Ağsu rayonu

Bu məqalə Ağsu rayonu haqqındadır. Şəhər üçün Ağsu səhifəsinə baxın.

Ağsu rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Ağsu şəhəridir.

Rayon
Ağsu rayonu

40°34′10″ şm. e. 48°24′00″ ş. u.


Ölkə
Daxildir Dağlıq Şirvan
İnzibati mərkəz Ağsu
Tarixi və coğrafiyası
Yaradılıb 8 oktyabr 1943
Sahəsi
  • 1.020 km²
Hündürlük
57 m
Əhalisi
Əhalisi
  • 77.290 nəf.
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-AGU
Telefon kodu +994 20
Poçt indeksi AZ 0600
Avtomobil nömrəsi 06
Rəsmi sayt
Ağsu rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli yazır ki, Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında yerləşən orta əsr Ağsu şəhərinin adı XVI–XVII əsrdən tarixə bəllidir. 1735-ci ildə Nadirqulu xan (1736-cı ildən sonra Nadir şah) zəlzələ və ara müharibələrindən zərər çəkmiş və yararsız hala düşmüş Şamaxı şəhərinin əhalisini Ağsuya köçürüb, ciddi plan əsasında şəhəri yenidən tikdirib. Azərbaycanın tarixi-coğrafiyasını yazan Zəki Vəlidi Toğan bu haqda bildirir: "Nadir şah 1735-ci ilin martında Şamaxını tutduqdan sonra Şirvanın hökumət mərkəzini şəhərin 30 km cənubi-qərbində əvvəllər mövcud olan Ağsu qəsəbəsinə keçirib Şamaxının əhalisini də oraya köçürür. 1767-ci ildə hökumət mərkəzi az vaxt müddətinə Ağsudan Şamaxıya qaytarılsa da, həmin ildə yenidən Ağsuya gətirilmiş və 1795-ci ilədək burada qalmışdır". Həmin dövrdə və sonralar yaşamış yerli müəlliflər — Haşimi Şirvani, Zülali Şirvani, Ağa Məsih Şirvani, Şakir Şirvani, Hacı Zeynalabdin Şirvani, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani və başqaları öz əsərlərində bir qayda olaraq bu şəhəri Ağsu adlandırıblar. Şəhərin rəsmi adı istər Nadir şah, istər Hacı Məhəmmədəli xan, istər Məhəmmədsəid xan, istərsə də Mustafa xan dövründə Ağsu olmuşdur. Xaraba şəhər şəhərin adı deyil, dağıldıqdan sonra bu cür adlanıb. Yeni Şamaxı isə heç bir rəsmi əhəmiyyət daşımır, Şamaxıya nisbətdə deyilib. Ağsu adı isə şəhərin rəsmi adı olub, tarixi əhəmiyyət daşıyır.

Ağsu adının oğuzlarla bağlı olması Şərqi Türküstan və Anadoluda olduğu kimi tarixən yaxınlığında Sincan adının çəkilməsi ilə əlaqələndirilir. Həqiqətən XX əsrin əvvəllərinə qədər Ağsu qəsəbəsinin yaxınlığında Sincan obasının yaşaması rəsmi sənədlərdən bəllidir. Hal-hazırda Çinin Sincan-Uyğur Muxtar Respublikasında ən böyük şəhərlərdən biri məhz, Ağsudur. Beləliklə, Ağsu adı oğuz türkləri ilə bu bölgəyə gətirilmiş, suyunun xüsusən yay aylarında duru olması səbəbi ilə toponim kimi işlədilmişdir.

A. Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, Nadir şah tərəfindən 1735-ci ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda şəhərin ətrafında hasarlar tikildi. Şəhərin qədim əhalisi də buraya köçürüldü və Ağsu Şirvan hakimlərinin mərkəzi oldu. Həmin qədim şəhərin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Şəhərin adı isə ərazisindən keçən "Ağsuçay"ın adı ilə bağlıdır. Əvvəllər şəhər tipli qəsəbə olan Ağsu 1967-ci ildə şəhər statusu almışdır.

Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmiş, 4 yanvar 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.

Təxminən 77 min nəfərdən ibarət olan rayon əhalisinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 28,9 %-i şəhərdə, 71,1 %-i kənd yerlərində yaşayır.

Əhalisinə görə ən böyük yaşayış məntəqələri Ağsu şəhəri, Gəgəli, Bico, Kəndoba, Kalva, Pirhəsənli və Ərəbuşağı kəndləridir.

Rayonda 2.068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş rayonlarından gələn əhalidir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
Ağsu rayonunun xəritəsi

Rayonda 1 şəhər, 31 bələdiyyə və 79 kənd vardır.

