Tələt paşa

Tələt Paşa (1 sentyabr 1874[1], Qırcaəli, Osmanlı imperiyası[2]15 mart 1921[1], Berlin[2]) — V Mehmed RəşadVI Mehmed Vahidəddinin səltənətlərində 1 il 8 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. İttihad və Tərəqqi cəmiyyətinin üzvü

Tələt Paşa
osman. مُحمَّد طلعت پاشا
3 fevral 1917 – 8 oktyabr 1918
(ləqəbi: Əli Sai)
ƏvvəlkiSəid Həlim Paşa
SonrakıƏhməd İzzət Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1874(1874-09-01)[1]
Doğum yeri
Vəfat tarixi 15 mart 1921(1921-03-15)[1] (46 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 sentyabr 1874-cü ildə Ədirnə vilayətində dünyaya gəlmişdir. Atası Qırcaəli tabeliyindəki Çəpəlcə kəndindən Qazı Əhməd Vasif Əfəndi, anası isə vaxtilə Kayseridən köç etmiş türk-pomak soylu Hürmüz xanım idi. İlk təhsilini Kırklarelində aldıqdan sonra Ədirnə hərb məktəbinə daxil oldu. Atasının vəfatının ardından yaranan maddi sıxıntılar səbəbilə Ədirnə Poçt və Teleqraf idarəsində işləməyə başlayır və 1891-ci ildə buranın anbar təsərrüfat müdiri olur. Bu müddət ərzində bir yandan Alliance İsraelite Universelle adlı yəhudi məktəbində türk dili dərsləri verir, digər yandan isə xüsusi bir müəllimdən fransızyunan dillərini öyrənirdi.

Bu illərdə bacısının yoldaşı İsmayıl Yürükoğlu vasitəsilə jöntürk fəlsəfəsi ilə tanış olmuş, ideyanın təşkilatlanmasında iştirak etmişdir. Bolqarıstan türklərindən olan və sonralar "Şərq" adlı müxalif qəzetində redaktor çalışan İsmayıl Yürükoğlu, o illərdə Əhməd Zəki bəylə birlikdə İttihad və Tərəqqi cəmiyyətinin Ruse şəhərindəki mərkəzində çalışırdı. Sonralar Tələt bəy kiçik bürokrat və zabitlər tərəfindən Ədirnədə yaradılan müxalif təşkilata daxil oldu. Ancaq hökumət bu siyasi təşkilatın fəaliyyətinə göz yummadı və təşkilat üzvləri 1896-cı ildə həbs olundular. Həbs olunan şəxslər arasında olan Tələt bəy məhkəmə qərarına görə 3 il həbsə məhkum edildi və dövlət məmurluğu ləğv edilərək Ədirnə həbsxanasına göndərildi (1897). Ancaq jöntürklərlə aparılan müzakirələrin sonunda Tələt bəy və həbs olunan digərləri 1898-ci ilin fevralında azadlığa buraxıldı. Ədirnədə qalmağına icazə verilməyərək Salonikiyə sürgün edilən Tələt bəy, təşkilatın buradakı şöbəsinin bağlanması və jöntürk müxalifliyinin zəifləməsi ilə bir müddət siyasi fəaliyyətdən uzaqlaşdı.

1899-cu ildə Saloniki vilayəti Poçt və Telqraf idarəsində katib, 1903-cü ildə isə baş katib oldu və 21 noyabr 1907-ci ildə vəzifədən alınana qədər bu vəzifədə qaldı. 1903-cü ildə mason təşkilatına qatıldı və təşkilatdakı digər müxaliflərlə gələcəkdəki təşkilatlanma barədə müzakirələr apardı. Ancaq bəzi mənbələrdə onun Bəktaşi təriqətindən olduğu və bu 2 qurumdan yalnız siyasi fəaliyyəti və maraqları üçün istifadə etdiyi qeyd olunur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1901-ci ildən sonra siyasi fəaliyyətinə şimali Bolqarıstandakı Lom şəhərində davam edən İsmayıl Yürükoğlu vasitəsilə Əhməd Rza bəylə danışıqlar apardı. Ancaq jöntürk cərəyanı olduqca böyük zərbələr almışdı və siyasi təşkilatlanma mümkünsüz görünürdü. 1903-cü ildə Manastırda baş verən ayaqlanma isə bütün Makedoniyada olduğu kimi Salonikidəki jöntürkləri də həyəcanlandırdı. Həmin ilin avqustunda Mustafa Rahmi bəy, Camal bəy, Mehmed Cavid bəy və Hacı Adil bəydən ibarət bir heyət Tələt bəyin rəhbərliyi ilə İngiltərə səfirliyinə gedərək siyasi təşkilatlanma fəaliyyətlərinə dəstək tələb etdi. Ancaq ingilislər yalnız mənəvi dəstək verə biləcəklərini bildirdilər. Əhməd Rza bəydən gələn xəbərlərə görə təşkilatın Paris şöbəsi də Salonikidəki müxaliflərə dəstək verə bilmirdi. Uzun müddət davam edən gizli iclaslar və müzakirələrin sonunda müxaliflər 1906-cı ilin iyulunda yeni bir təşkilatın yaradılmasına qərar verdilər və Tələt bəy, İsmayıl Canpolad bəy və Mithat Şükrü bəydən ibarət bir heyət, 7 sentyabr 1906-cı ildə digər müxaliflərə Hilal adlı bir cəmiyyətin qurulması barədə məlumat bildirdi. 18 sentyabr 1906-cı ildə keçirilən ilk iclasda cəmiyyətin adı Osmanlı Hürriyət Cəmiyyəti olaraq dəyişdirildi. Təşkilat qısa zamanda bölgədəki bütün müxalifləri öz ətrafında topladı. Bunların əksəriyyəti isə kiçik rütbəli zabitlər idi.

