İxtiyar Kərim oğlu Hüseynli (20 iyun 1977, Bakı) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Tərəqqi" medalı təltifçisi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü.[1] Rəsmi dövlət nəşri — "Azərbaycan" qəzetinin Baş redaktorunun müavini.[2][3]
İxtiyar Hüseynli | |
---|---|
İxtiyar Kərim oğlu Hüseynli | |
Doğum tarixi | 20 iyun 1977 (47 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Kərim |
İxtisası | jurnalist, dövlət və inzibati idarəçilik |
Fəaliyyəti | jurnalist |
Üzvlüyü | |
Mükafatları |
|
İxtiyar Hüseynli 1977-ci ilin iyun ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Həbibbəy Mahmudbəyov adına texniki-humanitar elmləri liseyində orta təhsil almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Tələbəykən təcrübə keçdiyi "Yeni Azərbaycan" qəzetində işə başlayan İxtiyar Hüseynli 1997-ci ilin avqust-dekabr aylarında müxbir və şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1998-ci ilin yanvar ayında — 20 yaşında hakim partiyanın qəzetində baş redaktorun müavini vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, iki övladı var.
Fəaliyyətini 2001-ci ilin dekabrından televiziya sahəsində — "Media Holdinq"in "Lider" teleşirkətində davam etdirən İxtiyar Hüseynli burada xəbər və analitik verilişlər departamentində reportyor, həmçinin "Azərbaycan" redaksiyasında redaktor vəzifələrində çalışmış, gündəlik "Sədadan sonra" verilişinin aparıcısı olmuşdur. Həmin dövrdə onun ssenari müəllifliyi ilə 5 sənədli film çəkilmişdir. 2002-ci ilin may ayından rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru, 2020-ci ilin sentyabrından isə "Azərbaycan" qəzetinin Baş redaktorunun müavini vəzifəsində çalışır.
İxtiyar Hüseynlinin indiyədək 2 mindən artıq analitik məqaləsi, ictimai-siyasi mövzulu araşdırması çap edilmişdir. Onun adı ölkə mediasında məqalələri digər KİV-də ən çox çap edilən, istinad olunan azsaylı jurnalistlər sırasındadır. 150-dən artıq yazılı və elektron KİV-də məqalələri dərc edilmişdir. 30-dan artıq kitabın müəllifi, redaktoru, tərtibçisidir, Jurnalistlər Birliyinin üzvüdür.
2010-cu ildə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı" ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 14 sentyabr 2018-ci ildə imzaladığı sərəncamla milli mətbuatın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.[4] "Qızıl qələm" mükafatı laureatı, çoxsaylı yaradıcılıq müsabiqələrinin qalibidir. Həmçinin İ. Hüseynli müxtəlif dövlət orqanları tərəfindən fəxri fərmanlar, təltiflər və medallarla mükafatlandırılmışdır.