Bələdiyyələr

[redaktə | mənbəni redaktə et]
Bələdiyyələrin adı Əhali
1 Ağsu şəhər bələdiyyəsi 22313
2 Gəgəli kənd bələdiyyəsi 4334
3 Bico kənd bələdiyyəsi 2292
4 Kəndoba kənd bələdiyyəsi 3297
5 Kalva kənd bələdiyyəsi 2342
6 Ərəbuşağı kənd bələdiyyəsi 1000
7 Padar kənd bələdiyyəsi 1960
8 Ərəbmehdibəy kənd bələdiyyəsi 1811
9 Pirhəsənli kənd bələdiyyəsi 3555
10 Cəlayir kənd bələdiyyəsi 3010
11 Qaraqoyunlu kənd bələdiyyəsi 2304
12 Padarqışlaq kənd bələdiyyəsi 1512
13 Ləngəbiz kənd bələdiyyəsi 1463
14 Növcü kənd bələdiyyəsi 2356
15 Qəşəd kənd bələdiyyəsi 1199
16 Bozavand kənd bələdiyyəsi 2670
17 Daşdəmirbəyli kənd bələdiyyəsi 1118
18 Dilman kənd bələdiyyəsi 1129
19 Çiyni kənd bələdiyyəsi 1433
20 İlxıçı kənd bələdiyyəsi 1455
21 Çaparlı kənd bələdiyyəsi 2112
22 Xəlilli kənd bələdiyyəsi 889
23 Rəhimli kənd bələdiyyəsi 1728
24 Nüydü kənd bələdiyyəsi 680
25 Göydəlləkli kənd bələdiyyəsi 661
26 Aratlı Curuğlu kənd bələdiyyəsi 1287
27 Muradlı kənd bələdiyyəsi 1188
28 Ərəbsarvan kənd bələdiyyəsi 982
29 Nəmirli kənd bələdiyyəsi 823
30 Nuran kənd bələdiyyəsi 755
31 Gürcüvan kənd bələdiyyəsi 1665
Cəmi 122980

Ərazi və coğrafiyası

[redaktə | mənbəni redaktə et]

Ağsu rayonu şərqdən və şimal-şərqdən Şamaxı, cənubdan HacıqabulKürdəmir, qərbdən və şimali-qərbdən İsmayıllı rayonları ilə həmsərhəddir.

Ərazisinin sahəsi 1020,1 km²-dir.

Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündəBöyük Qafqazın ətəklərində yerləşir. Rayonun relyefi şimalda və şimal-şərqdə dağlıq (Niyaldağ, Hinqar, Ləngəbiz silsilələri və s.), cənubda ovalıqdır (Şirvan düzü). Rayon ərazisindəki ən hündür zirvə Bico kəndi ərazisindəki, dəniz səviyyəsindən 929 metr yüksəklikdə yerləşən Sanqalan ("Səndələn" və ya "Bico dağı" da adlanır) zirvəsidir. Bu zirvə, həm də Ləngəbiz silsiləsinin ən hündür nöqtəsidir. Dağlıq ərazilərdə Paleogen və Neogen, düzənlikdə isə Antropogen çöküntüləri yayılmışdır. Gil yataqları mövcuddur.

Rayonun ərazisindən Girdiman, Ağsuçay və onların qolları, Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və ortada Cavanşir gölü, rayonun şərqə tərəf hissəsində kiçik Bicodərəsi çayı, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.

İqlimi mülayim isti quru subtropikdir. Orta temperatur yanvarda −4 °C-dən l,5°Cyədək, iyulda isə 15–27 °C-dir. İllik yağıntı 340–800 mm-dir.

Torpaqları karbonatlı qəhvəyi dağ-meşə, dağ boz-qəhvəyi, açıq şabalıdı, boz və çəmən-boz tiplidir.

Dağlıq sahədə meşə və kolluqlar vardır. Qarabağın rəmzlərindən sayılan məşhur xarıbülbül çiçəyinə Ağsu rayonunun dağlıq ərazilərində də (xüsusən Bico dağlarında) daima rast gəlinmişdir.

Rayon ərazisində ayı, çöldonuzu, çaqqal, porsuq, canavar, tülkü və s. heyvanlara, kəklik, turac, qırqovul, çalağan və bu kimi digər quşlara, həmçinin gürzə, kələz, yelmar, koramal və başqa sürünənlər yaşayır.

