Şamxor hadisəsi

Şamxor hadisəsiTürkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8–10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilmişdir.

Şamxor hadisəsi
Şəmkir hadisəsində şəhid olan azərbaycanlıların dəfni. Gəncə 1918-ci il
Şəmkir hadisəsində şəhid olan azərbaycanlıların dəfni. Gəncə 1918-ci il
Tarix 1918
Yeri Şəmkir
Səbəbi Türkiyə cəbhəsindən geri qayıdan rus əsgərlərinin tərkisilah olunması qərarı.
Nəticəsi Rus əsgərləri tabe olmadıqları üçün döyüş nəticəsində tərkisilah edilirlər.

İlkin hadisələr

[redaktə | mənbəni redaktə et]

Milli Azərbaycan hissələrinin yaradıldığı andan üzləşdiyi əsas problemlərdən biri müasir silahların çatışmazlığı idi. Müsəlman Korpusunun komandanı general-leytenant Ə. Şıxlinski öz xatirələrində yazırdı ki, "bizim əlimizdə silah, cəbbəxana… yox idi". Əgər ərzaq və paltar çatışmazlığını milli burjuaziyanın səyləri nəticəsində aradan qaldırmaq mümkün olmuşdusa, silah və hərbi texnika ilə təchizat olduqca zəif idi. Gürcü və erməni milli hissələri hələ müharibə dövründə silahla təmin edilmiş, üstəlik 1917-ci ildə erməni diasporunun səyləri ilə Müvəqqəti Hökumətlə əlaqələr yaradılmış və erməni hərbçilər rus ordusunda hərbi vəzifələrdən çox təminat və təchizata cavabdeh olan vəzifələri tuturdular. Bolşeviklər hakimiyyətə gəldikdə də Qızıl Ordunun silah və sursatla təminatına cavabdeh olan idarələrdə ermənilərin sayı kifayət qədər idi. Zaqafqaziya Komissarlığı, azərbaycanlı deputatların səylərindən sonra, bəzi rus hissələrinin silah və sursatlarının Müsəlman Korpusuna təhvil verməsi barədə qərar qəbul etdi. Yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-ci və 7-ci atıcı diviziyalar) əvəz etməlidir, bu korpusun silah və sursatı Müsəlman Korpusuna veriləcək. Əslində isə bu məsələ yubadılırdı. Yubadılmanın səbəbi bir tərəfdən rus hərbi hissələrinin bolşevik təbliğatına uyması və milli hissələrə silah verməməsi idisə, digər tərəfdən Zaqafqaziya Komissarlığının rus, erməni və gürcü deputatları rus hərbi hissələrindən Azərbaycan hissələrinə silah ayrılmasını qəsdən gecikdirirdilər. Silah çatışmazlığı problemini həll etmək üçün yeganə yol rus ordusunun anbarlarına hücumlar təşkil etmək idi.

Kərim bəy Şaxtaxtinskinin rəhbərliyi altında olan Şahsevən dəstələri İrandan geri qayıdan rus hissələrinin bir qismini tərksilah edərək 6 pulemyot, 3 min tüfəng, 85 min patron, 10 yeşik bomba (qumbara) ələ keçirdilər. 1918-ci il yanvarın 15-də Şahsevən süvariləri Astara Sovetinin 60 nəfərlik dəstəsini tərksilah etdilər. Zaqafqaziya Komissarlığı hərbi hissələrin zabitləri ilə razılıq əldə edir, lakin bolşeviklərin təsiri ilə rus əsgərlərinin öz zabitlərinə qarşı çıxıb (bəzən isə öldürüb) komissarların dedikləri ilə oturub-durması razılaşmanı pozur, bu isə gözlənilməz hadisələrlə nəticələnirdi.[1]

Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi.[2] Lakin Rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir, tərxis olunmalarına baxmayaraq, hətta ağır silahları belə özləri ilə Rusiyaya aparmağa cəhd göstərirdilər. GürcüstanAzərbaycandan keçib, şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərinin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdilər. Daşnaklar rus eşelonlarından pulla da xeyli silah alırdılar.[3] Hərbi eşelonların Şamxor yaxınlığında tərk-silah edilməsinə razılıq vermiş Zaqafqaziya Komissarlığının qərarı Millərlərarası Şura tərəfindən də bəyənilmiş və hər ehtimala qarşı bir zirehli qatar və 100 nəfərlik gürcü dəstəsi göndərilmişdi. Başda milli ziyalılardan Ələkbər və Xudadat bəy Rəfibəyov qardaşları, A. Səfikürdski, X. Rüstəmbəyov olan Yelizavetpol Müsəlman Milli Komitəsinin bir çox üzvləri də tərksilahda iştirak etməli idilər. Onlar bu işi dinc yolla həyata keçirməyə çalışdılar. Danışıqların aparılması üçün müəyyən adamlar da seçilmişdi. Silahlarını könüllü təhvil verəcəkləri halda hərbçilərin ərzaq və digər zəruri əşyalarla təmin edilib yola salınması nəzərdə tutulmuşdu.

