Şərif Mürsəl oğlu Əfəndiyev — alim, fizika-riyaziyyat elmləri doktoru, professor, qeyri-xətti kristallar və seqnetoelektriklər sahəsində elmi məktəbin yaradıcısı, Azərbaycan Respublikasının Elm və Texnika üzrə Dövlət Mükafatı laureatı. 1993-cü ildə Beynəlxalq Soros Fondunun (ABŞ) mükafatını almış, 1995-ci ildə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.[1]
Şərif Əfəndiyev | |
---|---|
Şərif Mürsəl oğlu Əfəndiyev | |
Doğum tarixi | |
Doğum yeri | Qarayazı, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
Tanınır | Professor, qeyri-xətti kristallar və seqnetoelektriklər sahəsində elmi məktəb yaratmışdır. |
Şərif Əfəndiyev 1940-cı ildə Gürcüstan Respublikasının Qarayazı rayonunun (Borçalının Qardabani bələdiyyəsi) Qaratəpə kəndində anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndindəndir.
1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirmiş, 1965-ci ildə məqsədli aspiranturaya qəbul edilmişdir. A.F.İoffe adına Leninqrad Fizika İnstitutuna ezamiyyətə göndərilmiş və orada 1970-ci ildə iki dəfə SSRİ Dövlət Mükafatı laureatı professor Kolomiyesin rəhbərliyi altında "Amorf keçiricilərdə mo-dulyasiya spektroskopiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.
1968-ci ildən Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi vəzifələrində işləmişdir.
Şərif Əfəndiyevin elmi marağı bərk cisimlər fizikası, qeyri-xətti kristalların optikası, kristalların spektroskopiyası, lazer texnikası və texnologiyası sahələrinə aiddir. Təqiqatları xarici alimlərin geniş marağına səbəb olmuş, 1973-1974 və 1984-1985-ci illərdə İtaliyada elmi ezamiyyətdə olmuşdur.
1989-cu ildə Azərbaycan Texniki Universitetinin Fizika kafedrasına keçmiş və ömrünün sonuna qədər həmin kafedranın professoru olmuşdur. 1992-ci ildə dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildə professor elmi rütbəsi verilmişdir. 150-dən çox elmi məqalənin, bir neçə ixtiranın və metodiki vəsaitin müəllifidir. 33 beynəlxalq konfransın iştirakçısıdır. Onun rəhbərliyi ilə 10 elmlər namizədi yetişmiş, qeyri-xətti kristallar və seqnetoelektriklər sahəsində elmi məktəb yaratmışdır.
2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.
1988-ci ildə "Halogenid və oksid yarımkeçiricilərin elektron rəqs hallarının elektroskopiya. Elektrik və deformasiya sahələrinin təsiri” işlər silsiləsinə görə Azərbaycan Respublikasının Elm və Texnika üzrə Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. 1993-cü ildə Beynəlxalq Soros Fondunun (ABŞ) mükafatını almış, 1995-ci ildə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.