Nizamiyyə mədrəsəsi — Bağdad şəhərində 1067-ci ildə açılmış mədrəsə.[1]
Nizamiyyə mədrəsəsi | |
---|---|
Ölkə |
Mədrəsə sözü ərəbcə "dərəsə-oxumaq, anlamaq, bir mətni öyrənmək və əzbərləmək üçün təkrarlamaq" kökündən olub "dərs deyilən yer" deməkdir. Bu sözdən "tədris", "müdərris"("dərs deyən"), midrəs ("Quran oxunan yer") və s. kimi terminlər yaranmışdır. İslamın yayıldığı ilk dövrlərdə ayrı-ayrı ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcə də böyük məscidlərdə daimi məktəb və ya mühazirə kursları mövcud idi. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər h. IV/IX əsrlərdə Xilafət Şərqində (Mərkəzi Asiya və Xorasanda) yaranmış, daha sonra isə oradan qərb vilayətlərinə keçmişdi.[2]
Mədrəsə təsisatı Səlcuqların hakimiyyəti illərində özünün çiçəklənmə dövrünü keçirirdi. Bəzi tədqiqatçıların (C. Maqdisi və K. Klauzner) fikrincə, səlcuqilər bu mədrəsələri yalnız inzibati idarəetmə kadrlarının hazırlanması məqsədilə yaratmışdılar.[3] Lakin, tədris prosesində gələcək inzibatçılar özlərinin fəaliyyəti üçün vacib olan elmləri və təcrübəni almırdılar. C. Maqdisi mədrəsəni bitirən şəxslərin aldığı geniş əhatəli vəzifələri sadalayarkən qazı vəzifəsindən başqa hökumət xidməti ilə bağlı heç bir vəzifənin adını çəkmir. Qazı vəzifəsi isə dini xarakter daşıyırdı. Bununla belə Maqdisi göstərirdi ki, mədrəsədə təlim almış şəxs fiqhdə, yəni qanunvericilikdə-hüquqşünaslıqda məlumatı olan şəxs hesab olunurdu. O, məhkəmədə qazı vəzifəsində çalışa bilər, mədrəsədə müdərris kimi tədris hissəsinə başçılıq edə bilərdi. Bağdad Nizamiyyə mədrəsəsinin yaradılması dövrün tələbi idi. Qahirədəki şiə ismailiyyə universiteti müqabilində yaranan Nizamiyyə adlanan tədris müəssisəsi sonralar bütün müsəlman dünyasına yayılmışdı.
İ. Filştinskiyə görə, Nizami mədrəsəsinin yaranması hər cür dini azad fikirliyin qarşısını almaq tələbatından yaranmışdır.[4] Artıq dini münaqişələr silah gücünə deyil, elmdən istifadə yolu ilə həll edilirdi. Çünki Nizamiyyədə olan ab-hava əl-Cahiz vaxtındakı Bəsrə məscidinə xas olan alimlərin azad və sərbəst fikir mübadiləsindən fərqlənirdi.
Müasir ərəb tarixçisi Əbu Hac Məhbubə haqlı olaraq yazırdı ki, Nizamülmülk əleyhdarlarını zəif salmaq üçün silahdan əlavə elmdən də istifadə edirdi. A. Müllerə görə isə onun bu siyasəti yeritməsi özünün fars əsilli olaraq dini təəssübkeşliyi ilə bağlı idi və o bununla özünün fars milli mənliyinə iltifat göstərirdi. Qeyd etmək lazımdır ki, Nizamiyyənin sünnilik tərəfdarı olan rəhbərləri hər şeydən çox tələbələrin müstəqilliyindən qorxurdular. Lakin, hər-halda dini münaqişələri həll etməklə bərabər mədrəsənin üzərinə hər şeydən əvvəl daha böyük bir missiya — elmi inkişaf etdirmək missiyası düşürdü. Məlikşahın Bağdaddakı Nizamiyyə mədrəsəsinin rəisi Əbu İshaq Şiraziyə göndərdiyi məktubda bunun təsdiqini tapmaq olar. O yazırdı: "Nizamiyyə mədrəsəsi məzhəb münaqişələri üçün deyil, elmi inkişaf etdirmək üçündür".[1]
Alp Arslanın hakimiyyəti illərində onun vəziri Nizamülmülkün təşəbbüsü ilə bütün iri şəhərlərdə "Nizamiyyə" mədrəsələri açıldı. 1067-ci ildə açılmış Bağdad Nizamiyyə mədrəsəsi əslində orta əsrlərin ilk universiteti sayıla bilər. Hətta şah özü əsas məqsədin qorunmasına nəzarət edir, müəyyən kənara çıxmalar, təriqətçilik təzahürləri olduqda onu aradan qaldırmaq üçün göstərişlər verirdi. Professor R. Sultanov türk tarixçisi Osman Turana istinadən yazır: "Məlikşah Bağdaddakı Nizamiyyə mədrəsəsinin rəisi Əbu İshaq Şiraziyə göndərdiyi məktubda yazırdı: "Nizamiyyə mədrəsəsi məzhəb münaqişələri üçün deyil, elmi inkişaf etdirmək üçündür"[5][6].
