İstixana effekti

Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir.

XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur.

Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır.

Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır.

XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər. Bu illərdə aparılan eksperimentlər təsdiq etmişdir ki, karbon qazının iki dəfə artırılması nəticəsində qlobal iqlimin 2–40 °C, şimal yarımkürənin qütb oblastında isə 6–80 °C çox istiləşməsi mümkündür. Az miqdar qazların, ilk öncə karbonun, azot oksidlərinin əsas mənbəyi qazıntı yanacağının, biotanın yanmasıdır. Metanın ayrılması kənd təsərrüfatı fəaliyyəti, həm də təbii metan filtrlərinin pozulması nəticəsində baş verir.

Hazırkı vaxta qədər parnik effektinin stereotipi və onun qlobal iqlimə təsiri artıq qərarlaşmışdır və bu vəziyyət özünü aşağıdakı hallarda göstərir:

1. Parnik qazlarının, xüsusilə də karbon qazının atmosferə atılması ardıcıl olub artmaqda davam edir. Sonuncunun mənbəyi – kömürün və digər karbon tərkibli yanacaqların, neftin, qazın və onların törəmə məhsullarının ilk öncə, benzinin yanmasıdır. Parnik effektini artıran digər qazların – metanın, azot oksidlərinin, halogen – karbohidrogenlərin tullantısı böyük sürətlə artmaqda davam edir. Bəzi rəylərə görə, son illərə 15–20% parnik effekti düşür. Təkcə 1988-ci ildə tropik meşənin məhv edilməsi nətəcəsində atmosferə 5,5 milyard ton karbon atılmışdır. Əgər bu artım tendensiyası gələcəkdə də davam edərsə, o halda 2010-cu ildən sonra atmosferə hər il orta hesabla 10 milyard ton karbon atılacağı közlənilir.

2. Atmosferə tullantılar nəticəsində Yer kürəsində orta illik temperatur artmış və artmaqda davam edir bəzi rəylərə görə, 1890-cı illərdə dünya üzrə bu göstərici bütünlüklə 14,50 °C, 1980-ci ildə isə — 15,20 °C olmuşdur. Əlbəttə, 90-cı illərdə temperaturun 0,70 °C artması çox da böyük göstərici deyildir, lakin təhlükə temperaturun artma tendensiyasıdır. Proqnozlara görə, 2030–2050-ci illərdə Yer kürəsində orta illik temperatur indikinə nisbətən 1,4–4,50 °C çox ola bilər, yəni Yer üzərində son iki milyon ilə nisbətən istiliyin artacağı gözlənilir. Güman edilir ki XXI əsrin I yarısında istiləşmə sürəti keçmiş əsrlə müqayisədə 5–10 dəfə artacaqdır.

3. İstiləşmənin müxtəlif ölkənin əhalisi və iqtisadiyyatı üçün pis və yaxşı tərəfləri ola bilər. Qlobal miqyasda proqnozlaşdırılan həddən artıq dəyişilmə çətinliklərlə və yaxud da yeni şəraitə kifayət qədər tez adaptasiya olunmağın mümkünsüzlüyü ilə üzləşməyə məcburdur. Məsələn, elə ola bilər ki, okeanın səviyyəsi XXI əsrin ortalarında 0,5–1 metr, sonlarına yaxın isə 2 metr qalxsın və nəticədə qurunun çox böyük bir hissəsi su altında qalsın. Bu halda çox yəqin ki, meteoroloji fəlakətlərin sayı sürəylə artacaqdır. Bütün bunlar isə öz təsirini biotaya göstərməyə bilməz: ola bilər ki, flora və faunanın növ müxtəlifliyi kəskin azalsın, meşəsizləşmənin sahələri artsın, ən təhlükəlisi odur ki, bu halda ekosistemin dağılması dönməz xarakter alsın.

Bu gün iqlimin qlobal dəyişilməsi prinsipləri aşağıdakılara əsaslanır:

1. Antropogen tullantıların güclü artması prosesi davam edir.

2. Son yüz ildə havanın yerüstü temperaturunun qlobal miqyasda 0,3–0,60 °C artması müşahidə edilir.

3. İstiləşmənin ölçüləri modelləşmə əsasında alınan proqnozlara tam uyğun gəlir, lakin o da iqlimin təbii şərtləndirilən dəyişilməsi göstəricilərinə adekvat göstəricilərə malikdir.

4. Parnik effektin birmənalı güclənməsinin 10 ildən tez müşahidə olunması az ehtimal olunan haldır.

Ümumiyyətlə, iqlimin qlobal tədqiqi sahəsində olan müasir situasiyanı mütəxəssislər olduqca ziddiyyətli hesab edirlər.

İqlimin dəyişilməsi insanların nə zamansa rast gəldikləri ətraf mühitin ən mürəkkəb problemidir. İstiləşmənin təsirinin və iqlimin dəyişilməsinin qiymətləndirilməsi olduqca çətin və mürəkkəb məsələdir. Bununla belə, iqlimin dəyişəlməsinin səbəb və nəticələrini tam dərk etmək hələlik mümkün olmamışdır və bir çox mütəxəssislər hesab edirlər ki, iqlimi formalaşdıran proseslər buzlaqlar dövründəkindən az fərqlənirlər və keçmişi xarakterizə edən göstəricilərdən proqnozlaşdırmada istifadə etmək olar.

Düzdür, yerin iqliminin atmosferin tərkib xassəsinin qısa müddətli dəyişilməsinə kifayət qədər tez və nəzərə çarpan münasibət bildirir. Belə ki, vulakan püskürmələri zamanı atmosferə külli miqdarda yanar kül və çirkləndirici maddələr atılır. Məsələn, Subava adasında (İndoneziya) Tambora vulkanının 1915-ci ildə püskürməsi nəticəsində qaz və kül atmosferin yuxarı qatlarında qalın örtük əmələ gətirərək günəş işığını ekranlaşdırmışdır. Nəticədə şimal yarımkürəsinin hər yerində soyuqlar düşmüş, qar iyunun ortalarına qədər yerdə qalmış, avqustda isə şaxtalar əmələ gəlmişdir. Bu vaxt İngiltərədə yay olmamış, ölkə məhsulsuz qalmışdır.

Neft buruqlarında neft saxlanan yerlərdə və neft emalı zavodlarında baş verən yanğınlar və XX əsrin axırları, XXI əsrin əvvəllərində dünyanın bəzi yerlərində gedən müharibələr atmosferə böyük ölçüdə qazların, külün və müxtəlif çirkləndirici maddələrin atılmasına səbəb olmuşdur. Məsələn, Fars körfəzində gedən müharibədə hər gün 3 milyon bareldən artıq neft və 70 milyon kub kilometr qaz məhv edilirdi və bunun nəticəsində atmosferə 40 min ton kükürd 2-oksid, 3 min ton azot oksid, 500 min ton karbon 2-oksidi atılırdı.

Əgər mineral yanacaqların yandırılmasının indiki tempi azaldılmasa, o zaman parnik effektinin təbii istiləşməsinə karbon 2 oksidin də əlavə olunması ehtimalı artacaq, bu isə sonrakı minillikdə dəhşətli və misli olmayan nəticələr verə bilər.