Nizamülmülk

Nizamülmülk, tam adı Əbu Əli Əl-Həsən ət-Tusi (Ərəbcə: نظام الملك، ابو علي الحسن الطوسي / Nizāmu'l-Mulk Əbū ʿAli əl-Həsən ət-Tūsī; Farsca: خواجه نظام‌الملک طوسی / Xacə Nizāmülmülk Tūsī; 10 aprel 1018[1][2][…], Tus, Qəznəvilər dövləti[5]14 oktyabr 1092[3][4][…], Səhnə, Böyük Səlcuq imperiyası) — Səlcuq Dövlətinin baş vəziri və "Siyasətnamə" adlı kitabın müəllifi, fars[7]siyasətçisi, tarixi şəxsiyyət.

Nizamülmülk
Doğum adı الحسن بن علي بن إسحاق الطُوسي
Doğum tarixi 10 aprel 1018[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 1092(1092-10-14)[3][4][…] (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bıçaq xəsarəti[d][5][6][…]
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb.

Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist olub. Nizamülmülkün bu xüsusda "ilk kövrək addımları" barədə "Vəzirin tərcümeyi-halı" adlı bir kitabda yazılır: "Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: "Ey Həsən, yaman kökəlibsən". Sonra nəyi varsa əlindən alıb deyərdi: "Sən katibsən, qələmin sənə bəsdir". Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı". Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s. dərindən öyrənmişdi. Dövlət işləri üçün önəmli fəaliyətləri olsa da, öz məqsədinə çatmaq üçün heç bir tədbirdən, yeri gələndə xəyanət və cinayətlərdən də çəkinmirdi. Nəhayət, öz rəqiblərini bir-bir vuraraq vəzirliyə kimi yüksəldi.

Nizamülmülk və Həsən Sabbah

[redaktə | mənbəni redaktə et]

Səlcuq dövlətində özünə yer tutmaq üçün fars zadəganları xüsusi canfəşanlıq göstərirdilər. Hətta belə rəvayət var ki, Ömər Xəyyam, Həsən Sabbah və Nizamülmülk orta məktəbdə oxuyanda söz verirlər ki, əgər biri mövqe qazansa, o birilərini himayə etsin. Amma Həsən Sabbahla Nizamülmülk arasında olan münasibətin dostluğa heç bir dəxli yoxdur. Belə ki, Sabbah saraya gələndən bir az sonra Nizamülmülklə toqquşmalı olur. Məlumata görə, vergi və maliyyə işləri ilə tanış olan Həsən Sabbah bu qərara gəlir ki, çoxlu yeyinti və mənimsəmə var, bunları üzə çıxarsa, özünə yaxşı mövqe qazana bilər. O, saraya Nizamülmülkün təqdimatı ilə gəldiyindən böyük nüfuz qazanmışdı. Amma bu, Nizamülmülkdə qısqanclıq doğurur. Bir gün Sabbah sultanın qulağına çatdırır ki, maliyyə işlərində yoxlama aparmaq lazımdır. Təcrübəli Nizamülmülk yoxlamaya altı ay vaxt lazım olduğunu deyir. Həsən Sabbah isə iki həftə vaxta bu işi çözəcəyini bildirir. Hesabatın belə qısa müddətdə baş tutması Nizamülmülkün sonu demək idi. Ona görə o, yaxın adamlarını Sabbahın qrupuna daxil edir. Onlar hər şey haqda onu xəbərdar edir, sonra vərəqləri bir dəftərdən başqasına qoymaqla hər şeyi pozurlar. Hesabat günü məlum olur ki, hər şey alt-üstdür. Sabbah rüsvay olur və şahın hüzurundan qovulur. Bundan qeyzlənən Həsən əvvəl Misirə qaçır, sonra Ələmut qalasına çəkilir, gizli terrrorçu təşkilat yaradır və səlcuqilərə qarşı mübarizə aparır. O, türklərlə mübarizə üçün çox orijinal metod seçir: elan edir ki, türklər Adəmdən əmələ gəlməyiblər. Onlar cindən törəyiblər və onları və onlara xidmət edənləri öldürməklə cənnətə düşmək olar. O, Nizamülmülkə də "borclu qalmır". Ömrünün qoca çağlarında vəzir onun göndərdiyi terrorçunun əli ilə öldürülür. Bu barədə sonra.

Nizamülmülk atlı, hamı piyada

[redaktə | mənbəni redaktə et]

Nizamülmülk Səlcuqilər dövlətinin möhkəmlənməsi üçün əlindən gələni etsə də, fars aristokratlarını, öz yaxınlarını işə düzəltmək xüsusunda çox diribaş tərpənirdi. On iki oğlunun hamısına yaxşı vəzifə vermişdi. Bəzən onun əməlləri o qədər qabarıq olurdu ki, adamları qıcıqlandlırıdı. Saraya şikayətlər gedirdi. Deyilənə görə, hətta bir dəfə Alparslan şah namaz qılan vaxtı qabağına imzasız bir şikayət məktubu atıblar. Məktubla tanış olan sultan Xacəni çağırıb belə deyib: "Əgər doğru söyləyirlərsə, əxlaqını düzəlt, iftiradırsa, onları bağışla və bu kimi şeylərə vaxt tapmamaları üçün mühüm işlərlə məşğul elə". Amma Nizamülmülk bu böhrandan da çıxır.

11-ci əsrin sonuna doğru Səlcuqilərin nüfuzu daha da artmışdı. Məlikşah özünə vəliəhd seçmək qərarına gəlmişdi. Bu yandan da xəlifə Müqtədi hakimiyyətini möhkəmləndirmək üçün Məlikşahla qohum olmaq fikrinə düşmüşdü. Lakin xəlifənin vəziri 1082-ci ildə İsfahana gələndə şahın iki yaşlı oğlu Davud ölmüşdü. Bu səbəbdən bütün şəhər matəmə batmışdı. Türklər atlarının quyruğunu kəsmiş, yəhərlərini tərsiniə çevirmiş, qara geyinmişdilər. Qadınlar saçlarını yolurdular. Sultan günlərlə heç nə yemir, uşağı basdırmağa qoymurdu. Xəlifə bu xəbəri eşidəndə Bağdadda üç günlük matəm elan eləmişdi. Xəlifənin elçi gələn vəziri bu məsələni necə həll edəcəyini bilmədiyindən Nizamülmülklə məsləhətləşir. O isə vəziri Məlikşahın yox, baş hərəm Türkan xanımın yanına göndərir. Türkan xanım müəyyən şərtlərlə, xüsusən toyun səlcuq qaydası ilə keçirlməsi şərti ilə razılıq verir. O vaxt Nizamülmülkün qızın "hə" cavabının alınmasındakı xidmətləri xəlifə tərəfindən yüksək qiymətləndirilir. Bu barədə Nizamülmülk özü belə yazır: "Kəbin kəsiləcək gün Sultan əmr etdi ki, dünyanın hər yerindən dəvət edilmiş bütün əyan-əşraf xəlifənin hüzuruna piyada getsin. Xəlifə bunu eşitcək adam göndərib xəbər çatdırdı: "Nizamülmülk atlı, qalan hamı piyada gəlməlidir". Xacə sonra yazır: "Alim və böyüklərin sayı qədər xələt gətirmişdilər.. Mənim xələtim çox naxışlı və bəzəkli idi. Üzərində yazılmışdı: "Dünyanın alim, adil vəziri Rəziyy (xoşbəxt) Əmirəlmöminin Nizamülmülkə".

Vəzirin yuxusu

[redaktə | mənbəni redaktə et]

Nizamülmülkə göstərilən bu lütf, şübhəsiz, Məlikşahın qüdrət və əzəmətinə göstərilən hörmət idi. Səlcuqilər böyük bir imperiya yaratmışdılar. Alparslanın zamanında bu dövlət Amu Dəryadan Fərat çayına qədər uzanmışdı. Azərbaycan və Qafqazla yanaşı, Suriya və Fələstin də bu dövlətin ərazisində idi. Amma Xacənin də bu uğurlarda öz xidməti var idi. Nəticədə onda bir lovğalıq, təkəbbür hissləri baş qaldırır, batinində şeytani hisslər canlanır. Bu xüsusda onun yuxusu maraqlıdır: "Xəlifənin hüzurundan qayıdandan sonra gecə yatdım. Yuxuda gördüm ki, haman taxt daha uca bir yerdə qoyulub, əynimdə haman xələt, oturmuşam. Lakin tək-tənhayam. Dəhşət məni bürüdü. Birdən son dərəcə eybəcər və çirkin bir adam mənim yanımda, taxtın üzərində oturdu. Üfunətdən bağrım çatlayırdı. Bir az keçməmiş ondan da üfunətli bir başqası peyda oldu…" Bu yuxunu o, dalbadal üç gecə görür. Hər səhər çoxlu sədəqə paylayır. Nəhayət, dördüncü gecə üzlərindən nur tökülən adamlar peyda olur, eybəcərlərsə yox olur. Xacə onlardan: "Siz kimsiniz, onlar kim idilər?" deyə soruşur. Belə cavab verirlər: "Biz sənin dünyadakı xoş əməllərin, onlar isə bəd əməllərin idi".

"Ustadımın kefi necədir?"

[redaktə | mənbəni redaktə et]

Rəvayətə görə, Nizamülmülkün Mousili adlı bir ustadı olub. Xacə onu öz xidmətində saxlayar, münəccim kimi ondan faydalanar, tez-tez məsləhətləşər, mühüm işlərdə onun rəyini öyrənərmiş. Nəhayət, Mousili qocalır, taqətdən düşür və işləyə bilmədiyindən istefa verib Nişapurda öz evində yaşamağa başlayır. Onunla ayrılmaq Xacə üçün çətin olduğundan və ustadın sözünə son dərəcə inandığından getməzdən əvvəl Nizamülmülk ondan soruşur: "Ustad, deyə bilərsənmi, mənim ömrüm nə vaxt başa çatacaq?" Mousili deyir: "Mən öləndən altı ay sonra". Bundan sonra o, Nizamülmülkə illik təqvim göndərər, ilin necə, nə üstündə təhvil olunacağını, hansı gün özünü necə aparmaq lazım gəldiyini yazarmış. Nizamülmülk onun uzun ömür sürməsi üçün xeyli təqaüd ayırır, çünki özünün ömrünün ondan asılı olduğunu düşünürdü. Nizamülmülk onun səhhəti ilə çox maraqlanırdı. Saraya Nişapurdan gələn olanda birinci sualı bu olurdu: "Mousili necədir?" Onun sağ-salamat olduğunu eşidəndə kefi kökələrdi. 1092-ci ilə qədər belə davam edir. Bu vaxt Nişapurdan bir adam gəlir. Xacə yenə ilk olaraq Mousilini soruşur. Nişapurlu baş əyib deyir: "İslam başçısının ömrü uzun olsun, Mousilinin ruhu göylərə pərvaz etdi". Demə, onun ustadı altı aya yaxın müddət əvvəl dünyasını dəyişibmiş…

"Zalımların ən yaxşısı"

[redaktə | mənbəni redaktə et]