16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır. Rayonun inzibati mərkəzi olan Ağsu şəhəri Şamaxıdan 37 km cənub-qərbdə, Ağsu çayının sahilində yerləşir. Azərbaycanda "Ağsu" adlı çaylar çoxdur. Onların bu cur adlanmasının səbəbi çox sadədir, "təmiz, şəffaf su" mənasını verməklə yanaşı, həm də çay yatağında olan ağ rəngli, əsasən də əhəng mənşəli süxurlarla bağlıdır.

Bakıdan Ağsuya gedən yol məşhur Ağsu aşırımından keçir. Uzunluğu 14 km olan, dəniz səviyyəsindən 900 m-ə qədər yüksəkliyi olan bu aşırım Böyük Qafqazın cənub ətəklərindəki Ləngəbiz sıra dağlarının orta hissəsində yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır. Bu yerlərin ucu-bucağı görünməyən əzəmətli mənzərəsi yolçuları heyran edir. Aşırım dumana bürünəndə isə buradan maşınla gedən adamların hər biri sanki buludların arası ilə hərəkət etdiyini güman edir.

Ağsunun dağ kəndləri, xüsusən də Kalva, Suraxanı, Xatman, Dilman və Hacıman kəndləri turizm üçün əlverişli təbii-coğrafi mövqeyə malikdirlər.

Rayonun relyefi şimalda və şimal-şərqdə Niyaldağ, Hinqar, Ləngibaz silsiləsindən ibarət olub dağlıqdır. Cənub əraziləri Şirvan düzü ilə hüdudlanaraq ovalıq ərazilərdir. Ərazinin mərkəzi hissəsindən Ağsu çay, qərbindən isə Girdimançay axır. Ağsu şəhəri hər iki sahilində, Şirvan düzünün şimal-şərq qurtaracağında,Hinqar silsiləsinin ətəyində yerləşir.Rayonun dağlıq dağ ətəyi yerlərində karbonatlı dağ-meşə, dağ boz-qəhvəyi torpaqlar yayılmışdır.Düzən hissə açıq şabalıdı, boz və çəmən-boz torpaqlardan ibarətdir.

Geoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Dağlıq ərazilərdə Paleogen və Neogen, düzənlik yerlərində isə Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

[redaktə | mənbəni redaktə et]

Ağsu (mənbəyin hündürlüyü 2100 m), Girdiman (Mənbəyin hündürlüyü 2900).

Landşaftları və biomüxtəlifliyi

[redaktə | mənbəni redaktə et]

Ərazi yarımsəhra, quru bozqır, kolluq və dağ meşə landşaftlarından ibarətdir. İqlimi düzənlik hissədə mülayim-isti və quru subtropikdir.Dağlıq ərazilərdə yay bir qədər sərin, qış isə nisbətən soyuq və quraq keçir. Düzənlik ərazilərdə, ərazilərdə,əsasən, yovşanlı-şorəngəli yarımsəhra bitkiləri yayılmışdır.Şahdağ Milli Parkının bir hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət qoruğu) Ağsu rayonu ərazisinə düşür.Dilman şəlaləsi (Dilman kəndi) və Ağsu aşırımı çox gözəl geoloji-landşaft xarakterli təbiət abidələrindəndir.

Dendroflorası, əsasən, qafqaz vələsi(Carpinus causica), şərq fıstığı (Fagus orientalis) iberiya palıdı (Quercus iberica) və şərq palıdında (Quercus macranthera) ibarətdir.Meşələrdə, həmçinin, adi göyrüş (Fraxinus exselsior), çöl ağcaqayını (Acer campestre), çinaryarpaq ağcaqayın(Acer platanoides), qarağaclar (Ulmus carpinilfolia, U.minor.), qaraçöhrə (Taxus baccata), tozağac (betula sp.) söyüd (Salix sp.), şərq alması (Malus orientalis), Qafqaz armudu (Pyrus caucasica), çaytikanı (Hipophae rhamnoides), əzgil (Mespilus germanica), quşarmudu (Sorbus sp.), itburnu (Roza sp.), müxtəlif yemişan növləri, alça (Prunus divaricata), sumax (Rhus coriaria), sarağan (Cotinus sp.), zirinc (Berberis sp.) və s. ağac-kollar vardır.

