Əbu İshaq əş-Şirazi

Əbu İshaq əş-Şirazi (10031088) — İslam din xadimi, fiqh alimi, Nizamiyyə mədrəsəsinin ilk rəhbəri.[1]

Əbu İshaq əş-Şirazi
Doğum tarixi 1003
Vəfat tarixi 1088

Əbu Həmid əl-Qəzali, əl-Kiyə əl-Hərrasi, Əbuttayyib ət-Təbəri kimi nəhəng din xadimləri ilə bərabər Əbu İshaq əş-Şirazinin (1003-1088) də azərbaycanlı ziyalıların elmli, bilikli fəqih kimi yetişməsində böyük əməyi olmuşdur. Şafii məzhəbi məktəblərindən birinin əsasını qoyan əşari Camaləddin Əbu İshaq İbrahim ibn Əli ibn Yusif Firuzabadi əş-Şirazi fiqhə aid bir çox əsərlərin müəllifidir. Səlcuqların baş vəziri Nizamülmülklə isti münasibətlərinə görə Bağdadda böyük təsirə malik idi. Əşərizmin mərkəzi olan Bağdad Nizamiyyə mədrəsəsində 17 ildən çox fiqh fənnini tədris etmişdir. Əbu İshaq Nizamiyyə mədrəsəsinin ilk müdiri kimi uzun müddət ona başçılıq etmişdir. Bağdada gəlmiş azərbaycanlılardan Əbülqasim Mahmud Yusif ibn Hüseyn əl-Bərzəndi ət-Tiflisi,Əbulvəfa Xəlil ibn Möhsün ibn Məhəmməd əl-Mərəndi, urməvilərdən Əbulqənaim Qanim ibn Hüseyn və Əbülfəzl Məhəmməd ibn Ömərə fiqhi o öyrətmişdi. Bağdadda qazı Əbuttayyib ət-Təbəridən fiqhi mənimsəmiş Qazı Əbülhəsən Əli ibn Həsən ibn Əli əl-Məyanəci ilə fiqhi birgə tədris etmişlər. Əs-Səmani onların münasibəti üçün səciyyəvi olan maraqlı bir fakt haqqında belə yazır:

”Şeyx Əbu İshaq əş Şirazinin qazı əl-Məyanəciyə göndərdiyi bir məktub gördüm. Sərlövhəsində yazılmışdı: “Fikirlərinə şərik olan, onunla fəxr edən və ona duaçı olan İbrahim ibn Əli əl- Firuzabadi”.

Əbu İshaqın şəriət fənnindən dərs dediyi tələbələrdən Əbülfəz Məhəmməd əl-Urməvi Aqul 4 şəhərində məhkəmə işlərini idarə etmişdir.

Fiqhi məsələlərdə imam sayılan Əbubəkr Zəncəvinin dərs yoldaşı şeyx Əbu İshaq Şirazi olmuşdur. Fiqhi Bağdadda Qazı Əbutəyyib ət-Təbəridən öyrənmişdir. “Azərbaycanın böyüklərindən olan” (əimmətu əshab əş-şafiiyyə) olan Əbu-r-ruh Fərəcibn Übeydullah ibn Xələf əl-Xoyi şafii əshabələrinin imamlarından idi. O, Bağdadda Əbu İshaq əş Şirazidən təhsil alandan sonra öz şəhərinə qayıtmış və orada mədrəsə açmışdı.[1]

  1. 1 2 "Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015, s. 99-100" (PDF). 2021-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015.