Danışıq dili və ya şifahi dil — xüsusi üslubi səciyyəli funksional sistem; ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir. Ədəbi dildən fərqli olaraq gündəlik ünsiyyətdə işlənən dilin xüsusiyyətləri, adətən, ədəbi dil daşıyıcılarının maqnitofon və əl ilə yazılmış materialları əsasında öyrənilir. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
Ədəbi dil tərkibində danışıq dilinin səciyyəsi şifahi nitqə xas olan aşağıdakı ümumi cəhətlərlə: hazırlıqsız, bədahətən olması, xətti ardıcıllığı, nitq vasitələrinin qənaətlə işlənməsi və özünəməxsusluğu ilə müəyyən edilir. Ədəbi dil və milli dilin tərkibində danışıq dilinin yeri və xarakteri tarixən dəyişir. O, ədəbi dilin şifahi forması şəklində də təzahür edə bilər (məsələn, Homer dövründəki yunan dili). Danışıq dili ədəbi dilin tərkibinə daxil olmaya da bilər (XVI - XVII əsrlər fransız ədəbi dili), yaxud yazılı-ədəbi dilin danışıq tipi ilə qarşılıqlı əlaqəyə girə bilər (müasir Azərbaycan ədəbi dilinin şifahi danışıq növü).
Yazıdanəvvəlki dövrdə danışıq dili ərazi dialekti və ya regional koyne ilə, demək olar ki, üst-üstə düşürdü. Onun ədəbi dil tərkibində regional xarakteri qala da, itirilə də bilər. Bir çox xalqın dil tarixində ümumi şifahi danışıq norması sonrakı dövrün ədəbi dilinin təşəkkülündə əsas kimi çıxış edir. Bir sıra hallarda kitab dili ilə danışıq dili arasındakı əlaqə və münasibət xüsusi əhəmiyyət kəsb edir. Ədəbi dil, adətən, milli şifahi danışıq dili və ya milli dilin hər hansı bir aparıcı dialekti əsasında formalaşır və belə hallarda, adətən, ədəbi dil ilə danışıq dili arasında üst-üstə düşən cəhətlər daha çox olur. Danışıq dili, eyni zamanda ədəbi dilin funksional üslubları ilə də qarşılıqlı əlaqədə olur. Lakin danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:
Danışıq dilinin qrammatik xüsusiyyətləri öz sərbəstliyi ilə ədəbi dildən az-çox fərqlənir. Bu fərqlər sözlərin sırasında, cümlələrin quruluşunda və s.özünü göstərir.
Ədəbi dilin şifahi forması ilə danışıq dili bir-birinə çox yaxındır. Buna görə də ədəbi dilin şifahi formasına aid normaları təyin etmək, dəqiq müəyyənləşdirmək çox zaman çətin olur. Bu çətinlik şifahi ədəbi dillə danışıq dilinin bir-birinə çox yaxın və həm də hər ikisinin hərəki olmalarından irəli gəlir. Geniş çevrədə işlənən şifahi nitqdə dil vasitələri həm danışıq dilindən, həm də funksional üslublardan qaynaqlanır.
Danışıq və yazılı dillərin əlaqələri mürəkkəb bir məsələdir. Hazırda dilçilər arasında mövcud olan konsensusa görə, nitq insanların fitri qabiliyyətidir, yazılı dil isə mədəni ixtiradır.[1]