Cücüyüyünlərdən qafqaz uzunquyruq ağdişi (Crocidura gueldentstaediti), kirpi (Erinaceus concolor), köstəbəyə (Talpa levantis) rast gəlinir.Yarasalar nalburun (Rhinolophus blasii), itiqulaq şəbpərə (Myotis blythi), dağ gönlücəsi (Eptesicus serotinus) və s.növlərlə təmsil olunmuşdur.Ərazidə gəmiricilərin meşə sülüysini (Dryomys nitedula), sülüysin (Gilis gilis), sarı boğaz siçan (Apademus flovicolis) və s.növləri yayılmışdır.Yırtıcılardan canavar (Canis lupus), çaqqal (Canis aureus), tülkü (Vulpes vulpes), meşə pişiyi (Felis silvestris), qonur ayı (Ursus arctos), gəlincik (Mustale nivalis), porsuq (Meles meles) və s. növlər təsvir edilmişdir.Sürünənlərdən qafqaz kələzi (Laudakia caucasica), Levant irigürzəsi(Macrovipera Lebetina), müxtəlif kərtənkələlər, koramal vardır.Quşlardan qafqaz şahini (Falco peregrinus caucasica), qırqavul (Phasianus colchicus), qaratoyuq (Turdus merula), bildirçin (Coturnix coturnix), kəklik Perdix perdi) və göyərçinə (columba livia) rast gəlinir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfatına yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir. Aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışdır. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilmişdir. Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98–100%-i qeyri-dövlət sektorunun payına düşür. Rayonun təsərrüfat fəaliyyətinin əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Rayon əhalisinin böyük əksəriyyətinin, yəni 70%-dən çoxunun məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Rayonda hazırda əsasən taxılçılıq, pambıqçılıq, meyvə, bostan-tərəvəz istehsalı və heyvandarlıq sahəsi sürətlə inkişaf etdirilir. Ağsu rayonunda əsasən taxıl, pambıq, kartof, bostan-tərəvəz, günəbaxan, nar, üzüm və digər bitkiçilik məhsulları yetişdirilir. Respublikada aqrar islahatların gedişi ilə əlaqədar rayonda mal-qaranın özəlləşdirilməsi prosesi başa çatdıqdan sonra heyvandarlığın inkişaf səviyyəsi xeyli artmışdır. Rayon əhalisinin ət məhsuluna olan tələbatı rayon daxilində yetişdirilən heyvanların hesabına ödənilir. Son dövrdə quşçuluq məhsullarının istehsalı xeyli artmışdir.

Hazırda Ağsu rayonunda onlarla istehsal təyinatlı müəssisə mövcuddur. Bunlardan "Miri Grand" MMC, "Büllür" MMC, "Ağsu-Konserv-3" ASC, "Ağsu Konserv A-EM", "Mehman" MMC, "Şaban-Quşçuluq" MMC-nin adını çəkmək olar. O cümlədən, rayonda çörək sexləri, abadlıq işlərində istifadə edilən bardür və tamet istehsal edən sexlər, Kalva kəndində "Pərvanə" MMC və onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sex, onlarla digər obyektlər mövcuddur. İstehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda satılır. Rayonda üzüm emalı və ipək qurdu baraması emalı üzrə müəssisələr fəaliyyət göstərir. Ağsunun Bico, Pirhəsənli, Qəşəd kəndlərində toxunan xalçalar, xüsusən də Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları çox məşhurdur. Rayonumuzda fəaliyyət göstərən Azqranata MMC-nin əsası 29 oktyabr 2011-ci ildə qoyulmuşdur.Sahəsi 8.8 ha yaxındır.Zavodun meyvə bağları 1000 ha ərazini təşkil edir.Burada çalışan işçilərin orta aylıq əmək haqqı 350 manat təşkil edir.Zavodda 60 çeşiddə şərab,30 çeşiddə araq, konyaklar,viskilər,xeyli çeşiddə şirə,kompotlar istehsal olunur və Cənubi Qafqaz Regionunda ilk dəfə olaraq Abqora istehsalına başlanılmışdır. Azqranat MMC-nin məhsulları ölkə hüdudlarından kənara-Almaniya, Slovakiya, Çexiya, Polşa, Rusiya, ABŞ, İngiltərə, Kanada, BƏƏ və Yaponiyaya da ixrac olunur.

