə müdiri vəzifəsində işləmişdir. O, 1984-cü ildə "1,2,3-Üçəvəzedilmiş tsikloheksanların konformasiya analizi və dinamik stereokimyada qoş-qarşılıqlı təsir problemi" mövzusunda doktorluq dissertasiyasını M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin İxtisaslaşmış Elmi Şurasında müdafiə etmişdir. 1987-ci ildə isə ona professor adı verilmişdir.

Professor İ. H. Mursaqulov müasir üzvi kimya elminin mürəkkəb və və maraqlı bir sahəsi sayılan üzvi birləşmələrin fəza kimyası və konformasiya analizi sahəsində tanınmış görkəmli alim idi. Onun tərəfindən ilk dəfə olaraq tərkibində öz təbiəti ilə müxtəlif heminal fraqmentlər və visinal vəziyyətdə əvəzediciləri olan 1,2,3-üçəvəzli tsikloheksanların məntiqi seçilmiş sıralarının konformasiya xassələri sistematik tədqiq edilmişdir. Öyrənilən sistemlərdə qoş-qarşılıqlı təsir miqdarı olaraq qiymətləndirilmişdir. Müəyyən etmişdir ki, mono- və 1,2-diəvəzli tsikloheksanlardan 1,1,2-üçəvəzli analoqlara keçdikçə konformasiya enerjilərində additivlik prinsipi saxlanılmır. 1,1,2-Üç-əvəzli tsikloheksanların konformasiyasını infraqırmızı, nüvə-maqnit rezonansı və molekulyar mexanika üsulları ilə tədqiq etdikdə bir sıra xarakterik molekuldaxili qarşılıqlı təsirlərin qanunauyğunluqları aşkar edilmişdir. Onun tərəfindən praktiki cəhətdən çətinliklə əldə edilə bilən 1,3-vəziyyətdə doymamış rabitə saxlayan 1,4-sulfidlərin, 2-mono- və 2,3-diəvəzli 1,4-ditienlərin və mono- və ditiolların alfa-halogenketonların qarşılıqlı təsirindən 1,4-oksatienlərin sintez üsulları işlənib hazırlanmışdır. O, həmçinin müxtəlif əvəzli fenol və tiofenolun siannorbornenləşməsi reaksiyalarında alınan bitsiklik məhsulların, eləcə də izoprenoidlərin fəza kimyasını tədqiq etmişdir. Professor İ. H. Mursaqulov fəza kimyasına dair 130-dan çox elmi əsərin, o cümlədən 15 ixtiranın müəllifidir. Onun konformasiya analizinə dair əsərləri ABŞ-nin və stereokimya sahəsində çalışan görkəmli kimyaçıların (İliel və s.) marağına səbəb olmuşdur. O, keçmiş İttifaqın və dünyanın məşhur kimyaçı alimləri ilə səmərəli əməkdaşlıq edirdi. Bu sahədə elmi kadrların hazırlanmasında da onun xidmətləri böyükdür. Onun rəhbərliyi altında 12 namizədlik dissertasiyası işi müdafiə edilmişdir.

Şəhid olması

[redaktə | mənbəni redaktə et]

1990-cı il yanvarın 20-də Sovet İmperiyasının Bakı şəhərinə qoşun yeridərək xalqımızın başına gətirdiyi vəhşi cinayət qurbanlarından biri də professor İsmayıl Həsən oğlu Mursaqulovdur. O, 1990-cı il yanvarın 24-də qanlı yanvar hadisələri zamanı Bakıdan Sumqayıta həmkarları ilə birlikdə işə gedərkən Sovet hərbçilərinin vəhşiliyi nəticəsində ağır zədə almış və fevralın 3-də, ömrünün çiçəkləndiyi, yaradıcılığının bulaq kimi qaynadığı bir vaxtda həyatdan vaxtsız getmişdir[1].

Professor İsmayıl Mursaqulov Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

"20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.

Yaşadığı binaya xatirə lövhəsi vurulub. Adına küçə var[2].

19 yanvar 2016-cı ildə haqqında İTV-də "Yadigarlar" verilişi efirə getmişdir.

  1. İctimai TV. "Sovet tankının həyatına son qoyduğu professor" (az.). Youtube.com. 20.01.2023. 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-20.
  2. Azərbaycan Respublikası Xatirə Kitabı, XI cild, M, N (Mu...-N.). Bakı: Respublika Xatirə Kitabı redaksiyası. 2011. səh. səh.84. ISBN A-49.
  • Qulu Kəngərli, Qara Yanvar şəhidləri. [Məlumat kitabı]. B; Gənclik, 1992.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]