Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab olur.
- Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi -sa, -sə şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi də bir yerdə işlənə bilər, təkcə -sa, -sə şəkilçisi də işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir. Məs: Əgər qoca yıxılıb ölsə, bütün miras oğlana qalacaq. Hərgah Ataş bu kişi ilə yaxınlaşsa, çox şey öyrənəcəkdi. Boyum uca olsa idi, mən də səninlə arxada oturardım. Madam ki bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz.
- Bəzi şərt budaq cümlələri də var ki, baş cümlə budaq cümlədən əvvəl gəlir. Bu zaman əlaqə vasitəsi "ki" tabelilik bağlayıcısı olur. Belə cümlələrdə bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərdən istifadə olunur. Məs: Bir şərtlə maşınları buraxaram ki, vaxtında burada olsunlar. Belələrini o şərtlə əfv etmək olar ki, bütün silahlarını təhvil versinlər.
- Şərt budaq cümləsi yalnız intonasiya vasitəsilə də yarana bilər. Məs: Oxu deyir, sən də oxu. Belə cümlələrdə şərt budaq cümləsinin əlaqə vasitələrini asanlıqla bərpa etmək olur: Əgər oxu deyirsə, sən də oxu. Şərt budaq cümlələri baş cümlədə buraxılmış üzvü izah etmir. Budaq cümlə baş cümlədəki ümumi məzmunla bağlı olur. Buna görə də belə cümlələr, adətən, sadələşə bilmir. İstisna: Bəzən şərt budaq cümləli tabeli mürəkkəb cümlələr də sadələşə bilər: Mən səni bir şərtlə bağışalayarm ki, millətinə hörmət edəsən — Millətinə hörmət edəcəyin şərti ilə səni bağışlayaram.
- Bircə qızın toyunu görsəydim, bu dünyada daha dərdim olmazdı.
- Ucalmasaq, bizi görməz bütün yer üzü.
- Hərgah ədəb-ərkanla pulu verdi, qurtardı, yox, əgər nəm-nüm eləsə, işlər pisləşəcək.
- Üz versəm, astar da istəyərlər.
- Bunu bir şərtlə yazaram ki, bir daha yanıma gəlməyəsən.