İsmixan Məhəmməd oğlu Yusubov — Azərbaycanlı riyaziyyatçı alim, yazıçı-publisist.
İsmixan Yusubov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qazax rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahələri | Riyaziyyat, fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri namizədi |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
1945-ci ildə Azərbaycanın Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur[1]. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Moskva şəhərində 1964-1967-ci illəri arasında keçən üç illik hərbi xidmət sonrası 1970-ci ilində universitetdən məzun olmuş və bir il Cəlilabad şəhərində riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycan Dövlət Universitetində (daha sonra Bakı Dövlət Universitetində) aspirant olmuş (1971), assistent (1974), baş müəllim (1981) və dosent (1989) vəzifələrində işləmiş, orada da namizədlik dissertasiyasını (1983) müdafiə etmişdir. 1993-2012-ci illərdə Türkiyənin universitetlərində (Kocaeli, Sakarya), 2012-2014-cü illərdə yenidən Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında işləmişdir.
İsmixan Yusubov 100-dən çox elmi məqalə, metodiki vəsait və kitabın müəllifidir. Elmi işinin mövzusu "Operatorların və normalı cəbr elementlərinin ədədi oblastı nəzəriyyəsi haqqında" ("К теории числовой области операторов и элементов нормированных алгебр") olmuşdur. M.Q.Pənahovla birlikdə 1991-ci ildə "Ehtimal nəzəriyyəsinin elementləri" (1-ci və 2-ci hissə), "Riyazi fizika tənlikləri üçün qoyulan tipik məsələlərin həllinə dair metodik göstəriş" adlı tədris vəsaitləri çap olunmuşdur.
Sakarya universitetində işlədiyi zaman M.Q.Pənahov ilə birlikdə yazmış olduğu “Leneer Cebir ve sonlu boyutlu lineer operatorlar teorisinin elemanları” adlı kiabı İstanbulda üç dəfə (2004, 2006, 2009) nəşr olunmuşdur və hazırda ondan Türkiyə universietlərində dərslik kimi isifadə olunur. Bundan başqa "Matematik güzeldir-Anlamanın sevinci ve kederi" adlı kitabı 2008-ci ildə İstanbulda, “Ədədi oblast” adlı monoqrafiyası isə türk və rus dillərində (“Sayısal Görüntü”, "Числовая область") Bakıda nəşr olunmuşdur. Ümumiyyətlə isə İ.M.Yusubov 20-yə qədər kitabın müəllifi və ya həmmüəllifidir.
Elmi əsərləri ilə yanaşı 1990-cı ildə onun Qarabağ hadisələrindən bəhs edən “Dosta məktub” ("Письмо другу") adlı ilk kitabı çap olunmuşdur. Bu kitab daha əvvəl 1989-cu ildə "samizdat" üsulu ilə çap olunaraq Azərbaycan və onun hüdudlarından kənarda Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini əks etdirən tutarlı mənbə kimi oxucuların rəğbətini qazanmışdır. "Dosta məktub" 2002-ci ildə "Postskriptum" əlavəsi ilə yenidən nəşr olunmuşdur.
Bu mövzunun davamı olaraq, İsmixan Yusubovun 2011-ci ildə çapdan çıxmış "Erməni dosyası" kitabında Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr, keçmiş SSRİ-də milli münasibətlər haqqında düşüncələr, həmçinin bu məsələlərin meydana çıxması və inkişafı prosesinə tarixi ekskurs edilir. Tarixi həqiqətləri təhrif edənlərə əsaslandırılmış cavab və mürəkkəb, qəsdən dolaşıq salınmış işdən baş açmaq istəyən oxuculara "Erməni dosyası" kitabı kömək göstərmiş olur[2].
2012-ci ildə isə onun, doğulub boya-başa çatdığı Poylu kəndi və kəndin işgüzar adamları haqqında uzun illər boyu topladığı materiallar əsasında son dörd ildə ərsəyə gətirdiyi “Mənim Poylu kəndim” adlı kiabı çap olunmuş və rəğbətlə qarşılanmışdır.