Şahtaxtı Govurqalası

Govurqala — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun eyniadlı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid şəhər yeridir.

Govurqala
Xəritə
39°22′36″ şm. e. 45°03′49″ ş. u.
Ölkə  Azərbaycan, Naxçıvan Muxtar Respublikası
Yerləşir Kəngərli rayonu, Naxçıvan şəhərindən 35 km şimal-qərbdə.
Əsas tarixlər e.ə. III-II miniliklər
Sahəsi 2 hektar
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Govurqala (Azərbaycan)
Govurqala

Şəhər-qala e.ə III-II minillikləri əhatə edən dövrlərə aiddir, Naxçıvan şəhərindən 35 km şimal-qərbdə, Araz çayının sol sahilində Şahtaxtı kəndi yaxınlığında. Azərbaycan hökuməti tərəfindən dövlət əhəmiyyətli arxeoloji ərazilər siyahısına daxil edilmişdir.[1] Abidənin sahəsi təqribən 2 hektardır.

Abidənin üzərində və ətrafında aşınma nəticəsində dağılmış daş və torpaq yığıntılarından ibarət tikinti qalıqları izlənilməkdədir. 1936 və 1979-1990-cı illərdə abidədə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş mədəni təbədə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub 3-4,5 metr qalınlığındadır.

İri daşlardan tikilmiş möhtəşəm qala divarının və yaşayış binalarının qalıqları xüsusi maraq doğurur. Qala divarının eni 2,2 – 2,6 metr, dövrümüzə çatan hündürlüyü 1,2 – 2,45 metrdir. Qala divarlarının inşa edildiyi dövrdə Şahtaxtı qala-şəhər tipli yaşayış yerinə çevirilmiş, Naxçıvanın iri tayfa ittifaqlarından birinin mərkəzi olmuşdur. Şahtaxtında dulusçuluq, metalişləmə, zərgərlik və sair peşələr yüksək inkişaf etmişdir.[2]

Buradan tapılmış zəngin boyalı keramika nümunələri, silindrik möhürlər (e.ə. XV – XIV əsrlər), nəfis bəzək nümunələri Şahtaxtının Yaxın Şərqin qədim mədəniyyət mərkəzləri ilə sız əlaqələr saxladığını sübut etmişdir. Şahtaxtından çəhrayı, boz və qara rəngli gil qablar, bəzək əşyaları, daş alətlər və dəyərli osteoloji qalıqlar əldə edilmişdir. Tapıntılara əsasən Şahtaxtı yaşayış yeri e.ə. III – I minilliklərə aid edilir.[3]

  1. "Arxivlənmiş surət". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-06.
  2. V. H. Əliyev – Tarixin izləri ilə, Bakı, 1975
  3. A. Q. Seyidov – Naxçıvan Tunc dövründə, Bakı, 2000