Tamamlıq budaq cümləsi ya baş cümlənin olmayan tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan tamamlığı izah edir. Kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir.
- Budaq cümlənin bu növü bütün forma xüsusiyyətlərinə görə mübtəda budaq cümləsinə oxşayır. Fərqli xüsusiyyəti yalnız baş cümlənin budaq cümlədən tələb etdiyi sualdır ki, həmin suallar tamamlığın suallarıdır. Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feili xəbərinə aid olur.
- Tamamlıq budaq cümləsində işlənən əvəzlik-qəliblər bunlardır: onu, bunu, orasını, burasını, onda, bunda, onu da, bunu da, ondan, bundan və s.
- Tamamlıq budaq cümləsində də baş və budaq cümlənin yeri dəyişə bilər. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və tabelilik bağlayıcısı olur: Deyirlər (nəyi?), şirin yuxu gözəl nemətdir. İnanıram (nəyə?), hamınız imtahandan uğurla çıxacaqsınız. Öz- özümdən soruşdum ki (nəyi?), heç zaman səhv etməmişəm? Onu da yaxşı bilirəm ki (nəyi?), torpaqlarımızı gec-tez geri qaytaracağıq. Bu cümlələrin sadələşməsi də mübtəda budaq cümləsində olduğu kimidir: Şirin yuxunun gözəl nemət olduğunu (nəyi?) deyirlər. Torpaqlarımızı gec-tez geri qaytaracağımızı (nəyi?) yaxşı bilirəm.
- Bəzi hallarda ''ki'' ədatı ilə işlənən kim, kimi, kimə bağlayıcı sözlərin əlaqə vasitəsi olduğu cümlələrdə budaq cümlə baş cümlədən əvvəl gəlir. Baş cümlədə işlənən əvəzlik-qəlib qarşılıq söz olur. Məs: Kim yaxşı oxuyub, onu seçdilər. Kim ki ad qoymuşdur qoca dünyada, onu öz dostları vermişdir bada. Bu zaman baş cümlədə əvəzlik-qəlib işlənməyə də bilər. Bu zaman onu asanlıqla bərpa etmək olur. Məs: Kim günahsızdır, azad etdilər. (Kim günahsızdır, onu azad etdilər.)
- Tamamlıq vasitəsiz və vasitəli olduğu kimi, tamamlıq budaq cümlələri də vasitəsiz və ya vasitəli tamamlığın suallarına cavab verir.
Vasitəli tamamlıq budaq cümləsi:
Şagirdlər şikayətlənir ki (nədən?), müəllim onları çox tənqid edir.
Mən inanıram ki (nəyə?), hədəfimiz müəyyən olacaq.
Vasitəsiz tamamlıq budaq cümləsi:
Deyirəm ki (nəyi?), biz türklər həmişə dostluqda sadiq oluruq.
Fatimə bilirdi ki (nəyi?), mən artıq döyüş bölgəsinə gedirəm.
Haranı deyirsiz (haranı?), oranı da təmizləyək.
- O, arxayın olacaqdı ki, zavod təzə avadanlıqlardan istifadə edəcəkdir.
- Ədalət mülkündən kim üz çevirsə, ona aqil deməz ağıllı kimsə. (N.G)
- Xalq deyəcəkdi, padşahımız yaxşı adamdır. (M.İ)
- Zübeydə burasını da fikirləşdi ki, heç kim heç nə görməz.
- Kim ki sevir vətənin, ona mənim böyük hörmətim var.
- Haranı sənə tərifləyirlər, oranı görmək istəyirsən.
- Sən nə deyirsən, onu da sənə verəcəyəm.
- Fikirləşir ki, bu işin sonu necə olacaq.
- Hər kim ki bu dünyadan zövq almağı bacarır, ona da yaşamaq halaldır.
- Bu cümləni nə üçün yazmısansa, onu da əlavə et.
- Kim nə bilir, kim nə çəkir.
- Orası ki mane olurdu, qoparıb atdıq.
- Hər nə istəsən, onu gətirərəm.