Şəmkir dəmiryolu stansiyasından bir neçə eşelonun silahları vermədən Bakıya keçəcəyi xəbərini alan Yelizavetpol Müsəlman Milli Komitəsinin üzvləri, Müsəlman Korpusunun komanda heyəti bu eşelonları tərksilah etmək qərarına gəldi. Başda polkovnik Levan Maqalov olmaqla Tatar süvari alayı və polkovnik S. Əfəndiyevin rəhbərlik etdiyi 5-ci Yelizavetpol alayı silahları təhvil almalı idilər.

Yanvarın 6-da Qarayazı dəmiryolu stansiyasına bir eşelon əsgər gəlmiş, Ukraynadan olan bu əsgərlər razılığa əsasən silahları bir vaqona toplayaraq təhvil vermiş, əvəzində ərzaq alaraq yola salınmışdılar. Dinc yolla tərksilahın başa çatması digər eşelonlarla da problemlərin olmayacağına ümid etməyə imkan verirdi. Lakin həmin Qarayazı stansiyasına gələn növbəti eşelon büsbütün bolşevik təbliğatına uymuş, nəinki öz silahlarını verməmiş, hətta əvvəlki eşelonun təhvil verdiyi silahları ələ keçirməyə cəhd etmişdi. ZK-nın göndərdiyi zirehli qatar eşelonun yolunu kəsmiş, knyaz Maqalov ukraynalılardan götürülmüş silahlarla Müsəlman Milli Komitəsinin üzvlərini silahlandırmışdı. Yanvarın 7-si, 8-i və 9-da danışıqlar aparılmış, danışıqları ZK adından polkovnik Maqalov və gürcü dəstəsinin komandiri ştab — rotmistr Abxazava aparmışdılar. Bu "müsəlmanlar silahları alandan sonra rusları qıracaqlar" deyən bolşevik təbliğatının qarşısını almalı idi. Dəmir yolu stansiyasında 10 eşelon ZK-nın qərarı ilə razılaşmır, hətta onu tanımadıqlarını, zirehli qatarın və digər silahların da onlara verilməsini tələb edir, güc mövqeyindən çıxış edərək hətta danışıqlar üçün göndərilmiş parlamentyoru da girov kimi saxlayırdılar. Eşelonlardan birinin əsgərlərini yola gətirmək mümkün oldu, silahlar götürüldü, götürülmüş toplardan birini A. Səfikürdski Yelizavetpola apardı. Lakin digər eşelonlarla dil tapmaq mümkün olmadı, onlar zorla yolu açıb Bakıya doğru irəliləməyi planlaşdırırdılar. ZK-nın vəzifəli şəxslərindən olan N. Jordaniya hərbi rəhbərliklə telefon vasitəsilə danışıqlar aparmağa çalşsa da heç bir nəticə əldə olunmadı. Yanvarın 9-da danışıqlar kəskinləşdi və ilk atəş səsləri eşidildi. Rus əsgərləri dəmir yolu stansiyası və zirehli qatarı, ətraf Azərbaycan kəndlərini atəşə tutdular. Cavab atəşi açıldı, başlayan döyüşün gedişində bir neçə mərmi qonşu yolda dayanmış yanacaq eşelonuna dəydi və onu partlatdı. Partlayış və ondan sonra başlayan yanğın nəticəsində hər iki tərəfdən böyük itkilər oldu. Stansiyada 3 hərbi eşelon, iki qatar (onlardan biri sərnişin qatarı) və ZK-nın zirehli qatarı sıradan çıxarıldı.[4]

Şamxor dəmiryol stansiyasına yaxın bir yerdə dəmiryol xətlərinin hər iki tərəfində qazılmış xəndəklərdə gizlənmiş polkovnik Moqolovun komandanlıq etdiyi 10 min nəfərlik azərbaycanlı (bura müsavatçılar və Vəhşi diviziya əsgərləri də daxil idi) qüvvələr qəflətən vaqonlardakı rus ordu hissələrinə hücum etdilər. Bu zaman müsavatçıların topçu dəstələrinə rəhbərliyi ağqvardiyaçı rus zabitləri edirdilər.[5] Qarşıdurma zamanı həm hərbi qatar, həm də əks xətt ilə gələn sərnişin qatarı tamamilə yandı. Döyüş 3 gün çəkdi. Döyüşdə və döyüş zamanı baş vermiş yanğın zamanı hər iki tərəfdən minlərlə insan həlak oldu.[6] Hərbi eşelonların tərk-silah olunmasında polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu 5-ci Yelizavetpol nişançı alayı da yaxından iştirak etmişdi.[7]

