Şahin Ömərov

Şahin Ömərov (Ömərov Şahin Ənvər oğlu; 26 avqust 1968. Xırdapay, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ) — İqtisad elmləri namizədi. Xarkov Milli Radioelektronika Universitetinin iqtisadi kibernetika kafedrasının dosenti. “Xəzər Ltd” Firması Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru. Albaniya Respublikasının Xarkovda fəxri konsulu.

Şahin Ömərov
Ömərov Şahin Ənvər oğlu
Doğum tarixi (56 yaş)
Doğum yeri Xırdapay, Kürdəmir rayonu,
 Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
 Ukrayna
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi İqtisad elmləri namizədi

Ömərov Şahin Ənvər oğlu 1968-ci il avqustun 26-da Azərbaycan Respublikasının Kürdəmir rayonunun Xırdapay kəndində qulluqçu ailəsində anadan olub. Məktəbi bitirəndən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Kürdəmir rayonundakı Təmir-Tikinti İdarəsində fəhlə işləyib. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib.[1]

Ş.Ömərov 1988-ci ildə Xarkova gəlib, bir il sonra “mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi” ixtisası üzrə Xarkov Dövlət Dəmiryol Nəqliyyatı Akademiyasının iqtisad fakültəsinin qiyabi şöbəsinə daxil olub.

Eyni zamanda Xarkov Elmi-Tədqiqat Dəqiq Maşınqayırma İnstitutunda (“Radiorele” Xarkov İstehsalat Birliyi) lifli-optik texnika üzrə konstruktor şöbəsində çilingər vəzifəsində çalışıb, 1990-cı ildə elə həmin institutun baza elmi-tədqiqat standartlaşdırma şöbəsinə mühəndis vəzifəsinə keçib.

Ş.Ömərov 1992-1993-cü illərdə “TSK” kiçik müəssisəsində mühasib, sonra baş mühasib işləyib.

Ş.Ömərov 1993-cü ildən “Sprut” LTD Ukrayna-Türkiyə birgə müəssisəsinin baş mühasibi olub, 1994-cü ildə “İnko” Səhmdar Bankının valyuta əməliyyatları şöbəsində iqtisadçı-mühasib, 1995-ci ildə elə həmin bankın valyuta əməliyyatları şöbəsinin rəisi olub. 1996-cı ildə “Ukrayna ticari əməkdaşlıq bankı” Səhmdar Kommersiya Bankında valyuta idarəsi rəisinin müavini təyin edilib.

Ş.Ömərov 1996-2006-cı illərdə “Xəzər Ltd” Firması Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) maliyyə direktorunun müavini, 2007-ci ildə “Xəzər Ltd” MMCnin maliyyə direktoru olub. 2006-2010-cu illərdə Xarkov şəhər şurasının Kiyev rayon şurasının deputatı olub. 2009-cu ildən bu günə qədər “Xəzər Ltd” Firması MMC-nin baş direktorudur. 2010-2013-cü illərdə Xarkov vilayəti qubernatorunun iqtisadi məsələlər üzrə müavininin müşaviri olub. 2012-ci ildən Sənaye və Ticarət Komitəsinin rəhbəri, Avropa Ticarət-Sənaye Palatasının Xarkov vilayətindəki nümayəndəsi, 2013-cü ildən Ukrayna-Azərbaycan Biznes Şurasının prezidentidir.

Ş.Ömərov yüksək peşəkarlığına və “Xəzər Ltd” Firması MMC-nin baş direktoru kimi Xarkov vilayətinin sosial-iqtisadi inkişafına şəxsi sanballı töhfəsinə görə dəfələrlə Xarkov vilayəti dövlət administrasiyasının (2007, 2008), Xarkov şəhər şurasının (2006, 2008), “Xəzər” firması ilə əməkdaşlıq edən müəssisələrin rəhbərlərinin (2007, 2008, 2009) fəxri fərmanları və təşəkkürnamələri ilə mükafatlandırılıb. Birbaşa vəzifə öhdəlikləri ilə bağlı işinin çox olmasına baxmayaraq, Ş.Ömərov müəssisələrin idarə olunması və maliyyə sahəsində peşəkarlıq səviyyəsini daim yüksəldir. O, 1996-cı ildə Yaroslav Mudrı adına Ukrayna Milli Hüquq Akademiyasının təsərrüfat-hüquq fakültəsinə daxil olub. 2002-ci ildə akademiyanı “hüquqşünaslıq” ixtisası üzrə bitirib.

Ş.Ömərov 2006-cı ildə Xarkov Milli Radioelektronika Universitetinin əyani bölməsinin aspirantı olub. 2008-ci ildə “İqtisadiyyat və müəssisələrin idarə olunması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Ş.Ömərov 11-dən çox elmi məqalənin müəllifidir. Hazırda Xarkov Milli Radioelektronika Universitetinin iqtisadi kibernetika kafedrasının dosentidir. Ukrayna Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat İnkişafın Sənaye Problemləri Mərkəzinin tədqiqatçısıdır. Beş dil bilir.

Ş.Ömərov ictimai işə də vaxt tapır. O, 1991-ci ildən Xarkov vilayətindəki “Xətai” Cəmiyyətinin İdarə heyətinin üzvüdür, 2001-ci ildən “Dostluq” Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin Xarkov vilayəti üzrə idarə heyətinin üzvüdür. Bu qurumların əsas vəzifələri milli mədəni ənənələri dirçəltmək və qoruyub saxlamaq üçün azərbaycanlıların səylərini birləşdirmək, Ukrayna və Azərbaycan arasında mədəni-iqtisadi əlaqələrin möhkəmlənməsinə dəstək göstərmək, Ukraynada yaşayan azərbaycanlıların hüquq və maraqlarını müdafiə etməkdir.

Ukrayna ilə Azərbaycan arasında mədəni-iqtisadi əlaqələrin genişlənməsinə yönələn irimiqyaslı tədbirlərin (elmi-praktik konfranslar, “dəyirmi masa”lar, Xarkovda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, milli bayramlar və s.) təşkilatçısı olan “Dostluq” Cəmiyyətinin fəaliyyəti dəfələrlə Millətlər və Dinlər İşləri üzrə Ukrayna Dövlət Komitəsinin, Xarkov vilayəti dövlət administrasiyasının və Xarkov şəhər şurasının fəxri fərmanları və təşəkkürnamələri ilə qeyd edilib.

Ş.Ömərov 2015-ci ilin yanvarından Albaniya Respublikasının Xarkovda fəxri konsuludur.

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.