XIX əsrin əvvəllərinə aid "Yeni Bico" xalçası

Rayonda 69 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 6 xəstəxana, 18 ambulator-poliklinika, 22 feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir. Rayonda 1 mədəniyyət sarayı, 10 mədəniyyət evi, 47 kitabxana, 1 uşaq musiqi məktəbi və tarix-diyarşünaslıq muzeyi vardır. Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə rayonlararası "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Ağsu şəhərində 3 km aralıda yerləşən Şeyx Dursun məqbərəsi 1457-ci ildə ucaldılmışdır. Eləcə də Şeyx Mezid məqbərəsinin adını çəkmək olar ki, daha zəngin görkəmi bundan əvvəl adını çəkdiyimiz abidənin memarlıq simasını kölgədə qoyur. Şeyx Mezid məqbərəsinin fasadının və interyerinin tərtibatında müxtəlif rəngli kaşıdan istifadə edilmişdir. Şəhərdən bir qədər cənub-qərbdə "Ağ Gunbəz" məqbərəsi, Ağsunun şərqində – XVIII əsrə aid tikililərin xarabalıqları, Gürcüvan kəndində isə Qız Qalası turistlər üçün maraqlı obyektlər sayılır. Ağsu rayonu Azərbaycan mədəniyyət tarixinin nadir incilərindən sayılan, Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyası kimi tanınan Bico xalçalarının vətənidir. Bico xalçası hazırda rayonun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır. Xeyli qədim tarixi olan Bico xalçaları sonralar Bico kəndindən başqa Qəşəd, Göylər, Pirhəsənli və Şirvanın digər məşhur xalçatoxuma məntəqələrində, eləcə də Qubadaİranda da istehsal olunub. (Hazırda Pakistanda da sənaye üsulu ilə toxunur) "Bico" xalçaları texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalça hesab edilir.[2] XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi. Əsasən iki varinatda toxunmuş Bico xalçalarının ən məşhur olan birinci variantında orta sahənin kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. 1 kv. m-də 220–300 min ilmə olan bu xalçaların sahə mərkəzi üçbucaqın üfiqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə rapportlara bölünmüşdür. Bico xalçaları hazırda Kanada, ABŞ, Çexiya, Rusiya, Türkiyə, İtaliya, Böyük Britaniya və s. ölkələrin bir çox məşhur muzeylərini və qalareyalarını bəzəyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə 2014-cü ildə Bico kəndində "Xalçaçı" peşə hazırlığı kursu fəaliyyət göstərmişdir.

Rayon ərazisindən 80 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir.

1987-ci ildə çəkilmiş və 2013-ci ildə bərpa edilən 25 km uzunluqdakı Ağsu-Bico-Göylər yolu bir çox kəndləri birləşdirməklə yanaşı qış aylarında Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsinə əsas alternativ kimi istifadə edilir.

Tarixi və memarlıq abidələri

[redaktə | mənbəni redaktə et]
N Abidənin adı Tarixi Yerləşdiyi yer
1 Cavanşir yaşayış yeri və qəbiristanlığı Son orta əsrlər Ağsu şəhərindən 3 km şərqdə
2 Qədim Nərgizava nekropolu Antik dövr və ilk orta əsrlər Gəgəli və Bico kəndlərinin ərazisi
3 Nüydi yaşayış yeri və nekropolu Antik dövr Nüydü kəndi
4 Pirəmsaq qəbiristanı İlk orta əsrlər Bico kəndi
5 Qırlartəpə yaşayış yeri Eneolit-antik dövr Qırlar kəndi
6 Qırlartəpə qəbiristanlığı Antik dövr Qırlar kəndi
7 Pirəşeydullah tarixi abidəsi Orta əsrlər Bico kəndi
8 XVIII əsrin paytaxt şəhəri — Ağsu 1735–1805-ci illər Ülgüc kəndi
9 Xanyurdu yaşayış yeri İlk orta əsrlər Ərəbuşağı kəndi
10 Qaraçıbulaq yaşayış yeri və qəbiristanlığı Antik dövr Nuran kəndi
11 Xəzinədağ qalası İlk orta əsrlər Padar kəndi
12 Şeyx Dursun Türbəsi 1399-cu il Ağsu şəhəri
13 Pir Bəxtiyar Türbəsi XIX əsr Ağsu şəhəri
14 Ağ günbəz türbəsi 1897-ci il Qaraqoyunlu kəndi
15 Qırmızı günbəz türbəsi 1909-cu il Qaraqoyunlu kəndi
16 Bilal Əfəndi məscidi XIX əsr Padar kəndi
17 Şıxməzid xanəgahı XIV-XVII əsrlər Ağsu şəhəri
18 Növcü daş qoç qəbirləri XIV-XVI əsrlər Növcü kəndi
19 Zeyvə nənə türbəsi XX əsrin 40-cı illəri Gəgəli kəndi
20 Mehrəvan qalası Son antik və ilk orta əsrlər dövrü Bəyimli kəndi
21 Həzrə türbəsi XV əsr Ərəbmehdibəy kəndi
22 Zəngənə yaşayış yeri İlk orta əsrlər Rəhimli kəndi
21 Şeyx Əmirəhməd türbəsi 1722-ci il Xəlilli kəndi

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 Керимов Л.Г. 'Азербайджанский ковер. Том III', Баку: Гянджлик, 1983,144 c., c.45

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]