Nizamülmülk bu xəbəri eşidəndə çox kədərlənir. Demək, ölüm qapının ağzını kəsdirib. O, öz işlərini qaydaya salır. Torpaqlarını müxtəlif adamlara paylayır, qullarını azad edir. Borclarını qaytarır. Dostları, düşmənləri ilə görüşüb halallıq alır. Vəsiyyətnamə yazır. Bir sözlə, islam qaydası ilə ölümə hazırlaşan adamın edəcəyi hər işi görür. Ən maraqlısı isə onun o dövrəcən Şərqdə olmayan "Məhzər" yazdırmasıdır. Məhzər indiki terminologiya ilə rəy sorğusu deməkdir. Bu dəftərdə hər kəs Xacə haqqında öz rəyini, düşündüklərini, onu necə insan hesab etməsini yazır. Nəhayət, dəftər gedib çıxır "Nizamiyyə" mədrəsəsinin rəhbəri Firuzabadiyə. Mədrəsə müdiri çox qısa şəkildə Nizamülmülkü belə xarakterizə edir: "Həsən xeyrüzzələmə" — yəni Həsən (Nizamülmülk) zalımların ən yaxşısıdır. Dəftər Nizamülmülkün əlinə çatanda oxuyur və Firuzabadinin sözlərinə çatanda deyir: "Böyüklərdən heç kəs onun qədər düz yazmayıb"… Ustadının dediyi kimi də olur. Çox qısa zaman ərzində Nizamülmülk dünyasını dəyişir. Onun Həsən Sabbahın terrorçuları tərəfindən öldürülməsi fikri çox geniş yayılıb. Deyilənə görə, qatil Nizamülmülk camaatın içinə çıxanda məktub vermək adı ilə ona yaxınlaşıb və xəncərlə onu öldürüb.

"Siyasətnamə" haqqında

[redaktə | mənbəni redaktə et]

Xacə Nizamülk Həsən ibn Əli Səlcuq sultanlarından olan Alp Arslan və Məlikşahın vəziri olmuşdur. Nizamülmülk sələflərinə nisbətən yeni işlər görmüşdü. O, dünyaya "Siyasətnamə" əsərini bəxş etmişdir. "Siyasətnamə" XI əsr vəziri Nizamülmülkün dövləti idarə etmək haqqında kitabıdır. Nizamülmülk vəzirlikdən düşdükdən sonra bu əsəri yazmışdı. "Siyasətnamə" əsərini 1076-cı ildə tamamlamışdır. O, bu əsəri yazıb bitirdikdən sonra Məlikşaha vermişdi. Bu əsərə 15, 16-cı fəsilləri katib Əlməyənə artırmışdı. "Siyasətnamə" Səlcuq dövründən qalmış ən mötəbər, ən gözəl əsərdir. "Siyasətnamə" vergi qayda-qanunları, hərbi quruluşunu və bir sıra qanunları öyrənmək üçün çox böyük material verir. Orada elə ibrətamiz hekayələr vardır ki, min il bundan əvvələ aid olmasına baxmayaraq öz keyfiyyətini itirmir. Nizamülmülk təriqətlərə qarşı həssasdır. Xüsusən Nizamülmülk İsmayili təriqəti və şiələrə qarşı təkzibkeşlik edirdi. Keçmiş dövrdə də hakim təbəqəyə, dövlətə qarşı çıxışlar din adı altında gedirdi. Nizamülmülk vəzir olduğundan dövləti ixtişaş və çevrilişlərdən qorumaq üçün dini təəsübü silaha çevirirdi. Nizamülmülk Səlcuq dövlətində vəzir olarkən Azərbaycan da Səlcuqlara daxil idi. Bu səbəbdən də "Siyasətnamə" 11-ci əsr Azərbaycan tarixini öyrənmək üçün önəmli əsərdir. Nizamülmülkün "Siyasətnamə" əsəri daha sonralar da ədəbi abidə kimi itifadə olunmuşdur. Nizamülmülk "Siyasətnamə" əsərinin IV–V fəsillərində Məzdək hərəkatı, onun təriqəti, nəhayət I Xosrov tərəfindən hərəkatın yatırılması və Məzdəkin öldürülməsi haqqında məlumatlar verir. Həmçinin Nizamülmülk özünün "Siyasətnamə" əsərində Novruzu yazın gəlişi ilə bağlı kütləvi xalq bayramı kimi təqdim edir. Əlavə olaraq bu əsrarəngiz əsərdə Nizamülmülk haqqında geniş məlumatlar da verilmişdir. Nizamülmülkün "Siyasətnamə" adlı siyasi traktatından "bidətçilər" və xalq üsyanları haqqındakı fəsillərdə də geniş məlumatlar əldə etmək olar. "Siyasətnamə" əsərində bir rəvayət Nizami Gəncəvinin yazdığı "Həft Peykər" əsəri ilə oxşardır. Həm Siyasətnamədə və həm də Həft Peykər əsərində eyni sujet xətti nəql edilib. Bu əsərlər arasında fərq vəzirin adının başqa adlar olmasından ibarətdir. Həft Peykər əsərində vəzirin adı Rast Rövşən, Siyasətnamə də isə Rast Rəvişdir. Nizamülmülkün Siyasətnamə əsəri Azərbaycan dilinə RəhimSultanov tərəfindən tərcümə edilmişdir və 1987-ci ildə çap olunmuşdur

