Şota Rustaveli adına Batumi Dövlət Universiteti

Şota Rustaveli adına Batum Dövlət Universiteti (gürc. ბათუმის შოთა რუსთაველის სახელობის სახელმწიფო უნივერსიტეტი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə yerləşən ali təhsil müəssisəsi. Universitetə orta əsr gürcü şairi Şota Rustavelinin adı verilmişdir.[2][3]

Şota Rustaveli adına Batumi Dövlət Universiteti
ბათუმის შოთა რუსთაველის სახელობის სახელმწიფო უნივერსიტეტი
Şota Rustaveli adına Batumi Dövlət Universiteti (2008)
Şota Rustaveli adına Batumi Dövlət Universiteti (2008)
Xəritə
41°38′59″ şm. e. 41°37′37″ ş. u.HGYO
Əvvəlki adları Kişi Gimnaziyası
Müəllimlər İnstitutu
Pedaqoji İnstitut[1]
Rektor Merab Xalvaşi
Ölkə
Sayt bsu.edu.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Acarıstanda təhsil sisteminin qurulması və inkişafı Gürcüstan cəmiyyətinin uzun müddətdir məşğul olduğu məsələ idi. 1893-cü ildə bölgədə Kişi Gimnaziyası fəaliyyətə başlamışdır. 26–27 iyun 1893-cü il tarixində şəhər bələdiyyəsi tərəfindən Kişi Gimnaziyasına 2.623.95 kvadrat metr ərazi verildi. Layihə hərbi mühəndis Sedelnikov tərəfindən dizayn edilmişdir. Binanın birinci mərtəbəsində idman zalı, ikinci mərtəbəsində kilsə, akt zalı, səkkiz sinif otağı, sənət dərsi, fizika iş otağı, laboratoriya və kitabxana fəaliyyət göstərirdi. Kişi Gimnaziyasında dərslər 1897-ci ilin iyul ayında başlandı. Həmçinin 26 sentyabr 1900-cü il tarixində bölgədə Qız Gimnaziyasının da açılışı baş tutdu. Sonradan Qız Gimnaziyasının binasında Pedaqoji İnstitut fəaliyyətə başladı və burada ibtidai sinif müəllimlərini yetişdirilməsinə başlanıldı.[2]

1935-ci ildə Kişi Gimnaziyasının binasında Müəllimlər İnstitutu açıldı. Müəllimlər İnstitutunun 4 fakültəsi mövcud idi. Bu fakültələrə: Gürcü dili və ədəbiyyatı, fizika-riyaziyyat, tarix, təbiət elmləri və coğrafiya fakültələri daxil idi. Həmçinin 1936-cı ildə Bədən Tərbiyəsi Fakültəsi və 1938-ci ildə Rus Dili və Ədəbiyyatı Fakültəsi də əlavə edilmişdir. 1938-ci ildə instituta Şota Rustavelinin adı verildi. Müəllimlər İnstitutunun ilk direktoru Hüseyn Nakaidze olmuşdur. Tbilisi Dövlət Universiteti başda olmaqla Gürcüstanın digər ali təhsil müəssisələri Müəllimlər İnstitutunun elmi kadrlarla təmin edilməsinə yardım etmişdir. 1943-cü ildə institutda 5 nəfər elmlər namizədi fəaliyyət göstərirdi.

Statistikaya görə ilk ildə instituta 600 nəfər məzun sənəd vermişdir. Məzunlardan 219 nəfər namizəd instituta qəbul edilmişdir.[2]

1945-ci ilin iyun ayında Batumi Müəllimlər İnstitutunun bazasında Pedaqoji İnstitut quruldu. Həmçinin bu dövrdə yenidənqurma prosesi və müəsissədəki avadanlıqların təkmilləşdirilməsi işləri aparılmışdır. 1956-cı ildə binadakı təmir işləri sona çatmış və bina yenidən istifadəyə verilmişdir. Həmçinin 1977-ci ildə yeni binanın tikintisinə başlanılmış və 1982-ci ildə 5 mərtəbəli yeni bina inşa edilmişdir.

Sovet İttifaqının dağılmasından sonra Gürcüstan Nazirlər Kabinetinin 3 sentyabr 1990-cı il tarixli 453 saylı qərarı ilə Batumi Pedaqoji İnstitutunun bazasında Batumi Dövlət Universiteti yaradılmışdır. Həmçinin universitetdəki bölmələrin sayı artırıldı və hüquq, iqtisadiyyat və tibb fakültələri yaradıldı. Ölkədəki təhsil islahatından sonra universitetdə təhsil iki mərhələdən ibarət olmuşdur. Belə ki, universitetdə bakalavr dərəcəsi almaqla yanaşı, magistr dərəcəsi də almaq mümkünləşmişdir. Bəzi fakültələr üzrə asperantura təhsil dərəcəsi almaq da mümkündür.[2]

  1. "ბათუმის შოთა რუსთაველის სახელმწიფო უნივერსიტეტის ისტორია". 12 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2018.
  2. 1 2 3 4 "HISTORY OF BATUMI SHOTA RUSTAVELI STATE UNIVERSITY". www.bsu.edu.ge. BATUMI SHOTA RUSTAVELI STATE UNIVERSITY. 11 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2014.
  3. "Batumi shota rustaveli state university". lifebeyondtourism.org. Life Beyond Tourism. 20 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 December 2014.