İxtiyarati-qəvaidi-külliyyə

Əbri Xacə ibn Adilinin nücum elminə (astronomiyaastrologiya) dair “İxtiyarati-qəvaidi-külliyyə” (“Ümumi qaydaların seçkisi”) əsəri 1459-cu ildə Azərbaycan türkçəsində yazılmışdır. Əvvəldən və sondan tam, mükəmməldir. Bu nüsxənin katibi, köçürüldüyü il və yer göstərilməmişdir. Aydın nəsx xətti ilə köçürülmüş əlyazma hərəkələrlə verilib. Paleoqrafik, qrafik və orfoqrafik xüsusiyyətlərinə görə nüsxəni XVI əsrə aid etmək olar. London muzeyində, Konyadakı Mövlana muzeyində, İstanbuldakı Topqapı sarayında bu əsərin nüsxələri mühafizə olunur. Əsər 7 babdan (fəsildən) ibarətdir.

Əsərin dili sadə və aydındır. Zəngin leksik tərkibə malikdir, nəxslə dilimizdə yazılmış orta əsrlərə aid elmi əsər nümunəsi kimi olduqca dəyərlidir. Xalq dilindən gələn söz və ifədələr abidənin dilində böyük yer tutur. Əsərdə səma cismlərinin yeri, bürclər dəyişdikcə, Yer kürəsində fəsillərin, iqlimin dəyişməsi, ilin hər fəslinin əlamətləri barədə məlumat verilir.

Əlyazma qara, başlıqlar qırmızı mürəkkəblə köçürülüb. Əlyazma vərəqlərinin ölçüsü 21x14,5 sm., həcmi 124 vərəq, mətinin ölçüsü isə 14x11sm.-dir.

Əsər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-269 şifrəsi ilə saxlanılır.

"Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər" kitabı