Şuşa mədəniyyəti

Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur.

Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir.[1] Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur.[2] Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.[3]

Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa[4][5][6][7], Aşağı Gövhər ağa[8], Saatlı məscidləri[9] və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş[10][11], Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır.[12]

Şuşa şəhərinin memarlıq siması üçün, şəhərin yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı ilə səsləşən mənzərəlik xarakterikdir. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərb tərəfi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qaya daşlarından istifadə edilmişdir.[13]

Şuşa şəhərinin XVIII-XIX əsr mülki memarlığında evlərin həllində çoxobrazlılıq diqqət çəkir; Şuşada inkişaf etmiş şəhər və saray tipli yaşayış evlərinin inşası ilə yanaşı, Azərbaycan ərazisində daha qədim dövrlərdə yayılmış qaradam tipli evlərin inkişaf etmiş forması olan Qarabağ daş qaradamlarının da inkiafı dava etdirilirdi.[14] Şuşanın sıravi yaşayış evləri isə öz memarlıq-planlaşdırma xüsusiyyətlərinə görə Azərbaycanın digər rayonlarında həmin dövrlərdə inşa edilmiş yaşayış evləri ilə eyniyyət təşkil edir.[14]

Plan həlli baxımından Şuşa evlərinin konfiqurasiyasında üç tip müəyyən edilmişdir: düzbucaqlı, Г-formalı və П-formalı evlər.[14] Bu evlərin daxilində otaqların düzülüşü isə adətən oxşar olur. İkinci mərtəbədəki otaqların düzülüşü ya tamamilə birinci mərtəbəni tamamlayır, ya da ona oxşar olur. Hacı Əmirin və Hacı Zalın evindəki kimi ikinci mərtəbənin eyvanı asma və ya sütunlar üzərində inşa edilmiş deyilsə, bu xüsusiyyət həm də eyvanlara aid olur.[14]

XVIII əsrin sonları, XIX əsrin əvvəllərindən etibarən Şuşa evlərində parad girişləri və adətən ikinci mərtəbədə yerləşən qonaq otaqlarının dekoruna xüsusi diqqət yetirilir.[14] Bəzi hallarda isə qonaq otağı, Ordubad evlərindəki balaxana kimi ayrıca həxm formasında həll edilir. [14]

Şuşa evlərinin birinci mərtəbəsi adətən mətbəx kimi xidməti otaqların yerləşdirilməsi üçün istifadə edilir, ərazi qıtlığı müşahidə olunan hallarda isə tövlə də birinci mərtəbəyə sığışdırılır. Bir otaqlı evlər xaric olmaqla, Şuşa evləri bir qayda olaraq iki mərtəbəlidir ki, bu da horizontal inşaatı çətinləşdirən relyef xüsusiyyətləri ilə izah edilir.[15] Mərtəbələr arasında əlaqə daş və ya taxtadan inşa edilmiş xarici pilləkənlər vasitəsiylə həyata keçirilir.

Şuşa və ona yaxın kəndlərin yaşayış tikililərinin memarlığı üçün plan həllinə tabelik və ondan irəli gələn aydınlıq və kompozisiya lakonikliyi xarakterikdir.[15] Evlərin küçəyə baxan fasadı xüsusi işlənmiş giriş və ya darvazaya malikdir. Bu cür giriş əsasən fasadın ümumi memarlıq həcminə daxil edilir, həyət evin arxasında yox, yanında yerləşdikdə isə evdən ayrı yerləşən darvaza inşa olunurdu.[15]

Birinci mərtəbəsinə dükan və anbarlar yerləşən ticarət evlərinin küçəyə baxan fasadları adətən vitrin xarakteri daşıyan geniş pəncərələr və mağazaya giriş üçün nəzərdə tutulmuş geniş qapı şəklində işlənirdi. Daha erkən ev nümunələrində isə fasadlar daha qapalı görünüşə malik olmaqla, pəncərələr aralı yerləşdirilmiş, daha kiçik ölçülərə malik olmuş və bəzi hallarda kor nişlərlə əvəzlənmişdir.[15] Daha sonrakı dövrün evlərinin fasadlarnda isə açıqlıq, plastiklik müşahidə edilir, pəncərələr daha böyük ölçü alır, bir çox evlərdə isə adi şüşə yerinə şəbəkə pəncərələr istifadə olunmuşdur.[15] Küçə fasadlarınn əksinə olaraq, Şuşa evlərinin həyət fasadlarının inşasına xüsusi diqqət yetirilir, fasadın mərkəsinə əksər hallarda daş hörgü ilə kontrast təşkil edən taxta eyvan və ya şəbəkəli pəncərələrdən yığılmış şüşəbənd quraşdırılırdı.[15]

  1. Mattew O'Brien. Uzeir Hajibeyov and His Role in the Development of Musical Life in Azerbaijan. – Routledge, 2004. – С. 211. – ISBN 0-415-30219-6, 9780415302197
  2. Suny, Ronald (1996). Armenia, Azerbaijan, and Georgia. DIANE Publishing. p. 108. ISBN 0788128132.
  3. Şuşa rayonunun ərazisi və təbii sərvətləri, tarixi və memarlıq abidələri Arxivləşdirilib 2019-05-17 at the Wayback Machine, shusha.az, İstifadə tarixi:9 yanvar 2015
  4. "Верхняя мечеть (1883 г.), Шуша, Нагорный Карабах. фотография 25 апреля 2005 года". 2008-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  5. "(Photo #2) Фотография 2006 года". 2007-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  6. "Фотография мечети Говхар-аги на сайте Фонда возрождения Шуши". 2007-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
  7. Верхняя мечеть Говхар-аги. Фотография 2007 года[ölü keçid]
  8. "Ermənilər Şuşanı dağıdır". 21 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 July 2010.
  9. "Karabakh monuments". 6 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 August 2010.
  10. AZE.az — Последние новости Азербайджана, Кавказа, СНГ, мировые новости[ölü keçid]
  11. Полад Бюльбюльоглу посетил дом своего отца в Шуше Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. Day.az
  12. "«Мы с удовольствием установим бюст перед домом поэтессы», — заявил в интервью Day. Az исполнительный директор фонда «Возрождение Шуши» Григор ОГАНЕСЯН". 2014-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  13. Саламзаде, 1964. səh. 169
  14. 1 2 3 4 5 6 Саламзаде, 1964. səh. 170
  15. 1 2 3 4 5 6 Саламзаде, 1964. səh. 171
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.