DTX Mədəniyyət Mərkəzi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Evi və ya Şəhriyar adına mədəniyyət evi (keçmiş Dzerjinski adına mədəniyyət sarayı) — Bakı şəhərində Stalin ampiri üslubunda tikilmiş mədəniyyət və incəsənət abidəsi. Bina hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin mədəniyyət mərkəzi kimi xidmət göstərir.[1][2]
DTX Mədəniyyət Mərkəzi | |
---|---|
Şəhriyar adına mədəniyyət evi | |
Ümumi məlumatlar | |
Status | memarlıq abidəsi |
Memarlıq üslubu | Stalinist memarlıq |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Koordinatlar | 40°22′20″ şm. e. 49°50′51″ ş. u.HGYO |
Texniki detallar | |
Material | ağ daş, mərmər |
Dizayn və konstruksiya | |
Memar | Həsən Məcidov |
Veb-sayt | |
dtx.gov.az/az/subins/med… |
1949-cu ildə Həsən Məcidovun layihəsi əsasında tikilmiş və hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət mərkəzinin yerləşdiyi bina XX əsr memarlığının nümunəsidir. Bina Stalinist memarlıq üslubunda inşa edilib. İlkin olaraq binanın yerləşdiyi ərazidə tanınmış polyak memarı İosif Ploşkonun layihəsi əsasında 1909-1912-ci illərdə inşa edilmiş Müqəddəs Bakirə Məryəmin kosteli yerləşib. Alman kosteli adlanan dini abidə 1931-ci ildə bolşeviklərin əmri ilə dağıdılıb.[3]
Ötən əsrin 30-cu illərində o zaman vahid bir qurum olan dövlət daxili işlər və təhlükəsizlik orqanları üçün Bakıda mədəniyyət klubunun yaradılması qərarına gəlinir. 1938-39-cu illərdə sonralar "Dzerjinski klubu" kimi tanınan binanın inşası aparılsa da, II Dünya müharibəsinin başlanması ilə əlaqədar tikinti işləri yarımçıq qalır. 1947-ci ildə Azərbaycan Dövlət Layihə İnstitutunun layihəsinə əsasən binanın tikintisi tamamlanır.[3]
1951-53-cü illərdə baş mühəndis Həsən Məcidovun rəhbərliyi altında müəyyən tikinti-tamamlama işləri aparılan binada uzun müddət dövlət əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Binada qurultaylar, Dövlət Təhlükəsizlik Komitəsi, daxili işlər orqanları, sərhəd qoşunlarının yubiley mərasimləri tədbirləri keçirilib.[1]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2008-ci il tarixli qərarına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzinin yerləşdiyi bina bu qurumun balansına verilmişdir. Əsaslı təmir-tikinti işlərindən sonra Mədəniyyət Mərkəzinin binasının rəsmi açılışı ilə bağlı mərasim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 14 mart 2009-cu il tarixdə keçirilmişdir.[2]
Yüksək keyfiyyətli səs və işıq avadanlığı ilə təchiz edilən Mədəniyyət mərkəzində 600 nəfərlik konsert salonu, 100 nəfərlik kiçik zal, konfrans zalı və 120 nəfərlik restoran yerləşir.[1][2]