Bağdadda tikintisinə 200 min dinar sərf edilən Nizamiyyə mədrəsəsində 6000 tələbə təhsil alırdı. Bu mədrəsə öz yeni keyfiyyətlərinə görə Şərqdə mövcud olan mədrəsələrdən tamamilə fərqlənirdi. Onu sözün əsl mənasında orta əsrlərdə dünyada təşkil olunmuş universitetlərin ən mükəmməli adlandırmaq mümkündür. Burada dilçilik, tibb, tarix, məntiq, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, ritorika, riyaziyyat, astronomiya, ilahiyyat kimikimi dünyəvi və dini elmlər tədris olunurdu. Nizamiyyə mədrəsəsində təhsil pulsuz idi, müəllimlərə isə dövlət hesabına aylıq maaş verilirdi. Müəllimlərə mühazirə zamanı tamamilə sərbəstlik verilmişdi və onlar tədris üslubu seçməkdə müstəqil idilər. Bundan əlavə, mədrəsədə dərs deyən müəllimlər tələbələrinə özləriyazdıqları əsərlərdən dərs keçirdilər. Dərslər asandan çətinə, sadədən mürəkkəbə prinsipi əsasında qurulmuşdu. Tələbələrə əvvəlcə dilçiliyin əsasları öyrədilir, daha sonra müxtəlif nəzəri elmlər tədris olunurdu. Fiqh və onun üsullarının öyrədilməsi"Nizamiyyə" də təhsilin son mərhələsini təşkil edirdi.[1]
Alimlərin həqiqəti üzə çıxarmaq məqsədilə keçirdiyi diskussiyalar bu mədrəsələrə başqa ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan alimlərini cəlb edirdi. Onlar mədrəsədə müxtəlif vəzifələrdə çalışaraq onun davamlı fəaliyyətində yaxından iştirak edirdilər. Təsadüfi deyil ki, "Nizamiyyə" mədrəsəsinin tikintisi başa çatan kimi Nzamülmülk bu dövrdə dərin bilikli, ərəb dili sahəsində kamil əsərləri olan azərbaycanlı Xətib Təbrizini mədrəsə kitabxanasının müdiri[7], eyni zamanda İ. Y. Kraçkovskinin təbirincə desək, onu ədəbiyyat kafedrasının "professoru" təyin edir. Qeyd etmək lazımdır ki, kitabxana rəhbərinin seçilməsi məsələsində bəzi meyarlar mütləq nəzərə alınırdı. Belə ki, bu vəzifəni icra edən şəxslər dərin təfəkkürə malik olmalı, kitablar barədə məlumatlı olmalı idilər. Rəşidəddinin yaratdığı "Rəbi-Rəşidi" elm və mədəniyyət mərkəzində hətta digər şərtlər də qoyulmuşdu. Kitabxananın açarının daşıyıcısı subay, əməlisaleh, arif, mömin və dindar olmalı idilər. Əgər bu vəzifədə olan evli olardısa, ailəsindən ayrı olmaqla "Rabi Raşididə" yaşamalı və ailəsi iləəlaqədə olmamalı idilər.[1]