Ölkədəki milli müxalif qüvvələri ayaqlandırmaq istəyən Paris mərkəzli İttihad və Tərəqqi cəmiyyəti isə yeni yaranan bu təşkilatla əlaqə qurdu və 27 sentyabr 1907-ci ildə 2 cəmiyyət birləşdi. Bu qərara görə Hilal təşkilatı cəmiyyətin tərkibində xüsusi bir komitə olaraq fəaliyyətə başladı. Tələt bəy isə bu komitənin katibi qismində, bir yandan imperiyanın qərb vilayətləri ilə və buradakı müxaliflərlə əlaqəni təmin edir, digər yandan isə İstanbuldakı komitə rəhbərləri ilə fəaliyyət planı hazırlayırdı. Ləqəb olaraq Sai adını alaraq cəmiyyət daxilində sürətlə yüksəlməyə başladı.

İkinci məşrutiyyət illəri

[redaktə | mənbəni redaktə et]
Tələt Paşa və Alman səfiri Riçard von Kühlman, İstanbul 1915

Tələt bəy 1908-ci il inqilabında və ikinci məşrutiyyətin qəbul edilməsində önəmli rol oynadı və inqilabın ardından cəmiyyətin idarə heyətinə daxil olaraq İttihad və Tərəqqi cəmiyyətinin dövlət idarəsində hakim olduğu 1908–1918-ci illərdə mühüm siyasi fiqurlardan biri oldu. 1908-ci il seçkilərində Ədirnə millət vəkili olaraq Məclis-i Məbusana daxil oldu və birinci rəis vəkilliyinə gətirildi. 1909-cu ildə İngiltərəyə göndərilən parlament heyətinə rəhbərlik etdi. 8 avqust 1909-cu ildə Daxili işlər naziri seçildi. 11 fevral 1911-ci ildə bu vəzifəsindən istehfa versə də, 4 fevral 1912-ci ildə Poçt və Telqraf naziri olaraq hökumət kabinetində yer aldı. Mehmed Səid Paşa hökumətinin 16 iyul 1912-ci ildə istehfası ilə bu vəzifəsi başa çatdı və bir müddət cəmiyyətin daxili idarəsi ilə məşğul oldu. Ardından könüllü olaraq Birinci Balkan müharibəsinə qatıldı ancaq apardığı müxalif propaqanda səbəb göstərilərək İstanbula göndərildi. 23 yanvar 1913-cü ildə baş verən Bab-ı Ali basqının həm təşkilatçılarından, həm də iştirakçılarından biri oldu. İkinci Balkan müharibəsi əsnasında Ədirnənin geri alınması üçün hərbi hərəkat qərarının verilməsində önəmli rol oynadı və ardından Bolqarıstan təmsilçiləri ilə sülh müzakirəsi aparan heyətə rəhbərlik etdi. Mahmud Şövkət Paşa sui-qəsdinin ardından qurulan Səid Həlim Paşa hökumətində yenidən Daxili işlər naziri oldu (12 iyun 1913). Bu tarixdən etibarən İttihadçıların dövlət idarəsini tamamilə ələ keçirməsindən qaynaqlanaraq Tələt bəy dövlət idarəsindəki 3 şəxsdən biri oldu. Bu müddətdə istər daxili, istərsə də xarici siyasətdə önəmli rol oynadı. Birinci Dünya müharibəsinə qatılma müzakirələrində iştirak etmiş, bu müzakirələrdə müharibənin lehinə fikir bildirdi. Köç qanunu olaraq tanınan 27 may 1915 tarixli qanunun çıxarılmasında və tədbiqində cəmiyyətin lider üzvü və ölkənin daxili işlər naziri olaraq yaxından iştirak etdi.

Sədarət dövrü

[redaktə | mənbəni redaktə et]

Tələt bəyin həm cəmiyyətin daxilində, həm də dövlət idarəsində nüfuzunun artması müharibə əleyhdarı olan sədrəzəm Səid Həlim Paşanın fəaliyyətini çətinləşdirirdi. Sədrəzəmin İttihadçılarla münasibətlərinin pisləşməsinin ardından 1917-ci ilin yanvar ayında Tələt bəyin sədarətə gətirilməsi fikri irəli sürüldü. Nəhayət, 3 fevral 1917-ci ildə Səid Həlim Paşanın səhhətini səbəb göstərərək istehfa etməsinin ardından Tələt bəy, Daxili və xarici işlər nazirliyi vəzifəsini saxlayaraq vəzirlik rütbəsi ilə sədarətə gətirildi. Beləliklə, Tələt Paşa Osmanlı tarixində sədarətə gətirilən ilk millət vəkili oldu. 1918-ci ilin yanvar-fevral aylarında bolşeviklərlə aparılan Brest-Litovski sülh müzakirələrini Osmanlı heyətinin birinci nümayəndəsi olaraq idarə etdi ancaq bir heç bir nəticə əldə edə bilmədi və İstanbula qayıtdı. Sultan Rəşadın vəfatının ardından protokol ənənəsi olaraq hökumət kabineti istehfa verdi. Ancaq taxta çıxan yeni padşah Sultan Vahidəddin tərəfindən 8 iyul 1918-ci ildə yenidən sədarətə gətirildi. Ancaq ABŞ prezidenti Vudro Vilsonun vasitəçiliyi ilə Osmanlı dövlətinin yeni sülh müzakirələrinə başlaması Tələt Paşa hökumətinin fəaliyyətini çətinləşdirirdi. Nəticədə 8 oktyabrda Tələt Paşa sədrəzəmlikdən istehfa etdi və oktyabr ayında Əhməd İzzət Paşanın yeni hökumət kabineti qurmasıyla vəzifəsi tamamilə sona çatdı. İttihad və Tərəqqi cəmiyyətinin, təşkilatın ləğvinə qərar verdiyi 1 noyabr 1918 tarixli son iclasına rəhbərlik edən Tələt Paşa, o gecə ƏnvərCamal Paşa kimi cəmiyyətin digər önəmli üzvləri ilə birlikdə alman döyüş gəmisinə minərək Sevastopola qaçdı və ardından Berlinə mühacirət etdi.

Hürriyət Abidəsi yaxınlığındakı məzarı
Ənvər, Tələt və Camal Paşaların ölkədən qaçması barədə İkdam qəzetinin 4 oktyabr 1918 tarixli nüsxəsi

Bu tarixdən etibarən Tələt Paşa İttihad və Tərəqqi cəmiyyətinin ölkə xaricində yenidən başlatdığı fəaliyyətinin idarəsində Əli Sai ləqəbi ilə vəzifə alaraq bolşeviklər və qalib dövlətlərlə əlaqələr qurdu. Bu illər ərzində bir neçə dəfə Mustafa Kamal Paşa ilə də yazışmalar apardı. Kürəkən Fərid Paşa hökuməti tərəfindən hərb divanına verilən Tələt Paşanın vəzirlik rütbəsi hələ məhkəmə işi başlamadan ləğv edildi (12 mart 1919).Tələt Paşa 15 mart 1921-ci ildə Berlində Daşnaksütun partiyasının təşkil etdiyi Nemezis əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirildi. Ələ keçirilən cinayətkar əqli xəstə olması bəhanə göstərilərək məhkəmə tərəfindən sərbəst buraxıldı (3 iyun 1921). Tələt Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi isə 22 il sonra İstanbula gətirilərək Hürriyət abidəsi yaxınlığında dəfn edildi (25 fevral 1943).

İttihad və Tərəqqi cəmiyyətinin idarə heyətinə daxil olan Tələt Paşanın ölümündən sonra nəşr olunan xatirələrindən başqa yazılı heç bir əsəri yoxdur. Hayriyə adlı xanımla evli olsa da, bu evlilikdən övladı olmamışdır.

  • "Lebensgeschichte Talaat Bey", Ernst Jackh Papers, s. 3–6;
  • "Yakın Tarihin Üç Büyük Adamı: Tələt, Cemal, Enver Paşalar", Ziya Şakir, İstanbul 1943, s. 5–8, 79;
  • "Tələt Paşa", Hüseyn Cahid Yalçın, İstanbul 1943;
  • "Son Sadrıazamlar", İbnülemin, s. 1933–1935, 1945;
  • "Ermenilerce Tələt Paşaya Atfedilen Telgrafların Gerçek Yüzü", Şinasi Orel, Ankara 1983;
  • "Preparation for a Revolution: The Young Turks, 1902–1908", M. Şükrü Hanioğlu, New York 2001;
  • "Tələt Paşa Davası (2–3 Haziran 1921): Bilinmeyen Belgeler/Yorumlar", Tessa Hofmann, İstanbul 2003;
  • "Mehmed Tələt Paşa, 1874–1921: Siyasi Hayatı ve İcraatı", Hasan Babacan, Ankara 2005;
  • "Der Mythos eines Völkermordes", Cem Özgönül, Köln 2006;
  • "The Remains of Tələt: A Dialectic between Republic and Empire", R. W. Olson, s. 46–56;
  • "İttihatçı Paşalar Nasıl Yurtdışına Çıkarıldı ?", Mete Soytürk, İstanbul 2005, s. 46–52.
  1. 1 2 3 4 Mehmed Talat Pascha // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #124813798 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.