Əhmədov Əbülfət Misir oğlu (d. 23 dekabr 1946-v.10 dekabr 1998, Azərbaycan Respublikası, Ağcabədi rayonu) — yazıçı-publisist, nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əbülfət Misiroğlu | |
---|---|
Doğum adı | Əbülfət Əhmədov |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (51 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | azərbaycanca |
Əhmədov Əbülfət Misir oğlu 1946-cı il dekabrın 23-də Ağcabədi rayonunda Salmanbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1963).[1]
1966-cı ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır.Sonra Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəsr şöbəsində təhsilini qiyabi davam etdirmişdir (1969-1976).[2]
Əmək fəaliyyətinə Bakı zavodlarında başlamışdır (1964-1965). Azərbaycan LKGİ Ağcabədi Rayon Komitəsində şöbə müdiri, sonra ikinci katib olmuşdur (1965-1968). Əmək müqaviləsi ilə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir (1968-1969).Eyni zamanda Bakı şəhər İcraiyyə Komitəsi idarələrində müxtəlif vəzifələrdə çalışmışdır.1971-1972-ci illərdə "Beyləqan" qəzetində işləyib.1972-1975-ci illərdə Ə.Misiroğlu Azərbaycan Dövlət Televiziyasının "Gənclər" redaksiyasında müxbir,1986-1991-ci illərdə böyük redaktor vəzifəsində çalışmışdır."Yüksəliş" rayon qəzeti redaksiyasının (1975-1977), Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) "Politexnik" qəzeti redaksiyasının əməkdaşı (1977-1984) olmuşdur. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Gənclik" baş redaksiyasının böyük redaktoru işləmişdir.
Bədii yaradıcılığa 60-cı illərdən başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.1991-ci ildə "Ümid" Yaradıcılıq Evini, 1993-cü ildə "İnterfaks" ictimai-siyasi qəzetini və 1994-ü ildə "Günəş kooperativi" dərgisini təsis etmişdir.1996-cı ildə "General doğulmurlar" bədii-tarixi romanı yazıçının sağlığında nəşr etdirdiyi son kitab olur."Azərbaycan oğulları" silsiləsindən olan bu kitab Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən döyüşçülərimizdən bəhs olunur. Keçmiş SSRİ Yazıçılar İttifaqının,SSRİ Politoloqlar və Sosioloqlar Assosiasiyasının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ə.Misiroğlu İraq xalqının tarixən qatlaşdığı əzablara həsr etdiyi əsərlərə görə keçmiş İraq lideri Səddam Hüseyn tərəfindən xüsusi təşəkkür məktubu almış ilk və sonuncu Azərbaycan yazıçısıdır.Keçmiş Çeçenistan prezidenti Cövhər Dudayev tərəfindən Çeçenistanın fəxri vətəndaşı elan olunmuş ilk yazıçımızdır. Əbülfət Misiroğlu 1998-ci il dekabrın 10-da vəfat etmişdir.Ağcabədi rayonunun Salmanbəyli kəndində dəfn edilmişdir.[3]