Salamat qalan rus eşelonları yolu aça bilmədilər və hadisələri araşdırmaq üçün Şəmkirə göndərilən Zaqafqaziya Komissarlığının nümayəndə heyəti ilə (rəhbər kapitan Strelkovski) danışıqları davam etdirdilər. F. Xoyski, X. Xasməmmədov, X. Məlikaslanov azərbaycanlı döyüşçülər və əhaliyə müraciət edərək təmkinli olmağa çağırdılar. Uzun danışıqlardan sonra eşelonlar 20 top, 70 pulemyot, 15.000 tüfəng təhvil verərək yola davam etdilər.[8] Hadisələri müsəlmanların azğınlığı kimi qələmə verməyə çalışan bolşevik mətbuatı günahı Zaqafqaziya Komissarlığı və azərbaycanlıların üzərinə atır. 1983-cü ildə çap edilmiş "SSRİ-də vətəndaş müharibəsi və xarici intervensiya" ensiklopediyasında rus tərəfinin itikiləri maksimum həddə şişirdilib. Burada hadisələr "Şamxor qırğını" adlandırılıb və 5 minədək rus əsgərinin qırılması göstərilib.

Rus hərbi hissələrinin tərksilah edilməsi təkcə Müsəlman Korpusunu silahla təchiz etmək baxımından deyil, həm də bolşeviklərin öz hakimiyyətlərini Bakıdan kənara yaymaq cəhdlərinin qarşısının alınması baxımından da vacib əhəmiyyətə malik olub. Şəmkir-Bakı marşrutunda hərəkət edən, bolşevik təbliğatına uymuş eşelonlar dəmiryolu boyunca yerləşən əsas stansiyaları tutmaqla vəziyyəti bolşeviklərin xeyrinə dəyişə bilərdilər. Sonradan onların qarşısını almaq qeyri-mümkün olardı.[9] Bakıdakı Rus Milli Şurasının üzvü Boris Baykovun bildirdiyinə görə, döyüşdən sonra Bakıya doğru yoluna davam etmələrinə icazə verilən rus əsgərləri yol boyunca çoxlu sayda müsəlman kəndlərinə hücum edərək kəndləri dağıtmış, əhalisinə qarşı isə qırğın törətmişdilər.[10]

(1918-ci il 9 yanvar) Gəncə Müsəlman Komitəsinin təşəbbüsü ilə onları Şəmkir stansiyası yaxınlığında tərksilah edənlər arasında Mədət Quliyev də var idi. Ön vaqondakı əsgərlərdən silahları təhvil alarkən Mədətin yanında Gəncə gimnaziyasının tələbəsi Məhəmməd Rəfiyev,[8] gimnaziyanın sinif müəllimi Yaqub Rəfizadə və İsfəndiyar Mehdizadə ermənilər tərəfindən açılan top atəşi nəticəsində həlak olurlar, Mirzə Əliəkbər Hüseynzadə ağır yaralanır. Təsadüf nəticəsində sağ qalan Mədət həmyaşıdı Məhəmmədi güllə yağışı altından çıxararkən öz həyatını təhlükə qarşısında qoyur. Nə qədər çalışsa da Məhəmməd sağ qalmır.[11]

  1. "MK/QİO ilə işğalçı qoşunların say tərkibi, silah və hərbi texnikasına BAXIŞ (FOTOLAR) - I Yazı". 2019-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
  2. Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 93.
  3. Булдаков, 2010
  4. İstiqlal Yürüşü 1918 Arxivləşdirilib 2019-08-07 at the Wayback Machine AĞAYEV YUSİF, ƏHMƏDOV SƏBUHİ səh 100–101
  5. "Mart qırğınlarında ingilis barmağı". 2013-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-31.
  6. 90 il qabaq. Şamxor stansiyası [ölü keçid]
  7. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası", II cild, Bakı, 2005, səh.365–366.
  8. 1 2 Özcan, Ömer. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri // Selim Refik Refioğlu ve soyu üzerine (türk). Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. 89. ISBN 978-9952-508-77-2. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  9. "MK/QİO ilə işğalçı qoşunların say tərkibi, silah və hərbi texnikasına BAXIŞ (FOTOLAR) - I Yazı". 2019-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
  10. Байков, 1923
  11. [1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]