İsrafil ağa hamamı — qoşagünbəzli hamamdır, Qazax şəhərin mərkəzində, Cümə məscidinin qarşısında yerləşir.
İsrafil ağa hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Qazax |
Yerləşir | Qazax |
Memar | Müzəffər Hüseynov |
Sifarişçi | İsrafil ağa Kərbəlayev |
Tikilmə tarixi | 1905[1] - 1907 |
Üslubu | Arran memarlıq məktəbi |
Hamamı Qıraq Kəsəmən kəndinin sakini, Qazax diyarında tanınmış sahibkar İsrafil ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirib, buna görə də hamam onun adı ilə tanınır. Bina memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən kirəclə hörülüb.[2]
Hamamın ümumi zalı, otaqları, diqqət çəkən hovuzu və çayxanası var. Böyük ölçülü (30m x 20m) hamamın plan quruluşu iki hissəyə bölünür: ənənəvi Azərbaycan və şərq hamamlarına xas olan dəhliz ilə birləşən ikigünbəzli hissə və kabinələrdən ibarət hissə. Hamamın küçəyə çıxan hissəsində kiçik dükanlar yerləşir. Plan quruluşuna görə şərq və Avropa tələblərini özündə cəmləşdirən bu tikili tipinə Azərbaycanın digər bölgələrində rast gəlinmir.
Geyinmə və yuyunma yerlərinin kənardan görünməyən günbəzlərini də nəzərə alsaq, hamamın iki deyil, səkkizgünbəzli olduğunun şahidi oluruq. Yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş tikilinin ümumi sahəsi yardımçı otaqlarla birlikdə 420 kvadratmetrdir. Memarlıq cəhətdən Gəncədəki «Çökək» hamamını xatırladan İsrafil ağa hamamının istifadəsində olan otaqlar günbəzlərin üstünə açılmış xüsusi bacalar vasitəsilə işıqlandırılır.
Yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, hamam səhər saat 6-dan günorta 2-dək qadınlara, 2-dən sonra isə kişilərə xidmət edirmiş. Hazırda yalnız nömrələri istifadə olunan hamamın artıq 25 ildir ki, ümumi şöbəsi işləmir. Bu səbəbdən də abidənin təmir-bərpa işlərinə ehtiyac var. Tarixi keçmişimizi özündə əks etdirən bu memarlıq incisi həm də turizmin inkişafı üçün dəyərli potensialdır. Hamamın təmir olunması onun həm gələcək nəsillərə çatdırılmasını, həm də turizm məqsədləri üçün istifadəsini təmin edəcək.[3]
ADA Universiteti Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.[4]