Əbədi Sükut Dünyası Labirint Muzeyi

Əbədi Sükut Dünyası Labirint Muzeyi― Şəkinin Fazıl kəndində yerləşən yeraltı praktiki arxeologiya muzeyi. Muzey yerləşdiyi ərazinin arxeoloji eksponatlarının mühafizəsini və nümayişini təmin edir.

Əbədi Sükut Dünyası Labirint Muzeyi
Əbədi Sükut Dünyası Labirint Muzeyi 2013-cü ildə
Əbədi Sükut Dünyası Labirint Muzeyi 2013-cü ildə
Əsası qoyulub 2005-ci il mart
Mövzu arxeoloji muzey
Ölkə Azərbaycan
Yerləşir Şəki rayonunun Fazıl kəndində

Əbədi Sükut Dünyası Labirint Muzeyi Azərbaycan Respublikasının Şəki şəhərindən 30 km məsafədə Fazıl kəndində, Təpəbaşı abidəsi ərazisində yerləşir. Muzey Təpəbaşı abidəsinin orta hissəsində olan  təxminən 0,07 ha ərazini əhatə edir.[1]

Muzeyin yaradılması

[redaktə | mənbəni redaktə et]

Əbədi Sükut Dünyası Labirint Muzeyi 2005-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəkiarxeoloji tədqiqatları aparan əməkdaşı görkəmli arxeoloq Nəsib Muxtarovun şəxsi vəsaitləri hesabına yaradılmışdır.[1] Nəsib Muxtarov 1984-2017-ci illər ərzində Təpəbaşı abidəsində aparılan çöl-tədqiqat işlərinə rəhbərlik etmişdir.[2] Tədqiqatlar nəticəsində qeydə alınan bəzi qəbirlər aşkar olunduğu vəziyyətdə qorunaraq qurulan muzeyin içərisində nümayiş olunur. Muzeyin əsas səciyyəvi xüsusiyyəti Təpəbaşı abidəsinin qəbir formalarının yerindəcə saxlanılaraq abidənin bütün təfərrüatları ilə ziyarətçilərə əyani olaraq təqdim olunmasıdır. Muzeyin labirint olaraq adlandırılması onun daxili planının labirinti xatırlatmasından irəli gəlir.[1]

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]
Muzeydə nümayiş olunan antik dövrün keramika məmulatı

Əbədi Sükut Dünyası Labirint Muzeyində 16 ekspozisiya saxlanılır. Bu ekspozisiyalar tapıldığı yerdə olduğu kimi saxlanılan torpaq qəbirlərdən və bir təsərrüfat quyusundan ibarətdir. Ekspozisiyalar divarlarda və dəhlizdə düzəldilmişdir.[3] Nümayiş olunan eksponatlar əsasən dəmirantik dövrün maddi mədəniyyət nümunələrinə məxsusdur. Ekspozisiyada elə artefaktlar da vardır ki, bunlar forma etibarilə son tunc ― ilk dəmir dövrünə tarixləndirilir. Bu eksponatlar əsasən keramika nümunələri ilə təmsil olunur. Bəzi saxsı qab nümunələrində yerli mədəniyyət üçün xarakterik olmayan əlamətlərə təsadüf olunur. Bu qablar dövrün ticarət əlaqələrini (Ellin-Qafqaz Albaniyası) izləməyə imkan verir. Ekspozisiyada Qafqaz Albaniyası tipli silah nümunələri ― nizə ucluqları, xəncər tiyələri, sivri və düz qılınclar, metal və qeyri metaldan hazırlanılmış zinət əyaları ― boyunbağılar, bilərziklər, sinə bəzəkləri, sırğalar və s., müxtəlif təyinatlı keramik qablar saxlanılır. Bunların arasında 3 ədəd qadın formalı bütlər diqqəti cəlb edən əsas tapıntılardan hesab olunur.[4] Muzeydə saxlanılan digər maraq doğuran tapıntılar ostoloji qalıqlardır. Quş, iri və xırda buynuzlu heyvan, at, donuz, balıq və s. aid sümüklər ovçuluq, balıqçılıq, heyvandarlıq haqqında təsəvvür yaradır. Burada ən çox təsadüf edilən ostoloji qalıqlar nəsli kəsilmiş dağ sığırlarına aiddir. Muzeydə sərgilənən bu eksponatlar dəmirantik dövrün sosial-iqtisadi həyatı, dini, mifoloji dünyagörüşü haqqında müəyyən təsəvvürlər formalaşdıran mənbələrdir.[5]

  1. 1 2 3 Muxtarov, Nəsib; Bədəlova, İntizar. Şəki bölgəsində aparılan arxeoloji kəşfiyyat işlərinin qısa hesabatı (Fazıl kəndi, 10 iyun- 03 iyul 2008) (az.). Şəki. 2008. 9.
  2. Alməmmədov, Xəqani. Təpəbaşı nekropolu (az.). Bakı: Azərbaycan arxeologiyası, cild VIII, №1-4. 2006. 63.
  3. Muxtarov, Nəsib; Bədəlova, İntizar. Şəki bölgəsində aparılan arxeoloji kəşfiyyat işlərinin qısa hesabatı (Fazıl kəndi, 10 iyun- 03 iyul 2008) (az.). Şəki. 2008. 10.
  4. ""Əbədi sükut dünyası - Labirint" muzeyindən FOTOREPORTAJ". Oxu.az. 13 İyn, 2023. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  5. Muxtarov, Nəsib; Bədəlova, İntizar. Şəki bölgəsində aparılan arxeoloji kəşfiyyat işlərinin qısa hesabatı (Fazıl kəndi, 10 iyun- 03 iyul 2008) (az.). Şəki. 2008. 11.
  • N.Muxtarov; İ.Bədəlova. Şəki bölgəsində aparılan arxeoloji kəşfiyyat işlərinin qısa hesabatı (Fazıl kəndi, 10 iyun- 03 iyul 2008). Şəki. 2008.
  • X.Alməmmədov. Təpəbaşı nekropolu. Azərbaycan arxeologiyası, cild VIII, №1-4. Bakı, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]