İttihad və tərəqqi partiyası

İttihad və Tərəqqi Partiyası (osman. إتحاد و ترقى, türk. İttihat ve Terakki) — 1889-cu ildə Osmanlıda qurulmuş, 19081918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş siyasi cəmiyyət.

İttihad və tərəqqi

إتحاد و ترقى
Loqonun şəkli
Sədri 1913-dən sonra: Ənvər paşa, Camal paşa, Tələt paşa
Qurucu İshak Sukuti, İbrahim Temo, Abdullah Cevdet, Çerkez Mehmet Reşit, Əli bəy Hüseynzadə
Quruluş tarixi 21 may 1889
Dağılma tarixi 1 noyabr 1918
Baş qərargah İstanbul
İdeologiya konstitusiyalı monarxiya
osmanlıcılık (1913-dək)
türkçülük (1913-dən sonra)
panislamizm (1913-dən sonra)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İttihad və Tərəqqi bayrağı

"İttihad və Tərəqqi" cəmiyyətinin əsası 1889-cu ildə İstanbulda hərbi-tibb məktəbinin tələbələri tərəfindən qoyulmuşdu. "İttihad və Tərəqqi" cəmiyyəti sonralar Əhməd Rza bəyin fəaliyyəti nəticəsində daha da güclənmiş və ölkənin vilayətlərində gizli şöbələri açılmışdı. "Gənc türklər" Parisdə özlərinin xarici mərkəzini yaratmış və 1892-ci ildə "Məşvərət" qəzetini nəşr etməyə başlamışdılar. Aralarında Ənvər, Niyazi, Əyyub Səbri kimi cəsarətli və vətənpərvər zabitlərin olduğu "İttihad və Tərəqqi"çilər əlavə kömək almaq üçün bolqar inqilabçıları ilə də əlaqə saxlayırdılar.

Osmanlı imperiyasında idarəçilik sistemini dəyişmək tərəfdarı olan Mustafa Kamal da "İttihad və Tərəqqi"çilərlə yanaşı, əvvəlcə Şamda (Dəməşq), sonra isə Solanikdə (Saloniki) "Vətən və Hürriyyət" cəmiyyəti yaratmışdı. Bu cəmiyyət sonralar "İttihad və Tərəqqi" cəmiyyəti ilə birləşmiş, nəticədə 1907-ci ilin sonundan etibarən "İttihad və Tərəqqi" gənc türklərin vahid təşkilatına çevrilmişdi. Mustafa Kamal əsgəri həyatdan kənar siyasi fəaliyyətini bu cəmiyyətdə davam etdirirdi. Lakin, çox keçmədən, cəmiyyətin rəhbərləri ilə onun arasında fikir ayrılıqları yarandı. O, əsgərlərin siyasətə qarışmasını istəmirdi. Bu səbəbdən cəmiyyətdən ayrıldı.

Əli bəy Hüseynzadə

1908-ci ilin iyulunda "Gənc türklər" inqilabına rəhbərlik edən "İttihad və Tərəqqi" partiyası Sultan II Əbdülhəmidin ləğv etdiyi 1876-cı il konstitusiyasının bərpa olunduğunu elan etdi. İyulun 24-də İstanbul əhalisi və şəhər qarnizonunun üsyançılar tərəfinə keçməsi nəticəsində Sultan konstitusiyanın bərpa olunması və məclisin çağırılması haqqında fərman verməyə məcbur oldu. Məclisdə çoxluq təşkil edən "Gənc türklər" inqilab ərəfəsində verdikləri vədlərinə (aqrar islahatı, fəhlələrin vəziyyətini yaxşılaşdırmaq, milli azlıqlara muxtariyyət vermək, xarici kapitalı məhdudlaşdırmaq və s.) əməl etmədiklərindən onların sosial bazaları getdikcə zəiflədi. Bundan istifadə edən II Əbdülhəmid tərəfdarları 1909-cu il aprelin 13-də hərbi çevriliş edib hakimiyyəti ələ keçirdilər. Makedoniyaya qaçmış gənc türklər əsas dayaqları olan üçüncü ordunu ("Hərəkət ordusu") İstanbul üzərinə yeritdilər. 1909-cu il aprelin 27-də II Əbdülhəmid taxtdan salındı. "İttihad"çılar hakimiyyəti ələ aldıqdan sonra ölkədə sultan hakimiyyəti dövründəkindən fərqlənməyən, hətta daha sərt siyasət yeritməyə başladılar. Onlar ordunu da siyasətə qarışdırırdılar. Nəticədə, Osmanlı ordusunda zabitlərin böyük əksəriyyəti ya ittihadçı, ya da onlara qarşı müxalifətdə idilər. Zabitlərin bir-birlərinə qarşı düşmənçilik etməsi ordunun döyüş qabiliyyətini itirməsinə səbəb oldu. Bundan əlavə, yeritdikləri səbatsız siyasət nəticəsində "ittihad"çılar xaricilərin Osmanlı dövləti üzərinə ayaq açmasına şərait yaratdılar.

Birinci dünya müharibəsi (1914-18) ərəfəsində hakimiyyəti ələ alan "İttihad və Tərəqqi"nin rəhbərlərindən ibarət üçlük (Ənvər, Tələt və Camal) Türkiyənin milli mənafelərini Almaniya imperializminin maraqlarına tabe etdirərək, ölkəni müharibəyə sürüklədilər. Bu da 1918-ci ildə Türkiyənin rüsvayçı məğlubiyyəti ilə sona çatdı. Yalnız Mustafa Kamal başda olmaqla həmin üçlüyün siyasəti əleyhinə olan vətənpərvərlərin Qurtuluş savaşı nəticəsində ölkə tamamilə dağılmaqdan xilas edildi və türk dövlətçiliyini yaşatmaq mümkün oldu.

"İttihad və Tərəqqi"nin proqramındakı türkçülük və türk xalqlarının birliyi ideyası o dövrdə çar Rusiyasının milli əsarəti altında olan türk xalqlarının, o cümlədən Cənubi Qafqaz türklərinin "İttihad və Tərəqqi"yə rəğbətini artırmışdı. Gizli şəkildə də olsa, bu ərazilərdə "İttihad və Tərəqqi"nin şöbələri yaranmışdı.

Türk xalqlarının Rusiya imperiyasına qarşı milli azadlıq hərəkatının əsas mərkəzlərindən biri olan Azərbaycanda "İttihad və Tərəqqi"yə rəğbət daha güclü idi. Azərbaycanda "İttihad və Tərəqqi"çilər, hətta özlərinin müstəqil parti-yalarını yaratmışdılar.[1]

Əsas üzvləri

[redaktə | mənbəni redaktə et]

Təsisçilərindən biri də Azərbaycan Milli Hərəkatının görkəmli xadimi Əli bəy Hüseynzadə idi. Cəmiyyətin üzvləri, din və məzhəb fərqi qoymadan, Osmanlı dövləti daxilindəki bütün toplumları "Osmançılıq" düşüncəsi ətrafında birləşdirmək, 1876-cı il konstitusiyasını bərpa etməyə çalışırdılar.

  • Erol Güngör, Tarihte Türkler, İstanbul, 1990;
  • Ahmet Palazoğlu, Osman Bircan, Türkiye Cumhuriyeti İnkılap Tarihi ve Atatürkçülük, Ankara, 1993.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 71. ISBN 9952-417-44-4.