Şahtaxtı yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində qədim yaşayış yeri. Orta əsrlərə aid yaşayış yeri rayonunun Şahtaxtı kəndi yaxınlığında yerləşir.
Yaşayış yeri təbii-coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Yaşayış yerinin qərb hissəsində qazıntı işləri nəticəsində (5x5 m sahədə) dairəvi planlı dulus kürəsi qalığı, şirsiz (qazan, küpə, küp, çölmək, çıraq və sair) və şirli (kasa və boşqab) qablar, gil fiqurlar, iki ədəd şiş uclu bıçaq tiyəsinin müxtəlif hissələri və digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Yaşayış yerindən əldə edilmiş materiallar Şahtaxtı əhalisinin əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıq və ticarətlə də məşğul olduğunu göstərmişdir. Tapıntılara əsasən yaşayış yerinin VII-XIII əsrlərə aid olduğu güman edilir.[1] Abidədə yalnız kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır.