Təpəbaşı nekropolu ― Şəkinin Fazıl kəndində, Əyriçayın hövzəsində yerləşən dəmir və antik dövrə aid qəbir abidəsi. Ötən əsrin 80-ci illərindən qeydiyyata alınan abidə dəmir dövrü və Qafqaz Albaniyası tarixini əks etdirən önəmli mənbə rolunu oynayır.
Təpəbaşı abidəsi | |
---|---|
Təpəbaşı abidəsi | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki |
Yerləşir | Şəki rayonunun Fazıl kəndi |
Əsas tarixlər | dəmir və antik dövr abidəsi |
Təpəbaşı abidəsi Şəki rayonunun Fazıl kəndinin cənub hissəsində, eyni adlı yaşayış yerindən 100-120 m qərbdə, təpədə yerləşir. Təpəbaşı nal formasında şimal-şərqdən cənub-qərbə tərəf uzanan, cənub-qərbdən Əyriçayla tamamlanan, şərq və şimal-şərq, cənub tərəfdə Böyük düz düzənliyi ilə davam edən yüksəklikdir. Şərq və cənub-şərqdən çökəklik, bataqlıq və Əyriçayla sərhədlənir.[1]
Təpəbaşı abidəsi ilk dəfə arxeoloq Nəsib Muxtarov tərəfindən 1984-cü ildə qeydə alınıb.[2] Sonrakı 20 il ərzində abidədə xilasetmə və əsaslı çöl-tədqiqat işləri görülüb. Tədqiqatlar abidənin son tunc ― dəmir dövrü və antik dövrə aid nekropol olduğunu sübut etmişdir. Aparılan uzunmüddətli tədqiqatlar göstərir ki, Təpəbaşı abidəsində əsas dəfnlər küp və torpaq qəbirlərdə icra olunurdu. Ölü sağ və ya sol böyrü üstə olmaqla, qismən bükülü vəziyyətdə dəfn olunurdu. Bəzi qəbirlərdə ölü bütöv şəkildə deyil, sadəcə müəyyən hissələri qəbrə qoyulmaqla dəfn olunub. Qəbirlərin istiqaməti əsasən şimal-qərb olmaqla qeydə alınıb. Qəbirlərin dərinlikləri müxtəlif olub, 45-165 sm arasında dəyişir. Buradakı "zəngin" qəbirlər daha dərində qazılmış və dərinlikləri də sabit olaraq 160 sm kimi qeyd olunmuşdur. Belə qəbirlərin ölçüləri də böyük olub, uzunluğu 200-360 sm, eni 120-180 sm arasındadır. Qəbirlər arası məsafə də çox olmayıb, 40-100 sm-dir. Qəbirlərdə ocaq yerilərinə rast gəlinməsə də, bütün qəbir boyu iri və xırda kömür parçalarına və kül qatlarına təsadüf olunur. Güman ki, dəfndə icra edilən ayin zamanı kül və kömür qatları səpilir.[1] 1996-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəkidə fəaliyyət göstərən əməkdaşları tərəfindən abidə ərazisində “Əbədi sükut dünyası” adlandırılan yeraltı muzey-labirint yaradılmışdır. Muzeyin əsas xüsusiyyəti Təpəbaşı abidəsindən tədqiqatlar zamanı aşkar olunan qəbirlərin öz yerində saxlanılması və orada sərgilənməsidir.[3]
2019-2020-ci illərdə abidədə arxeoloji tədqiqat işlərini t.ü.f.d Zaur Həsənov və Qazaxıstanın görkəmli arxeoloq alimi Zaynolla Samaşevin rəhbərlik etdiyi “Şəki arxeoloji ekspedisiyası” davam etdirmişdir.[4] Qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə ― dəmir dövründən antik dövrə keçidin izləməyə imkan verir.[5]
Qəbirlərə çoxlu qəbir avadanlıqları ― saxsı qablar, silah növləri, tunc və dəmirdən hazırlanılmış müxtəlif təyinatlı əşyalar, kauri və muncuq nümunələri qoyulurdu. Tapıntılar arasında 3 ədəd gil heykəl ― bütlər xüsusi maraq təşkil edir. Bu antropomorf fiqurlar dövrün həm dini, fəlsəfi dünyagörüşü haqqında, həm də Qafqaz Albaniyasının qadın qeyiminin öyrənilməsi baxımından müfəssəl tapıntıları hesab oluna bilər.[6] Təpəbaşında maraqlı qəbir abidələri ilə yanaşı 2020-ci ilin arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri də aşkar edilib. Bunlar antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə, abidədə bir keramika sobası və bir neçə təsərrüfat quyusu müəyyən olunub.[4]