Əcəm İraqı və ya İraq-i Əcəm (fars. عراقِ عجم İraq-i Əcəm, ərəb. عراق العجم İraq əl-Əcəm) — İranın qərbində tarixi bir bölgədir. Bu gün İran sərhədləri daxilində qalır. Qərbdən Zaqros dağları şərqdən Kəvir səhrası, şimaldan Əlborz dağlarına dayanır. Kirmanşah, Həmedan, İsfahan, Rey, Qəzvin və Kaşan, Qum, Təfriş bu bölgənin əsas şəhərləri olmuşdur.
Əvvəlcə İslamdan əvvəlki dövrlərdə Midiya ərazisi olaraq bilinən bölgə, dağlıq yerləşməsi səbəbindən ilk İslam coğrafiyaçıları tərəfindən Cibal ("dağ, təpə") olaraq tanınmışdır. 11-12-ci əsrlərdə, Səlcuq dövründə bu ad tədricən tərk edildi və ərazini Mesopotamiyadakı İraq-i ərəbindən ("Ərəb İraqı") fərqləndiməl üçün İraq-i Əcəm ("Əcəm İraqı") adlandırıldı.[1]
Orta əsr tarixçisi və coğrafiyaşünası Yaqut əl-Həməvinin dediyinə görə, bu adlandırma Səlcuq sultanlarının həm İraqı, həm də Cibalı idarə etdiyi və bununla da "sultan əl-İraq" adlandığı zaman başlamışdır. Lakin bir müddət sonra Cibaldakı Həmədan şəhəri onların paytaxtına çevrildi və nəticədə bölgə Əcəm (keçmişdə ərəb olmayanlara, xüsusən farslara deyilirdi) İraqı kimi tanınmağa başladı.[2] 13-cü əsrdə Monqolların İrana hücumundan sonra Cibal adı tamamilə köhnəlmişdi. Sonrakı əsrdə coğrafiyaçı Həmdullah Qəzvini Cibal adından xəbərsiz idi və ərazini yalnız İraq-i Əcəm olaraq adlandırırdı.[2]
Osmanlı İmperiyası sultanı Süleyman Qanuninin İraqa səfərində Ərəb İraqı ilə birlikdə Əcəm İraqı da ələ keçirildi.
Sonralar, 20-ci əsrin əvvəllərinə qədər İrandakı İraq termini, Savə şəhristanının cənubu və Qumun qaərbi üçün daha kiçik bir bölgəyə aid idi. Bu bölgə hal-hazırda Ərak adlandırılan Sultanabadın mərkəzində idi.[3]