Şahməmməd Şahməmmədov

Şahməmməd Gülməmməd oğlu Şahməmmədov (d. 6 avqust 1947, Ləngəbiz kəndi, Ağsu rayonu, Azərbaycan SSR SSRİ) — Azərbaycanlı hərbçi; Qarabağ müharibəsi iştirakçısı, polis polkovniki, şair və yazıçı.[1][2]

Şahməmməd Şahməmmədov
Şahməmmədov Şahməmməd Gülməmməd oglu
Doğum tarixi (77 yaş)
Doğum yeri Ləngəbiz, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Gülməmməd Şahməmmədov
Milliyyəti azərbaycanlı
İxtisası hüquqşünas
Təhsili Ali
Fəaliyyəti Şair
Mükafatları "Qızıl qələm" "Araz" "Ali-Ədəbi""Zərdabi"

Şahməmməd Şahməmmədov 6 avqust 1947-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuşdur. 5 yaşında I sinfə getmişdir. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu bitirib, Ağsu rayonunun Səfərli və Ərəbuşağı kəndlərində 2 il müəllim işləmişdir. Sonra Uzaq Şərqə əsgəri xidmətinə getmişdir. Əsəgəri xidməti başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. ADU-nun hüquq fakültəsinə daxil olmuşdur. Eyni zamanda fəaliyyətini respublikanın hüquq-mühafizə orqanları ilə bağlamışdır. 1982/84-cü illərdə SSRİ DİN-nin Moskva şəhərindəki akademiyasında təhsil almışdır. Bir sıra məsul vəzifələrdə işləmişdir. Serjant rütbəsindən polkovnik rütbəsinə kimi yüksəlmişdir. Bütün bu illər ərzində bədii yaradıcılıq bir an olsun belə onu tərk etməmişdir.

O, 50 ildən çox yaradıcılıq yolu keçmişdir. O, nəyi görmüşsə, nəyi eşitmişsə, hansı məqamlar duyğularına öz bədii təsirini göstərmişsə yalnız onları qələmə almışdır. Onu həmişə Allahın ucalığı, Onun günahları bağışlaması, insanlar, onların gözəl əməlləri, xoşbəxtliyi, valideynlərin müqəddəsliyi, sevginin əzizliyi, vətənə məhəbbət, doğma torpağa bağlılıq, onun gözəlliyi, sıra dağları, gen dərələri, yaşıl baharı, əlvan çiçəkləri, bəyaz qarı, istisi, soyuğu, leysan yağışları, köynəyinin yaxasını sökən küləkləri, onu bu günə çatdıran, əvvəli və sonu görünməyən yolları, cığırları, izləri düşündürmüşdür. Onun "Dağlar, səndə nəyim qaldı?", "Nastalo vremya", "Sevməsəydim, yaşamazdım", "Xatirələr ocağının işığında", "Çaylar geri dönmür", "Həyəcan dolu beş il", "Yerlə Göy arasında", "Ləngəbiz", "Bakı polisi: qısa tarixi və müasir dövrü 1840-2005", "İldırımlar qanadında", "Yollar", "Bu gün açılacaq yaylım atəşi", "O sevgini unutmaq olmur", "Azərbaycan, bir də Heydər", "Nəğmələr dünyası", "+994552010290" kimi kitabları işıq üzü görmüşdür. "Bahar çiçəkləri", "Dünyamız ağ göyərçin", "Pieslər" kimi almanaxlarda əsərləri dərc olunmuşdur. Heydər Əliyevə həsr olunmuş əsərlər toplusundan ibarət "Azərbaycan oxusun" adlı kitabda ona həsr etdiyi "Karvan" poeması, "Azərbaycan, bir də Heydər" şeiri ilə siz oxucuların görüşünə gəlmişdir. Bir sıra kitablara redaktorluq etmişdir. Bir sıra kitablarda müxtəlif səp­gili yazılarla çıxış etmişdir.

Müğənnilərimiz – M.Bağırzadənin, F.Kərimovanın, Z.Məmmədovanın, F.İbadovanın, C.Məm­mədovun, T.Vəlizadənin, Y.Mustafayevin, B.Əşrəfovun, Y.Babayevanın, B.Mehdiqızının və s. ifa etdiyi 30-à yaxın mahnının sözlərini yazmışdır. Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvüdür. "Qızıl qələm", "Araz" Ali-Ədəbi, "Zərdabi" mükafatlarının diplomuna layiq görülmüşdür. Cəmiyyətimizdə ictimai qaydaların qorunmasında bir polis zabiti kimi yaxından iştirak etmişdir. Qarabağ döyüşlərinin iştirakçısı olmuşdur.

  1. "Mətanətin maraqlı "Gündəlik" ovqatı". miq.az. miq.az. 21 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2017.
  2. ""Onları xatırlayırıq"". www.anspress.com. www.anspress.com. 21 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2017.