"Siyasətnamə"dən parça

[redaktə | mənbəni redaktə et]

Padşahların Allah-taalanın verdiyi nemətlərin qədrini bilmələri haqqında

Xalqın dühası şahın dühası ilə birləşəndə ölkə möhkəmlənər, günü-gündən inkişaf edər, dövlət qapıları açılar və xoşbəxtlik hökmdarın üzünə gülər; bu dünyada yaxşı ad qazanar, o dünyada hesabı yüngül olar. Odur ki, deyiblər: "Dövlət küfr ilə dağılmaz, zülm ilə dağılar". Rəvayət. Deyirlər Abdullah bin Ömər əl-Xəttab (Allah onların hər ikisindən razı olsun) atası can üstündə olarkən ondan soruşdu: "Ey ata, səni nə vaxt görəcəyəm?" Dedi: "O dünyada". Dedi: "Tez istəyirəm". Dedi: "Ya birinci, ya ikinci, ya da üçüncü gecə yuxuda görəcəksən". On iki il keçdi, lakin onu yuxuda görmədi. On iki ildən sonra onu bir dəfə yuxuda gördü və soruşdu: "Ata, sən deməmişdinmi ki, üç gecədən sonra səni yuxuda görəcəm?" Dedi: "Başım qarışıq idi, oğul. Bağdadın kənarında bir körpü uçmuşdu, məmurlar onu təmir etməmişdilər. Körpüdən keçəndə bir qoyunun ayağı deşiklərdən birinə keçib sınmışdı. İndiyə qədər onun cavabını verməklə məşğul idim". Dünyanın hökmdarı bilməlidir ki, ondan hökmü altında olan camaatın cavabını o böyük gündə soruşacaqlar və başqasının boynuna atsa, qəbul etməyəcəklər. İndi ki belədir, şah xalqın işindən qafil olmamalıdır. Açıq və gizli məsələləri bilməli, xalqın qeydinə qalmalı, uzun əlləri qısaltmalı, zalımların zülmünün qarşısını almalıdır. Onda Allahın köməyi ilə onun dövləti güclənər, çörəyi bərəkət tapar, ölkədə bolluq olar".

  1. 1 2 Swartz A. Nizam al-Mulk // Open Library (ing.). 2007.
  2. 1 2 NIẒĀM AL-MULK // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  3. 1 2 Nizam al-Mulk // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Nisam al-Mulk // Brockhauz Ensiklopediyası (alm.).
  5. 1 2 3 https://www.aljazeera.net/midan/intellect/history/2019/6/23/%D9%86%D8%B8%D8%A7%D9%85-%D8%A7%D9%84%D9%85%D9%84%D9%83-%D8%A7%D9%84%D8%B7%D9%88%D8%B3%D9%8A-%D9%85%D8%A7%D8%B0%D8%A7-%D8%AA%D8%B9%D8%B1%D9%81-%D8%B9%D9%86-%D8%A7%D9%84%D9%88%D8%B2%D9%8A%D8%B1.
  6. https://islamonline.net/archive/%D8%A7%D9%84%D9%88%D8%B2%D9%8A%D8%B1-%D9%86%D8%B8%D8%A7%D9%85-%D8%A7%D9%84%D9%85%D9%84%D9%83-%D8%A7%D9%84%D8%B7%D9%88%D8%B3%D9%8A/.
  7. "Niẓām al-Mulk. Encyclopædia Britannica. 2008. Encyclopædia Britannica Online". 2012-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-18.